525.Az

Minimum əməkhaqqı artımı 1 milyon 350 min insanı əhatə edir


 

İŞÇİYƏ MİNİMUM ƏMƏKHAQQINDAN AŞAĞI MƏBLƏĞDƏ MAAŞ VERİLMƏSİNƏ GÖRƏ VƏZİFƏLİ ŞƏXSLƏRİN 1000 MANATDAN 1500 MANATADƏK MƏBLƏĞDƏ CƏRİMƏ EDİLMƏSI NƏZƏRDƏ TUTULUB

Minimum əməkhaqqı artımı 1 milyon 350 min insanı əhatə edir<b style="color:red"></b>

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlara əsasən, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Həmçinin, dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən, dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə yox, MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının müvafiq sərəncamlarıyla dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı, ümumən, 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.

Sərəncamdan irəli gələn aidiyyatı məsələlərin həlli və nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət ünvanlayıb.

Xidmət işəgötürənlərin nəzərinə çatdırıb ki, sentyabr ayının 1-ə qədər əməkhaqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əməkhaqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində görməyə imkan verir.

Müvafiq sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı fikirlərini bildirən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin, bu istiqamətdə atılan çevik və praktik addımların parlaq nümunələri real həyatda təsdiqini tapır. O, "Trend"ə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb: "Dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artım baş verib. Bununla da Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, həmin məbləğin yaşayış minimumunu 40 faiz üstələməsinə nail olunub".

V.Rəhimzadə qeyd edib ki, vətəndaşların sosial rifahının daha da yüksəldilməsi istiqamətində atılan bu və digər addımlar dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir: "Azərbaycan dünya miqyasında sosial dövlət kimi tanınır. Bu, ondan irəli gəlir ki, ölkə rəhbəri daim öz xalqını, öz vətəndaşını düşünür. Hesabatlara nəzər yetirsək, görərik ki, ölkəmiz minimum əməkhaqqının səviyyəsinə görə MDB dövlətləri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Artan minimum əməkhaqqı əhalinin gəlirlərinin çoxalmasına gətirib çıxarır, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır. Şübhəsiz ki, biz gələcəkdə də bu cür uğurlu məqamların, nümunələrin tez-tez şahidi olacağıq".

Baş redaktor vurğulayıb ki, təsdiqlənən mühüm sosial paketlərin əhatə dairəsi çox genişdir: "Rəqəmlərə diqqət yetirsək, hər şey daha aydın görünər. İkinci sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqqı və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Doğrudan da sadalanan rəqəmlər kifayət qədər yüksək göstəricilərdir. Ölkə Prezidenti bütün bunlarla bir daha öz vətəndaşının yanında olduğunu göstərir, ona əsl rəhbər qayğısı, diqqət nümayiş etdirir".

C.ABASOV

 





04.09.2019    çap et  çap et