525.Az

Anar Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü - Fotolar


 

Anar Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü - <b style="color:red">Fotolar </b>

Qazaxıstan Yazıçılar Birliyi bu ölkənin Mədəniyyət və İdman nazirliyinin dəstəyilə Asiya Yazarlar Forumu keçirir. 4-6 sentyabrda Nur-Sultan şəhərində baş tutacaq foruma 44 ölkədən 90-dan çox yazıçı qatılıb.

Forum çərçivəsində Qazaxıstanda səfərdə olan Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə görüşüb. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində, BTA-nın qərargahında baş tutan görüşdə D.Kıdırali BTA-nın fəaliyyəti, həyata keçirilən və davam edən layihələr, eyni zamanda gələcək planlar barədə məlumat verib.  

Türk Akademiyasının tərəfindən son bir ildə “Türk ədəbiyyatı antologiyaları” seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəfis tərtibatla çap edildiyi bildirilib. Kitabda Azərbaycanın 20 klassik ədibinin seçilmiş əsərləri yer alıb.  

Bununla yanaşı, böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində şairin şeirləri ilk dəfə Akademiya tərəfindən qazax dilinə çap edilərək nəşr olunub. Eyni zamanda, qazax milli şairi Mağjan Jumabayevin əsərləri ilk dəfə Azərbaycan dilində işıq üzü görüb.   

Akademiya prezidenti təşkilatın 2020-ci ildə Azərbaycanda üç il davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlayacağını bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə edəcək. D.Kıdırali BTA-nın Monqolustandan Macarıstana qədər geniş bir coğrafiyada bu layihəni yürütdüyünü, Azərbaycan və Qafqaz bölgəsində Türk sivilizasiyası və mədəniyyətini araşdırmağın isə xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.  

Həmçinin, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin təlimatı əsasında Akademiya tərəfindən çapa hazırlanan "Ortaq Türk tarixi" dərsliyinin üzv ölkələrdə tədris proqramına salındığı, ortaq ədəbiyyat və ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin davam etdiyi vurğulanıb.

Həyata keçirilən layihələrin ortaq tarix şüuru və düşüncəsinin formalaşdırılmasına xidmət etdiyi bildirilib.

AYB-nin sədri Anar isə qeyd edib ki, Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izləyir və onun fəaliyyətini yüksək qiymətləndirir. O, qardaş xalqların birliyi yolunda ədəbi əlaqələri möhkəmləndirmək, şair və yazıçıların əməkdaşlıq bağlarını gücləndirmək lazım olduğunu diqqətə çatdırıb. Xalq yazıçısı bu baxımdan ziyalı təbəqəyə mühüm vəzifə düşdüyünü, bu səbəbdən BTA ilə əməkdaşlıq üzərində xüsusi dayandıqlarını vurğulayıb.

O, Qazaxıstanın Latın əlifbasına keçidinə böyük ümid bəslədiklərini və bunun xalqlarımızın yaxınlaşmasına müsbət təsirləri olacağına da inamını bildirib.

Görüşdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Görüşün yekununda Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlığı möhkəmləndirmək barədə razılıq əldə edilib. Yazıçıya Akademiyanın Azərbaycanla bağlı nəşr etdiyi bəzi kitablar hədiyyə olunub.

Şahanə MÜŞFİQ

 





03.09.2019    çap et  çap et