525.Az

Cıdır düzü sənsiz qaldı... - Təhminə Vəliyeva yazır


 

ŞUŞA ŞƏHİDİ RÖVŞƏN HƏSƏNOVUN ƏZİZ XATİRƏSİNƏ

Cıdır düzü sənsiz qaldı... - <b style="color:red">Təhminə Vəliyeva yazır </b>

Hələ məktəb illərindən çox eşitmişdim səhərlər Cıdır düzündə at çapan oğlan barəsində... Ürəyi oğul dərdi ilə paralanmış anaya - Mənzər müəlliməyə hər dəfə baş çəkəndə Şuşadan və Rövşəndən söhbət salırdıq.

Danışa-danışa bitmir bu acılı-şirinli xatirələr ...Bu söhbətlərdə onun həsrəti daha çox sezilir. Bəzən özünü saxlaya bilməyib gözdən yaş axıdır və elə tez də silib "Qarabağ" deyə ah çəkir. Qarabağ müharibəsi barədə televiziya və mətbuat sayəsində xeyli məlumat alsam da, bu ağrının mahiyyətini hələ dərindən dərk edə bilmirdim. Ta ki, bir xalq olaraq nələr itirdiyimizin fərqinə varanadək... Bəli, o zamanlar mən də fərqində idim, Azərbaycan adlı Ananın canından bir can ayrılıb. Onun əziz övladı düşmən əlindədir, xalqın namusu tapdaq altında qalıb. İçdən-içə mən də yanırdım, izlədiyim kadrların təsiri günlərcə keçmir, canlı şahidlərin danışdıqları isə ağladırdı. Bəli, mən də fərqində idim, oğul itirmək faciədir ailə üçün, ana, bacı, dost-qardaş, qohum-əqrəba üçün... Ancaq ana torpaq uğrunda qəhrəmancasına döyüşən, vətən yolunda canından keçən bir oğul itirmək el üçün böyük dərddir.

Şuşa uğrunda döyüşlər bitsə də, qayıtmayan, illərcə barəsində heç bir xəbər alınmayan Rövşən Həsənov da, sözsüz ki, belə oğullardan idi. Bu cəsur vətən oğlunu daha yaxından tanımaq və yenə Şuşadan danışmaq üçün 39 nömrəli marşruta minib Yeni Yasamala yollandım. Hələ iki gün öncə Mənzər müəllimə ilə telefonla əlaqə saxlayıb gün təyin etmişdik. "Nə vaxt istəyirsən, gəl, arxivi qoyacağam qabağına. Nə istəyirsən, götür" demişdi. Mən isə "Mənzər müəllimə, iki günə bütün arxivi hazır qoyun, bir-bir baxarıq. Mən mütləq gələcəyəm" dedim və sağollaşdıq. Yolu gedə-gedə hey düşünürəm nə soruşacağam, birdən oğlunu xatırlayıb qəlbi incinsə, nə edəcəyəm? Ən yaxşısı, mən həmişəki təbəssümümü işə salım. Bununla, mən həm düşüncələrimi, həm də duyğularımı ustalıqla gizlədə bilərəm. Bir də mən söhbəti optimist xətdə aparsam, elə də gedəcək. Ancaq bir an özüm-özümdən şübhə duyuram: ya birdən bunu bacarmasam?

Digər tərəfdən içimdən bir səs: Həssaslığa qapılmağın yeri yoxdur. Cəsur olmalısan! Bacarmalısan! - deyə üstümə çığırır. Səbrim daralır. Məsafələrin qısalmağını və bir an öncə mənzilə çatmaq istəyirəm. Axı igid oğul anası məni gözləyirdi.

Qapının zəngini vurur və qıraqda dayanıram. Əminəm ki, Mənzər müəllimə açacaq. Elə də olur. Qapını da Mənzər müəllimə açır. Hər qapı çalınanda mənim gələcəyimi güman edib və bəlkə neçə dəfə yanılıb. Eynilə Rövşəni gözlədiyi kimi, bəlkə bu dəfə məni də eyni həyəcanla gözləyib... Dik baxışlarla üzünə baxır və gözlərindən anlayıram yanılmadığımı. Ürəyimdə öz-özümə "Gör indi bu qapıdan Rövşən içəri girsə, o, nə edər, necə sevinərdi!" deyirəm. Kimsənin bu sözləri eşitmədiyini dəqiqləşdirmək üçün ətrafa boylanıram. Məni bu dəqiqə ancaq özümün eşitdiyimdən əmin olub rahatlıq tapıram.

Söhbətə Şuşadan başlayıb o illərə və Rövşənə keçid alırıq. Şuşanı bir də təsvir edir - İsa bulağını, Şuşa qalasını, Topxana meşəsini, Cıdır düzünü... Gah Qarabağın tarixinə baş vurur, gah musiqisi, ədəbiyyatından bəhs edir, gah da müharibədən söz açırıq. Mənzər müəllimə dediyi kimi, arxivi qoyur qabağıma. Şəkillərlə danışırıq... Hər şeydən - Qarabağdan, Şuşadan, Xocalıdan, Ağdamdan ... olanlardan ... bitənlərdən. Rövşən sayəsində Şuşanın hər şeyinə daha yaxından bələd oluram, o dövrü, mühiti ilə, Şuşanın qəhrəman oğulları və Şuşa müdafiəsinə Azərbaycanın hər bölgəsindən gələn igidlərlə!
Şəkillər danışır... Rövşəni də ilk dəfə bu şəkillərdə görürəm. Şuşa, Qarabağ idmanını yüksəltmək uğrunda böyük əmək sərf edən insanın hər şəkli onun barəsində hamıdan əvvəl danışır. Sanki, bax, bura Moskvadır. Təcrübə keçdiyim dostlarla birgəyəm. Yaxud bura o məşhur gözoxşayan Topxanadır. Hələ bir buna bax, bura Natəvan bağıdır, Xan qızının əmanəti. Hələ bir də bu şəklə bax - bura müharibədə minarələri dağıdılmış Qoşaminarə məscididir. Özümdən asılı olmadan gülümsünür və hər dəfə onun şəkillərinə toxunanda məni qəribə bir həyəcan bürüyür. Ən ciddi baxışlarla baxdığı şəklində belə mehribanlıq duyulur. Əlbəttə, şuşalı olmayan, Şuşanı heç görməyən biri kimi bu yerlərin adını Mənzər müəllimədən soruşuram. Özü barədə hamıdan əvvəl özü danışır dedim, yox, səsi eşitmirəm. Ancaq pıçıltı aydın eşidilir. Hər şəkli ilə danışıram...

Şəkillərə baxdıqca qəribə bir yaxınlıq da duyuram. Mənzər müəllimə danışdıqca bu duyğunun haradan qaynaqlandığını daha yaxşı ayırd edə bilirəm. Xasiyyətdə xeyli oxşarlıq varmış. Mənim xoş təbəssümlə baxdığımı görüb Mənzər müəllimə onun xarakterindən söz açır:

- Elə dostcanlı, zarafatcıl idi ki... Hər səhər Cıdıra gedib məşq edir, at çapırdı. Bir də çox sevirdi səliqəli geyinib şəkil çəkdirməyi.

Mənzər müəllimə əlinə keçən şəkillərdən birini göstərib: "Bura Meydan bulağıdır, Rövşən bunun yanında İdman festivalı keçirmişdi" - deyir.

- Rövşən hey çalışırdı vətəni üçün, xalqı üçün nəsə etsin. Bir dəqiqə dayanmırdı. İdman məktəbi açdırır, sağlamlıq korpusu tikdirdi. Respublikanın bütün pəhləvanlarını bir araya gətirib idman festivalı, tədbirlər keçirirdi. Küçədə veyil-veyil gəzən uşaqları o, idmana cəlb edirdi. Tələbələri onun canı idi.

Hamının hər səhər Cıdır düzündə at çapan oğlan kimi tanıdığı Rövşənin o məşhur fotoları ilə qarşılaşıram. Sözsüz, kəlməsiz susuram. Qaraqaş, qaragöz, 1.70 boyunda məğrur baxışlı, cüssəli bir oğlan işıq saçan gözləri ilə baxır, mehriban təbəssümlə gülümsəyir. İçdən-içə buruluram - "biz belə oğlanları itirdik hə?!" Bu gözləri bir də yəqin ki, çətin unudam. Cəsarət, mübarizə, güc, əzm yağır bu gözlərdən. Vətən uğrunda min can fəda olsun deyərdim, amma əldə təsəlli üçün Vətən də yox!

Söhbət müharibədən düşəndə onun ağrısını hiss etməmək, acı həsrətini duymamaq olmur. Kərkicahanda və Daşaltı əməliyyatından sonra çəkilən şəkillərlə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan, yandırılan, cəsədi ələ gəlməyən, itkin düşən neçə-neçə igidlə tanış oluram. Qəhər insanı elə boğur ki, nəfəs almağa cürətin çatmır. Gözündən bir damla yaş axmır, ancaq ağrını ürəyinin tam ortasında hiss edirsən.

Mənzər müəllimə bu məqamda Rövşənə, o illərə aid qələmə aldığı şeirlərini də oxuyur. Yazmaqla azaldığını düşündüyü ağrısı bu şeirlərdə bir də dil açır.

Hər şeyi soruşuram onun barəsində. Ancaq hiss edirəm ki, yetmir. Bu səbəbdən Rövşən Həsənovdan da bəhs edilən Təranə Muxtarovanın "Şuşa harayı" kitabını, Heydər Əliyev Fondu tərəfindən çap olunan Şuşaya dair kitabları bir də nəzərdən keçirirəm. Əlavə olaraq, Mənzər Məhərrəmovanın və oğlu İlham Həsənovun da qonaq olduğu Azərbaycan radiosunda baş tutan "Əsgər istəyi" verilişinin səs yazısını götürürəm. Bu materiallar onun barəsində məlumatları dəqiqləşdirməyə kömək etsə də, etiraf edim ki, o şəkillərin mənə dediyini onlar çatdıra bilmir. Öyrənirəm ki, hər səhər Cıdır düzündə at çapan oğlan Rövşən Əjdər oğlu Həsənov ailənin üçüncü övladıdır. O, 1963-cü ilin dekabrın 1-də Şuşada dünyaya gəlib. Məktəb illərində dərs əlaçısı olan Rövşən fənn müəllimi Namiq Babayevin sayəsində ədəbiyyata dərindən bələd olur. Ondan buraxılış imtahanı götürən müəllim təkid edir ki, sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə versin. Ancaq Rövşən meylini idmana salır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb yenidən Şuşaya qayıdır. Burada 2 saylı internat məktəbində idman müəllimi işləyir. Onun yenilikçi ideya və təşəbbüsləri rayon rəhbərliyinin diqqətindən kənar qalmır. Belə ki, Rövşən əvvəlcə Şuşa Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, müharibə illərində isə Yuxarı Qarabağ Ərazi Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifələrində çalışır. O, fəaliyyəti dövründə Şuşada ilk dəfə şahmat, cüdo məktəbləri açdırır. Məşq üçün idman salonları, stadion, sağlamlıq korpusunun tikilməsi üçün böyük işlər görür. İlk dəfə Şuşada "İdman bayramı" da məhz onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilir və Respublikanın pəhləvanları buraya təşrif buyurur. R.Həsənov Rusiyada, İranda, keçirilən tədbirlərə, yarışlara gəncləri cəlb edir. Əbəs yerə onun barəsində veteran döyüşçü Əşrəf Əşrəfov "Rövşənə qədər Şuşa idmanını bu qədər yüksəkliyə qaldıran olmamışdı" demir.

Özlüyümdə düşünürəm: hər səhər Rövşəni Cıdıra aparan səbəb nə idi? Dərhal gözlərimin önündə Cıdır obrazı canlanır. Qarabağ uğrunda gedən tarixi savaşlara şahid olan, əzəmətli Şuşa dağları, gözoxşayan Topxana meşəsi ilə əhatələnən Cıdır düzü. O, Şuşanın tarixini, gözəlliyini, əzəmətini özündə cəmləmiş, bəlkə də neçə-neçə igid oğula qəhrəmanlıq ruhu, mübarizə əzmi və işıqlı gələcəyə inam aşılamışdı. Bəlkə Rövşən də arzularına çatmaq üçün misilsiz gücü Cıdırdan almış, inamla, əzmlə xalqı üçün çalışmışdı. İndi isə əldə nə Qarabağ var, nə Cıdır var, nə də rövşənlər...! Biz Şuşasız, Qarabağsız, Cıdır isə rövşənlərsiz qaldı.

Mənzər müəllimə "Yadlar bizim torpağımıza yiyə dura bilməz" deyərək xalqı mübarizəyə və öz haqqımızı geri almağa səsləyir. Mübarizə isə yeri gələndə sözün, elmin və yeri gələndə isə qol gücü ilə aparılmalı, mütləq Qələbə qazanılmalıdır. Əlbəttə, el və güc birliyi ilə!

 





05.09.2019    çap et  çap et