525.Az

Oyunun içində və "çölündə" - Taleh Eminoğlu yazır


 

Oyunun içində və "çölündə" - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

İnsan övladının neçə yaşında olursa olsun vaz keçə bilmədiyi fəaliyyətdir oyun. Təkcə fəaliyyətdirmi? Bu suala cavab vermək üçün oyunun necə formalaşdığını, özündə nəyi ehtiva etdiyini bilmək lazımdır.

Oyunun yaranması insanın formalaşmasından da qədimdir. İnsan yer üzündə addımlamazdan əvvəl artıq heyvanlar öz aralarında oyunlar oynayırdı. Bunu bu gün də xüsusilə bala heyvanların oynaşmalarında müşahidə etmək olur. İnsan oyuna heç bir təməl xüsusiyyət əlava etmədən heyvanlarda gördüyü bu fəaliyyəti sadacə zamanla mənimsəmişdir. Lakin heyvandan fərqli olaraq şüura sahib insan, oyunu dərk etmiş və demək olar ki, bütün sahələrdə ondan istifadə etmişdir. Elə ona görədir ki, oyunun mədəniyyətdən, sivilizasiyadan əvvəl meydana çıxdığı deyilir.

Oyunun özündə nəyi ehtiva etməsi, mahiyyətinin nə olması barədə də müxtəlif fikirlər var. Kimilərinə görə onun əsas xüsusiyyəti həyat enerjisini balanslaşdırması, kimilərinə görə isə insanın təqlid etmək instinktini yerinə yetirməsidir. Oyunun mahiyyəti haqda fikirlər bununla yekunlaşmır. Oyunun, fərdin nəfsinə sahib olmaq bacarığını əldə etməsi üçün bir vasitə olduğunu, zərərli instinkləri yox edib, yerinə faydalı olanları gətirdiyini, arzu etmək duyğusunu yaratdığını, fərdi dəyər hissini qorumağa hesablanmış fəaliyyət olduğunu xarakterizə edən nəzəriyyələr də mövcuddur. Bütün bu nəzəriyyələrin, fikirlərin yaranması isə bir nöqtədən başlayır - oyun, oyun olmayan bir şeyə xidmət edir və təkcə bioloji məqsədlər daşımır.

Oyunun necə formalaşdığını, özündə nəyi ehtiva etdiyini göstərən bu sadaladığım xüsusiyyətlərdən yola çıxaraq demək olar ki, oyun adi, sadə fəaliyyət deyil. Onun hələ açılmamış, insan tərəfindən dərk edilməmiş bir çox qatı var. Məsələn, oyunun niyə əyləncəli olduğu, insanın ondan asılı qaldığı sualı hələ də açıq olaraq qalır. Qalib gələrkən sevinir, məğlub olarkən məyus oluruq. Ani də olsa bəzən həyatımız oyundan asılı olur. Qumarbazlar oyun ehtiraslarının əlində əsirə çevrilir, məğlubiyyət belə onları oyundan ayıra bilmir, əksinə, bu ehtirası daha da alovlandırır, əsirlik müddətini sona qədər uzadır.

Bir zamanlar bəşəriyyət oyunlarla iç-içə idi. Başqaları ilə ünsiyyət qurmaq, əmr vermək, əmrə tabe olmaq, öyrətmək və öyrənmək dil sayəsində söz oyunları ilə reallaşırdı. Oyun bütün insanların həyatında idi. Bu gün o dövrdən qalmış izləri siyasətdə, müharibələrdə, sülh danışıqlarında və başqa bir çox sahədə görə bilərik.

Bu gün isə oyun sərhədlənib. İnsanın yaşına, cinsinə, milliyyətinə görə təsnifləndirilib. Buna gətirib çıxaran səbəblər içində ən başlıcası hər hansısa bir oyunun müəyyən ərazidə, cəmiyyətdə geniş yayılmasıdır. Bu gün eyni zamanda, oyunların reallığı, yaşatdığı hisslər, verdiyi həzz duyğusu süniləşdirilir. Artıq oyunların oynanıldığı sahələr belə kiçildilir. Oyunlar telefonlara, planşetlərə, kompyuter ekranlarına sığdırılır. Bu, bir tərəfdən hər kəsin oyun oynaması deməkdirsə, digər tərəfdən də eyni tip oyunların çoxalmasına, asılılığın daha da artmasına gətirib çıxarır.

Əgər sizdən uşaqlığınız haqqında soruşsam, daha çox o dövrdə yaşıdlarınızla oynadığınız oyunlardan danışacaqsınız. Bu, əsasən uşaqlığı XX əsrin sonlarına təsadüf edən insanlarda belədir. O dövrün uşaqları zamanlarını daha çox bir yerdə keçirir, bəzən məhdud şərtlər altında (yoxsulluq, keçid dövrü) yaratdıqları sadə oyunlarla bir-biri ilə daha çox ünsiyyətdə olurdular. XXI əsrin uşaqlarında isə vəziyyət fərqlidir.

Kompüter arxasında oturaraq heç bir ünsiyyətə ehtiyac olmadan dünyanın istənilən yerindən qoşulmuş, istənilən yaşda insanla oyun oynaya bilirlər. Bu oyunların sadə strukturu uşaqlarda hər şeyi bacara bildiyi fikrini yaradır. Bunların içərisində qan tökmək, insan öldürmək, bununla da ən yüksək səviyyəyə yüksəlmək strategiyası üzərində qurulmuş oyunlar daha çox üstünlük təşkil edir. Bir zamanlar insanın formalaşmasına, öz ekzistensiayasını tapmasına və dərk etməsinə kömək edən oyunlar bu gün insanları parçalamağa, özlərinə qapatmağa, "həyatda hər şey məqbuldur" prinsipi ilə yaşamalarına hesablanıb. Eyni zamanda, hündür göydələnlərin kiçik həyətlərində oynanılan oyunlar qəribə olsa da yaş ötdükcə geniş düşünmə, öz fikrini və münasibətini ortaya qoymaq bacarığını itirmiş insanlar yaratmağa başlayır.

Əcdadlarımızın tər içində, sevinclə və həzz alaraq oynadığı oyunlar yox olur və yerini ovcumuza sığan cihazlara yüklənmiş və bir barmağımızla hərəkət etdirə bildiyimiz oyunlarla əvəzlənir.

Oyun müəyyən ölçüləri olan cihazlara sığdırılmayacaq qədər geniş mənaya və gücə sahibdir. Oyunun öz qayda-qanunları (oyunçular tərəfindən təyin ediləndən başqa) olsa da, azadlığı sevir. Oyunda hansı pozisiyada və oyunun qaydalarına tabe olmasından asılı olmayaraq hər bir oyunçu azadddır. Böyüdükcə tez-tez uşaqlığımızı, xüsusən də oynadığımız oyunları xatırlamağımız bəlkə də elə o azadlığımızı xatırlamağımızdır.

 





01.09.2019    çap et  çap et