525.Az

Bacarıqlı həkim, etibarlı dost


 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN DOSENTİ, RESPUBLİKANIN ƏMƏKDAR HƏKİMİ TARYEL EYVAZOVUN 70 YAŞI TAMAM OLUR

Bacarıqlı həkim, etibarlı dost<b style="color:red"></b>

Mən Taryel Eyvazovu 1966-cı ildən - Azərbaycan Tibb İnstitutunda birinci kursda oxuyandan, yəni artıq 53 ildir ki, tanıyıram. O vaxtdan bugünə qədər fasiləsiz olaraq dostluğumuz davam edir.

Taryel Əli oğlu Eyvazov 1949-cu ildə ziyalı bir ailədə anadan olub. 1966-cı ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirib, elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə qəbul olunub.

Atası Əli Eyvazov Azərbaycanın ilk orden alan müəllimlərindəndi. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin Muzeyində eksponat nümayiş etdirilir. Onun Azərbaycan Təhsilinin inkişafında böyük xidmətləri var. Uzun illər həmçinin, Böyük Vətən Müharibəsi illərində Ağdamda Maarif Şöbəsinə rəhbərlik edib. Sonra yeni yaradılan Jdanov (indiki Beyləqan) rayonunda təhsilin təşkili ilə əlaqədar oraya Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilib. Sonda 20 ilə yaxın Ağdamda yeganə beynəlmiləl orta məktəb olan 2 saylı şəhər məktəbinin direktoru olub. Ailə bütünlüklə həkim-müəllim ailəsi kimi tanınır. Taryelin böyük qardaşı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, Qarabağ zonasında dəyərli həkim kimi ad-san qazanıb. Mərhum Rizvan Eyvazovun yerli camaat üçün göstərdiyi xidmətlər unudulmazdır.

Taryel tələbəlik illərində dayanmadan çalışırdı. Əla oxumaqla yanaşı, tələbə elmi cəmiyyətində və institutun ictimai işlərində də fəal iştirak edirdi. Yuxarı kurslarda Semaşko adına xəstəxanada (hazırkı Kliniki Tibbi Mərkəzdə) gecə növbəsində işləyirdi. 1972-ci ildə İnstitutu əla qiymətlərlə bitirən bu fəal, savadlı tələbəyə nəzəri kafedralardan birində qalması təklif olunsa da (ovaxtkı qaydalara görə institutu yeni bitirənlər yalnız nəzəri kafedralarda qala bilərdilər), Taryel öz doğma rayonu Ağdama həkim təyinatı almağa üstünlük verdi.

Daima əlaqəmiz olduğundan, gözlədiyimiz kimi də xəbərlər gəlirdi. Qısa müddət ərzində Taryelin artıq "Taryel həkim" kimi məşhurlaşmasının şahidi olduq. Qeyd etdiyim kimi, daima öz üzərində işləmək onun ən müsbət xüsusiyyətlərindən biri idi. Təkcə onu demək kifayətdir ki, "rayon həkimi" olmasına baxmayaraq, "Azərbaycan Tibb Jurnalı" və "Sağlamlıq" kimi nüfuzlu mətbu orqanların redaksiya şurasının üzvü seçilmişdi. Rayonda işlədiyi müddətdə də fəalliyət göstərmişdi. O, komsomolun 30 və 31-ci qurultaylarına nümayəndə, şəhər sovetinə deputat seçilmişdi. Gözlənildiyi kimi, Taryel həkim yenə də çətin bir işin də öhdəsindən layiqincə gələrək yüksək müsabiqə olmasına baxmayaraq, 1977-ci ildə "Daxili xəstəliklər" ixtisası üzrə Azərbaycan Tibb İnstitunun qiyabi aspiranturasına daxil oldu. Apardığı elmi-tədqiqat işi çox maraqlı olmaqla yanaşı, çox da praktik əhəmiyyək kəsb edirdi. O, kənd əhalisi arasında ən çox rast gəlinən daxili xəstəlikləri müəyyən etməklə bərabər, həm də onların qarşısının vaxtında alınması məqsədilə görülməli olan profilaktik tədbirlər barədə metodik işlərə dair məqalələr də dərc etdirdi.

Dissertasiya işini Respublikanın əlaqədar Elmi Şuraları ilə yanaşı, aparıcı elmi təşkilat kimi müəyyən edilmiş N.İ.Piroqov adına Lenin ordenli 2-ci Moskva Tibb İnstitutunda da müzakirə edilərək müsbət rəy alındıqdan sonra 1987-cı ildə müvəffəqiyyətlə müdafiə edərək "Tibb elmləri namizədi" elmi dərəcəsi aldı.

1988-ci ilin əvvəlindən Qarabağda başlanan məlum hadisələr nəticəsində artıq Taryel üçün bütün məsələlər, o cümlədən, elmi işin davamı, doktorluq işi arxa plana keçdi. Tam cəsarətlə bildirirəm ki, müasir tariximizdə ən çətin illər olan 1990-1999-cu illərdə Ağdam rayonunun baş həkimi işləyən Taryel Eyvazovun rəhbərliyi ilə Ağdam tibb işçiləri əsl fədakarlıq, qəhramanlıq göstərmişdilər. Əsrin faciəsi Xocalı Soyqırımının dəhşətlərini ilkin olaraq yaşayan məhz onlar oldular. Ağdam şəhər xəstəxanası o dəhşətli gecədə Xocalıdan 368 yaralı qəbul etdiyini, kütləvi ölüm halları olduğunu ilkin olaraq açıqlayaraq bəyan etdi. O günlərdə Taryel həkim tibbi xidmət baş leytenantı hərbi rütbəsində, hərbi formada fəaliyyət göstərirdi. Müharibənin miqyasının sürətlə genişləndiyini görən təcrübəli baş həkimin əlaqədar təşkilatlarla birlikdə Ağdam rayon səhiyyəsinin nəzdində olan Mahrızlı kənd xəstəxanasında respublikanın ilk hərbi səhra hospitalının yaradılmasında da böyük xidmətləri oldu. İş o yerə çatmışdı ki, artıq rayon rəhbərliyi tərəfində xüsusi dəfn komissiyası yaradılmışdı və bu komissiyaya rəhbərlik də ona həvalə edilmişdi. Bu ərəfədə T.Eyvazov dəfələrlə rayon İH-nin, Səhiyyə Nazirliyinin və hərbi hissə komandanlığının təşəkkürlərini alıb.

T.Ə.Eyvazov sonrakı illərdə də heç bir belə təcrübə olmadığı halda çadır şəhərciklərində, xüsusilə ilk çadır şəhərciyi olan Bərdədəki "Ərəb-1"dən başlayaraq sonrakılarda da tibbi xidmətin təşkilində yüksək səhiyyə təşkilatçılığı göstərmişdir. Bütün bu keşməkeşli illərdə dəfələrlə məcburən yerdəyişmələrə məruz qalsalar da, Ağdam səhiyyəsi öz fəaliyyətini bir gün də olsun dayandırmamışdır.

2000-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində baş elmi işçi kimi fəaliyyət göstərən T.Eyvazov bu sahədə də yeni uğurlara imza atmışdır. Xaricdə və ölkəmizdə dərc olunmuş 61 elmi işin, 2 metodik vəsaitin müəllifidir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun keçirdiyi Məqsədli Qrand layihələri müsabiqəsinin qaliblərindən biridir. O, həmçinin, müntəzəm olaraq bir çox respublika və Beynəlxalq əhəmiyyətli simpozium və konfranslarda iştirak etməklə müvafiq Sertifikatlar almışdır. 2017-ci ildə Sankt-Peterburqda çap olunmuş "Patobioximiçeskie izmeneniya v tkanyax pri işemii" monoqrafiyasının həmmüəllifidir. Hazırda professor Ramiz Axundovla birgə "Xroniki yorğunluq sindromunun korreksiyası" üzrə apardıqları elmi-tədqiqatlarla əsaslı elmi nəticələr əldə edilməkdədir.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Eyvazov Taryel Əli oğluna "Daxili xəstəliklər" ixtisası üzrə dosent elmi adı verilmişdir.

Hazırda da o, fəal və səmərəli fəaliyyət göstərməkdədir. ATU-nun İctimai Səhiyyə fakultəsinin Elmi Şurasının üzvüdür. Elmi-Tədqiqat Mərkəzinin metodik şurasının və həmçinin, həmkarlar təşkilatının büro üzvüdür. Ali dərəcəli Səhiyyə Təşkilatçısı və Səhiyyə Əlaçısıdır. 1997-cı ildən YAP-ın üzvüdür.

Uzun illər səmərəli fəaliyyəti və yubileyilə əlaqədar olaraq fakultə dekanı, professor A.Ağayev Elmi Şura iclasında T.Eyvazovu hörmətli rektorumuz, professor G.Ç.Gəraybəylinin və fakultənin kollektivi adından "Fəxri Diplom"la təltif etdi. Bu münasibətlə T.Eyvazov, həmçinin, ATU-nun Elmi-Tədqiqat Mərkəzinin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilmişdir.

Ona 2016-cı ildə Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İB tərəfindən "Vətən Naminə", 2019-cu ildə Azərbaycan Müharibə Veteranları İB-nin Ağdam rayon şöbəsi tərəfindən Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi Yubley Medalları verilmişdir.

Taryel həkim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı İradə xanım Bakı şəhər 5 saylı klinik doğum evində ginekoloq həkimdir. Üç övladları, altı nəvələri vardır. Böyük qızı Nigar xanım, ATU-nu Fərqlənmə Diplomu ilə bitirib, tibb üzrə fəlsəfə doktorudur, hazırda ATU-da baş müəllimdir. İkinci qızı Əsmər xanım ingilis dili ixtisası üzrə bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Fərqlənmə Diplomu ilə bitirdikdən sonra, elə həmin ixtisas üzrə magistratura təhsilini ABŞ-da tamamlamışdır. Oğlu Bəxtiyar isə BDU- hüquq fakultəsini bitirib və sonra yenə həmin universitetin magistraturasını Fərqlənmə Diplomu ilə bitirərək birbaşa Dövlət İmtahanından seçilərək DİN sisteminə işə qəbul edilmişdir. Hazırda DİN nəzdindəki baş idarələrdən birində polis polkovnik-leytenantı və şöbə rəisidir. Taryel həkimin yubleyinə ən gözəl hədiyyəni nəvəsi Nəzrin verdi. Belə ki, o, bu il Heydər Əliyev adına Müasir Təhsil Kompleksini əla qiymətlərlə bitirərək, yüksək bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına qəbul olundu.

Göründüyü kimi, ailənin əvvəldən təməli necə qoyulubsa, gənc nəsil də onu şərəflə və ləyaqətlə davam etdirir.

Ayrıca olaraq onu qeyd edim ki, 2016-cı ilin aprel döyüşləri zamanı Taryelin qardaşı oğlu, MN-nin mayoru Eyvazov Anar Rəhman oğlu möhtərəm Prezidentimizin Sərəncamı ilə "Hərbi Xidmətdə Fərqlənməyə Görə" medalı ilə (hazırda polkovnik-leyteinantdır), yenə həmin ildə oğlu, polis mayoru Eyvazov Bəxtiyar Taryel oğlu "İgidliyə Görə" medalı ilə (hazırda polkovnik-leytenatdır) təltif olunmuşlar.

T.Eyvazov 2005-ci ildə "Qafqaz Media" İB-nin "Qızıl Fenendoskop", 2012-ci ildə "Əsrin Ziyalısı" XİB tərəfindən "Əsrin Ziyalısı", 2014-cü ildə İBN SİNA adına İB "Mərhəmət Elçisi" diplomlarına layiq görülmüşdür.

Hazırda Taryel Eyvazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü və katibidir.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Taryel Əli oğlu Eyvazov Azərbaycan Respublikasının "Əməkdar Həkim"i fəxri adına layiq görülmüşdür.

Əzizimiz Taryel səni bütü kollektivimiz adından ürəkdən təbrk edir, uzun omür, cansağlığı, səmərəli fəaliyyət arzulayırıq və inanırıq ki, sənin növbəti ad günlərini Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə tezliklə azad olunacaq doğma Qarabağımızda keçirəcəyik.

Qalib QARAYEV
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

 





05.09.2019    çap et  çap et