525.Az

Teatrlarımızın yeni mövsümü


 

Teatrlarımızın yeni mövsümü<b style="color:red"></b>

Sentyabr ayının gəlişi ilə yeni teatr mövsümünə də start verilmiş oldu. Yeni mövsüm hər birimizdə yeni ümidlər və gözləntilər yaradır.

Bu mövsümdə də teatrlar öz maraqlı və yeni səhnə işləri, ötən mövsümdən qalmış yarımçıq layihələri, müxtəlif dövlət tədbirləri, premyeraları ilə tamaşaçıların zövqünü oxşamağı hədəfləyiblər. Sentyabr ayının ilk həftəsində paytaxt teatrlarının ilk hazırlıqlarını öyrənmək, oxucularımızı mövsümün ilk ayı üçün olan repertuarlarla tanış etmək qərarına gəldik.

Beləliklə: Ana teatrımız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü sentyabrın 21-də ənənəvi olaraq "Qarabağnamə" ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək. Belə ki, sentyabrın 22-də "Cəhənnəm sakinləri", 26-da "12-ci gecə və ya hər nə istəsəniz", 27-də isə "Bir iki, bizimki" tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də "Manqurt", 29-da isə "Şah Qacar" tamaşaları təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mövsümə sentyabrın 20-də "O olmasın, bu olsun"la başlayacaq. Sentyabrın 21-də "Ər və arvad", 22-də "Arşın mal alan", 27-də isə "Silva" (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də "Qodonun intizarında", 29-da isə "999-cu gecə"ni izləyə biləcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 19-da "Koroğlu" operası ilə yeni mövsümdə ilk dəfə tamaşaçılarla görüşəcək. Bundan başqa, teatrda sentyabrın 21-də "Bohema", 22-də "Nəsimi", 25-də isə "O olmasın bu olsun" (Gəncə) nümayiş olunacaq. Həmçinin, sentyabrın 28-də "Jizel", 29-da "Leyli və Məcnun" teatrsevərlərin ixtiyarına veriləcək.

Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də "Kişilər və qadınlar"la açacaq.

Bundan başqa, sənət ocağı sentyabrın 15-də "Ağ bığlılar", 21-də "Underground", 22-də "Kişilər və qadınlar", 28-də "İt gəzdirən xanım", 29-da isə "Dejavü" tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü sentyabrın 15-də "Cırtdan" tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın sözlərinə görə, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlan" tamaşası səhnələşdiriləcək. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılı" tamaşasının da hazırlanması nəzərdə tutulur.

Bu mövsüm yubileyini qeyd edən teatrlardan biri də Azərbaycan Dövlət Yuğ Teatrıdır. Yeni teatr mövsümündə teatrın 30 illiyi qeyd olunacaq. Onlar mövsümü sentyabrın 28-də U.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanan "Lənət" tamaşası ilə açıq elan edəcəklər. Həmin gün tamaşanın premyerası keçiriləcək. Tamaşaya bolqar rejissoru Xristo Stoyçev quruluş verib. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyir ki, 30 illik yubileylə əlaqədar teatrda bir çox tədbirlər keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulur. Sənət ocağı yaxın aylarda xarici səfərlərini davam etdirəcək, tamaşaçılar üçün yeni səhnə əsərləri hazırlayacaq.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda hazırlanan "Milyonçu" tamaşasını nümayiş etdirəcək. Əsərin nümayişi sentyabrın 14-nə nəzərdə tutulub.

Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər Salman Bayramov və Fuad Osmanov, həmçinin, aktyorlar Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov və başqaları rol alacaqlar.

Azərbaycan Dövlət Gənc Tamaşçılar Teatrı 92-ci mövsümünü sentyabrın 21-də açıq elan edəcək. Həmin gün gündüz "Qızıl balıq" (ilk tamaşa), axşam isə "Leyli və Məcnun" nümayiş olunacaq. Sənət ocağı sentyabrın 22-də "Bremen musiqiçiləri" (rus dilində) və "Varislər" (ilk tamaşa), 27-də "Cəza", 28-də "Şirinlər" və "Tanrıya on dörd məktub" tamaşaları ilə izləyicilərin görüşünə gələcək. Sentyabrın 29-da isə "Tıq-tıq xanım" və "Şeyx Sənan" tamaşaları oynanılacaq. Ayın son günü-sentyabrın 30-u Nəsimi festivalına həsr olunacaq.

Şahanə MÜFİQ

 





04.09.2019    çap et  çap et