525.Az

Mingəçevir rəhbərliyi yerli ədiblərlə görüşüb - Fotolar


 

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI İLHAM İSMAYILOV BÖLGƏDƏKİ ƏDƏBİ MÜHİTİN DAHA YAXINDAN DƏSTƏKLƏNƏCƏYİNİ BİLDİRİB

Mingəçevir rəhbərliyi yerli ədiblərlə görüşüb - <b style="color:red">Fotolar </b>

Son səkkiz aydan bəri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən İlham İsmayılov avqustun 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsində təmsil olunan yazarlarla görüş keçirib. Şəhər rəhbəri əvvəlcə foyedə yerli yazarların əsərlərindən ibarət kitab sərgisi ilə tanış olub.

Bundan sonra iclas zalında yenidən yazarlarla bir araya gələn İ.İsmayılov ölkə rəhbəri cənab  İlham Əliyevin tapşırığı ilə Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən, ayrı-ayrı yaşayış massivlərində sakinlərlə keçirilən “səyyar görüş”lərin önəmli mahiyyət daşımasından danışıb, bir sıra yeni sənaye obyektlərində  xeyli sayda iş yerlərinin aşılması barədə məlumat verib. Mingəçevirdə və yaxın bölgələrdə yaşayan söz adamlarının AYB-nin yerli bölməsinin xəttilə keçirilən tədbirlərdə iştiraklarını yüksək qiymətləndirən, iyirmi il qabaq bölmənin yaradılması ilə bağlı görülən hazırlıq işlərində özünün də yaxından iştirak etdiyini xoş bir xatirə kimi dilə gətirən İ.İsmayılov yerli yazarlarla görüşə məmnunluq hissiylə gəldiyini və hər bir qələm sahibini dinləmək arzusunda olduğunu bildirib.

AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə  son iyirmi il ərzində şəhərin ədəbi simvoluna çevrilən bölmənin xəttilə keçirilən yubiley, kitab təqdimatı və poeziya gecələrinin insanlara unudulmaz anlar bəxş etdiyindən, yaradıcı gənclərə yönəlik qayğıdan, on bir ilə yaxın müddət ərzində  oxuculara nəcib hisslər aşılayan “Bənövşə” ədəbi dərgisinin (əvvəlki adı “Mingəçevir leysanı”) nəşrinə şəhər rəhbərliyinin göstərdiyi mənəvi dəstəkdən söz açıb. O, 2014, 2016 və 2018-ci illərdə işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” almanaxlarının yerli yazarlara ən gözəl söz töhfəsi olduğunu vurğulayaraq, yerli söz adamları ilə görüş keçirən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlığını bildirib.

Ahıl ədiblərdən AYB üzvü Nəsib Bayramoğlu əvvəlcə öz yardıcılığı barədə danışıb, sonra isə şəhərdə keçirilən mədəni-kütləvi tədbirlərdə yazarların potensialından istifadə edilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Mingəçevir Bələdiyyəsinin üzvü, yazıçı-publisist Zahid Qasımlı son doqquz aydan bəri rəhbərlik etdiyi “Palitra” Ədəbi Klubunun AYB Mingəçevir bölməsinin ən uğurlu layihələrindən biri olduğunu, yerli yazarları tanıtmaq və dünyalarını dəyişmiş görkəmli söz adamlarının ədəbi irsini təbliğ etmək baxımından mühüm rol oynadığını vurğulamışdır.

Şair Elşən Əzim son üç il ərzində Türkiyə, Qırğızstan və Özbəkistanda  iştirakçısı olduğu tədbirlərin böyük önəm kəsb etdiyini, həmin ölkələrdə yaşayan şairlərlə görüşlər zamanı  Mingəçevirin ədəbi aləmi barədə söz açdığını da söyləyib, AYB-nin Mingəçevirdəki bölməsinin bu istiqamətdə apardığı işləri yüksək dəyərləndirib.

Digər çıxışçılar - “Mingəçevir qönçələri” ədəbi məclisinin rəhbəri  Zümrüd Rəhimova, nəsimişünas Əbülfət Həsənoğlu, Səxavət Kəlbəcərli, “Bənövşə” jurnalının şöbə redaktoru Məmməd Mərzili, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Pərvanə Əfəndiyeva  AYB Mingəçevir bölməsinin tədbirlərə şəhər rəhbərliyinin dəstəyinin vacibliyindən, Mingəçevirdə ümumrespublika səviyyəli “kitab bayramı” keçirmək istəklərindən, yerli universitet, kollec və ümumtəhsil məktəblərində yazarlarla görüşlərin əhəmiyyətindən söz açıblar.

Şəhər rəhbəri İlham İsmayılov yerli yazarların fəaliyyətinə, bölmənin işinə dəstək veriləcəyini və “Bənövşə” ədəbi dərgisinin bundan sonra da nəşrinin vacib olduğunu bildirib, söz adamlarına yeni yaradıcılıq uğurları arzulayıb.

Vahid QAFARLI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





02.09.2019    çap et  çap et