525.Az

Vətənə xidmət amalı ilə yaşanan ömür


 

Vətənə xidmət amalı ilə yaşanan ömür<b style="color:red"></b>

Çox maraqlıdır, insan istəsə hər şeyi öyrənə bilər, görə bilər, ala bilər, sata bilər. Amma heç kəs bilə bilməz ki, sabah başına nə gələcək, nə xəbər eşidəcək, vəziyyəti necə olacaq. Yəni məlum tale adlı bir şey var, Allahın yazdığı bir yazı var ki, onu heç kim poza bilməz, ondan heç kim qaça bilməz.

Mənim də ağlıma gəlməzdi ki, 40 ilə yaxın Slavyan Universitetində (keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) işlədikdən sonra gəlib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyəcəm, xalqımızın çox dəyərli insanları, böyük oğulları ilə tanış, yoldaş olacam, yol gedəcəm. Artıq bir ilə yaxındır ki, burada çalışıram və özümü çox rahat hiss edirəm: əvvəla, ona görə ki, əksəriyyəti yaxşı kişilərdən ibarət bir kollektivdəyəm, dərs dediyim insanlar da xalqımızın say-seçmə oğullarıdır, nizam-intizamlı hərbçilərdir, ikincisi, mən burada nə qədər lazımlı olduğumu, mənə burada nə qədər ehtiyac olduğunu hiss edirəm.

Bura ayaq basdığım ilk günlərdən nəzər-diqqətimi orta yaşlı, qarayanız, qartal baxışlı, aslan duruşlu bir insan cəlb elədi. O, mənə köhnə zamanların köhnə kişilərini xatırladırdı, öz gur səsi, ötkəm sözü, söhbəti ilə hamıdan fərqlənirdi, üz-gözündən həyatın keşməkeşli yollarından, çətin sınaqlarından keçib gəldiyi oxunurdu. Bu, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Xarici dil və tərəfdaşlıq mərkəzi"nin roman-german dilləri bölməsinin baş müəllimi, istefada olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədov idi. Çox keçmədi ki, bu insanla dostlaşdım, doğmalaşdım, çünki ruhumuz, əqidəmiz, amalımız uyğun gəlirdi, eyni nəslin, təhsilin, tərbiyənin nümayəndələriydik. Təxminən eyni vaxtda o, SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universitetini), mən isə onunla bir binada yerləşən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirmişdik. Adlı-sanlı müəllimlərdən, alimlərdən dərs almışdıq. Bayram müəllimə Sədulla Babayev, Həcər Nağıyeva, Abbas Rəhimov, Abbas Hacıyev, Hüseyn Bayramov, Alim Yusifzadə, Minirə Qarayeva, Ənvər Rza kimi Azərbaycanın çox məşhur və dəyərli alimləri dərs demişdi. İndi də Bayram müəllim onların adını böyük hörmətlə çəkir, onlardan ürəkdolusu danışır.

Bayram müəllimlə yaxın tanışlıqdan sonra gördüm ki, bu insanın həyatı başdan-başa igidlik, şərəfşanlıq nümunəsidir. Fikirləşdim ki, nə üçün onun bu mənalı ömrünü qələmə almayaq, gənc nəslə çatdırmayaq, axı bu, onların tərbiyəsində, formalaşmasında nə qədər faydalı olar. Niyə indi Bayram müəllimə bir "eşq olsun, halal olsun bu torpağın suyu, çörəyi sənə" deməyək? Nə qədər şairdən, yazıçıdan, aktyordan, müğənnidən danışmaq olar? Axı, ətrafımızda elə qeyri-adi, lakin tanınmamış insanlar var ki, onların həyatı, gördükləri işlər, etdikləri yaxşılıqlar bir örnəkdir, bir məktəbdir. Belə insanlardan biri də Bayram müəllimdir.

Bayram Heydər oğlu Məmmədov 1956-cı ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonunun Canbar kəndində anadan olub. O kəndin təmiz havası, suyu, çörəyi, gözəl təbiəti ilə mayalanıb, nənə-babalarının ona danışdığı nağıllar, dastanlar, özünün də iştirakçısı olduğu köç-ulaqlı dağ yolu, aran yolu silinməz iz qoyub onun qəlbində, körpü salıb onun gələcək uğurlarına, mətin addımlarına. Zəngilanın kişi qeyrətli qızı, el ağbirçəyi, şair təbiətli anası Məstan xanımın laylaları, bayatıları, oxşamaları ilə ruhlanaraq böyüyüb Bayram müəllim.

Məşhur Zəngilan şəhər 1 saylı orta məktəbini yaxşı və əla qiymətlərlə bitirən gənc üz tutmuşdu 1973-cü ildə Bakıya, qəbul olunmuşdu Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna. Təhsilinin ilk günlərindən nizam-intizamlı, çalışqan tələbə kimi müəllimlərinin sevimlisinə çevrilmiş, institutun ictimai-siyasi həyatında həvəslə çalışmışdı. Qarşımda həmin institutun tərcümə kafedrasının müdiri, Azərbaycanın unudulmaz şair, filologiya elmləri namizədi, dosent, mərhum Ənvər Rzanın Bayram Məmmədova 1978-ci ildə yazdığı xasiyyətnamə durur. Burada tələbəlik dövründə onun nə qədər çalışqan, məsuliyyətli, mədəniyyətli bir gənc olduğu vurğulanır, əsasən vətənpərvərliyi və hər işdə liderlik istəyi ön plana çəkilir. Elə də olur.

İnstitutu qurtarandan sonra Bayram Məmmədov ixtisası üzrə bir neçə ay ingilis dili müəllimi işlədikdən sonra keçmiş Sovet İttifaqının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb və Qırmızı Bayraq ordenli Uzaq Şərq Hərbi Dairəsində hərbi xidmət keçib. Nizam-intizamına, başçılıq etdiyi bölmənin əsgərlərinin qazandığı yüksək nailiyyətlərə görə, onu o zaman partiya sıralarına qəbul etmişdilər. Xidmətini başa vurduqdan sonra o, doğma Vətənə - Zəngilan rayonuna qayıtmışdı.

Zəngilan şəhər qiyabi orta, Keçikli və Canbar kənd 8 illik məktəblərində Bayram müəllim ingilis dili müəllimi işləmiş, lakin çox keçmədən onu rayonda irəli çəkmiş, rəhbər vəzifələrə təyin etmişdilər. Öncə Zəngilan rayonu komsomol komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin müdiri, ardınca Azərbaycan Kommunist Partiyası Zəngilan rayon komitəsində siyasi maarif kabinetinin müdiri, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra isə Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdi. Bütün bu vəzifələrin öhdəsindən Bayram Məmmədov çox böyük məharətlə, bacarıqla gəlmiş, xalq arasında böyük nüfuz qazanmışdı.

Vətənin ağır günündə namərd, nanəcib qonşularımızın öz havadarlarının dəstəyi ilə torpaqlarımıza təcavüzü zamanı Bayram Məmmədovu da Müdafiə nazirinin əmri ilə Zəngilan rayonu ərazi özünümüdafiə taborunun komandiri təyin etmişdilər. Bu, o zaman idi ki, respublikamızda hərc-mərclik tüğyan edirdi, rəhbərlik uğrunda qırğın gedir, hamı mənəm-mənəm deyirdi. Vətən, torpaq, Qarabağ qan ağlayırdı, nizami ordumuz yox idi, ermənilər də sürətlə öz işlərini görürdülər.

Gəl indi bu şəraitdə bu ağır və çətin məsuliyyətin, yükün altından çıx görüm. İnsanda nə qədər cürət, cəsarət, fərasət olmalıdır ki, bu ağır, son dərəcə çətin, lakin şərəfli işin öhdəsindən gəlmək üçün bu addımı atsın? O, bu addımı şərəf və ləyaqətlə atdı, özü də fikirləşmədən, qorxmadan, çünki o zaman onun beynində ancaq bir fikir dolanırdı: nəyin bahasına olursa olsun Vətəni qorumaq; bir də ki özünə, öz daxili potensialına, təşkilatçılıq qabiliyyətinə əmin idi Bayram Məmmədov. Beləcə Bayram müəllim çiyninə götürdüyü ağırlığı hiss edərək, birinci növbədə Koroğlu kimi öz dəlilərini axtardı, Zəngilanın qeyrətli oğlanlarından təşkil olunan bir tabor yaratdı. Beləcə Bayram müəllim çiyninə götürdüyü ağırlığı hiss edərək, Zəngilanın qeyrətli oğlanlarından təşkil olunan bir tabor yaratdı. Bura ehtiyatda olan zabitlər Süleyman Nuriyev, Cümşüd Əbilov, Rasim Əhmədov, Cabbar Məmmədov, İntiqam Məmmədov, Ceyhun Məmmədyarov, Rza Rəsulov, Yusif Quliyev, Mirməhəmməd Cəfərov, Sabir Nəsibov, Ənvər Məmmədov, Mahir Qocayev, Barat Xanlarov, İsmixan Məmmədov, Mustafa Həsənov, Mahmud Hüseynov, Pənah Rzaquliyev kimi vətənpərvər oğullar daxil oldular. Belə oğulların və bir də yurdsevər Zəngilan camaatının köməyi ilə Bayram müəllim tez bir zamanda çox çevik, nizami bir tabor yaratdı. Bu tabor yuxarıdan heç bir kömək görmədən və gözləmədən Vətənin müdafiəsinə qalxdı, dəfələrlə müasir silahlar və texnika ilə silahlanmış və öz havadarlarının köməyindən istifadə edən erməni dığalarının həmlələrini qəhrəmancasına dəf etdi. Ölənlər, yaralananlar oldu, amma düşmən qarşısından geri çəkilən olmadı. Lakin təəssüflər olsun ki, o zaman respublikada hökm sürən başsızlıq, hakimiyyət davası, vahid idarəçiliyin olmaması, Zəngilana yaxın rayonların bir-bir verilməsi hamının əl-qolunu boşaldır, onları ruhdan salırdı. Belə bir vəziyyətdə axıra qədər vuruşmaq, tab gətirmək və buna rəhbərlik etmək hər oğulun işi deyildi. Zəngilan alayı bunu mərdanəliklə edirdi, alayın əsgərləri gecə-gündüz əsl qəhrəmanlıq nümunələri göstərirdi.

Cəbrayıl arxasınca, Qubadlı rayonlarını düşmən işğal etdikdən sonra bütün umidlər qırıldı, arzular puç oldu. Az qala mühasirədə qalan Zəngilan əhalisi geri çəkilmək məcburiyyətində qaldı.

Gəlin təsəvvür edin o zaman komandirlərin halını. O vaxtkı vəziyyət barədə Bayram müəllim yana-yana, qovrula-qovrula danışır. Deyir qorxduq ki, ikinci Xocalı faciəsi baş versin. Lakin çox istedadlı hərbçi, olduqca vətənpərvər və bütün zəngilanların inam və ümid yeri olan alayın komandiri polkovnik Firudin Şabanovun komandanlığı altında mərd və qorxmaz oğulların düşmənlə qeyri-bərabər və amansız döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar sayəsində əhalinin az itki ilə Arazın o tayına keçirilməsi təmin edildi.

Bu ölüm-dirim mübarizəsində zabitlərdən Xəqani Cəbrayılov, Sərvər Cəbrayılov, Sahib Abbasov, Yavər Məcidov, Saleh Məmmədov, Mahir Məmmədov, Sabir Həsənov, Aydın Cəfərov, Nəhayət Məmmədov, Qoşqar Məmmədov, Əbil Məmmədov, İlqar Məmmədov, Surxay Məmmədov, Habil Camalov, İkram Tahirov, Fərrux Məmmədov, Sərdar İsmixanov, Əsgər Quliyev, gizirlərdən Tahir Məmmədov, Elman Süleymanov, Səhiyəddin Abbasov, Namiq Əsgərov, İlyas Cəfərov, Eldar Məmmədov, Etibar Cəfərov, Allahverdi Mehdiyev, Əli Əliyev, Ələsgər Əhmədov və digərləri bütün şəxsi heyəti çətin və ağır döyüşlərə ruhlandırırdılar. Bu döyüşlərdə Baloğlan Süleymanov, Emin Nəsibov, Qasım Mönsümov, Bəhram Adıgözəlov, Əlibaba Məmmədov və digərləri düşmənlə döyüşlərdə qəhrəmancasına həlak oldular, onlarca əsgər ağır yaralandı. Qorxu bilməyən döyüşçülər Mehdi Mirzəyev, Sabir Hacıyev, Həzrətəli Tahirov, Pənah Cəbrayılov, Allahverdi Məmmədov, Elşad Vəliyev, Üzeyir İbrahimov, Namiq, Yura, Rafiq, Rəhim, Müşfiq, Vüqar və digərləri əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Zəngilan rayon Daxili İşlər Şöbəsinin cəsur polis əməkdaşları da əvvəlki döyüşlərdə olduğu kimi, yenə də sonadək mövqelərindən geri çəkilmədilər və bu ağır döyüşlərdə həyatlarını əfsanəyə, bir qəhrəmanlıq hekayətinə çevirdilər. Onlardan 7 nəfəri - leytenant Sabir Paşayev, baş çavuş Elşad Nərimanov, çavuşlar İsmayıl İsmayılov, Aqil Quliyev, İlham Quliyev, Fazil Bəşirov və Möhlət İsmayılov Cəbrayıl rayonunun Dərzili kəndi ətrafında gedən qeyri-bərabər döyüşdə itkin düşdü. Çox təəssüflər olsun ki, belə qəhrəmanlıq nümunələri acı sonluqla bitdi, torpaqlarımız işğal edildi.

Bu acı məğlubiyyətdən və doğma torpağını itirdikdən sonra Bayram müəllim uzun müddət özünə gələ bilmədi. Deyir, heç atamı, anamı itirəndə belə ağrımamışdım. Başa düşürəm Bayram müəllimi, o, indi də dözə bilmir bu dərdə, vətənsizliyə, hər oturub söhbət edəndə kəndlərindən, dağlarından, yamaclarından, yaylağa necə qalxıb-endiklərindən, Zəngilanın, Qubadlının köhnə kişilərindən, o yerlərin sayılıb-seçilən ərənlərindən biri, Qaçaq Nəbinin də yaxınlarından biri olmuş İldırım babasından kövrələ-kövrələ danışır.

Tabeliyində olmuş cəbhə yoldaşlarının qəhrəmanlığından, Vətən uğrunda şəhid olan dostlarının, yaxın qohumları Fəxrəddinin, Ramizin, Sabirin vaxtsız itkisindən, bunlarla bərabər, o vaxtlar yuxarıda oturmuş şərəfsiz rəhbərlərin onları yiyəsiz, köməksiz qoyduğuna görə onların əldə silah yurdu tərk etməyindən Bayram müəllim ürək ağrısı ilə söhbət açır. Və bu yanğı, sızıltı Bayram Məmmədovun nə qədər vətənpərvər, yurdsevər bir insan, şəxsiyyət olduğundan xəbər verir.

Bayram müəllim həm də çox güclü, iradəli bir insan olduğundan heç vaxt sınmadı, bir hərbçi kimi o illərdən sonra böyük işlər gördü, uğurlar qazandı. Lakin heç vaxt ürəkdən gülmədi, sevinmədi, həmişə Zəngilanı, Qubadlını, Laçını, Ağdamı, Kəlbəcəri, Cəbrayılı, Fizulini, Şuşanı - Qarabağı düşündü. O torpaqları qaytarmaq arzusuyla ömrünün bu günə qədərki kəsiyində də çox şərəfli və ibrətamiz bir yol keçdi: hərbi hissə komandiri, hərbi hissə komandirinin müavini, alay komandirinin arxa cəbhə üzrə müavini, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin kadrlar bölməsinin baş zabiti, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin hərbi attaşelər və hərbi nümayəndəliklərlə işlər şöbəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin Xarici dillər kafedrasının baş müəllimi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dillər kafedrası rəisinin müavini - baş müəllimi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının Xarici dillər silsiləsinin rəisi - dosent və Xarici dillər bölməsinin rəisi, nəhayət, Akademiyanın Xarici dil və tərəfdaşlıq mərkəzinin roman-german dilləri bölməsinin baş müəllimi. Bu uzun yolun hər bir kəsiyində Bayram müəllim öndə oldu, öncül oldu, neçə-neçə ümumxalq və beynəlxalq tədbirlərin iştirakçısı, təşkilatçısı oldu, dünyanın bir çox ölkələrində Azərbaycanı ləyaqətlə təmsil etdi.

Polkovnik-leytenant kimi ehtiyata buraxılsa da, Bayram müəllim bu gün də yorulmaq bilmədən peşəkar hərbçi kadrların hazırlanmasında öz əvəzolunmaz töhfələrini verir. Onun əmək fəaliyyəti həm də çoxşaxəli olmuşdur. Bayram müəllim çox gözəl dilçi, diplomsuz alim, tərcüməçi, tədqiqatçıdır.

Akademiyaya gəlişimin ilk günlərində gördüm ki, Bayram müəllim bir lüğət üzərində işləyir. Öyrəndim ki, bundan əvvəl o, ingilis dilində Hərbi qısaltmalar lüğətini, eyni zamanda, "Azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca hərbi lüğət"i hazırlayıb. Bir neçə ay bundan əvvəl başa çatdırılmış lüğətə dilçi-alim kimi mən də rəy verməli oldum. Bu məqsədlə lüğətlə yaxından tanış oldum və gördüm ki, Bayram müəllim bu işdə nə qədər bilik, zəka və zəhmət ortaya qoyub. Çünki dilçilik sahəsində ən çətin işlərdən biri lüğət işidir, tərcümə və izah işidir. Bayram müəllim bu ağır işin öhdəsindən məharətlə gəlib və hesab edirəm ki, onun tərtib etdiyi bu lüğətlər hərbi qulluqçularımızın stolüstü kitablarından biri olacaqdır.

Bayram müəllim həm də gözəl jurnalistdir və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun özünəməxsus müşahidə qabiliyyəti, analitik düşüncəsi, ensiklopedik təfəkkürü, Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən bilməsi, səlist, aydın ifadə bacarığı ona müxtəlif zamanlarda respublikanın bir sıra mətbu orqanlarında maraqlı məqalələrlə çıxış etməyə imkan verir, bir ziyalı kimi həyatımızda baş verən ictimai-siyasi hadisələrə biganə qalmır.

2000-ci ilin əvvəllərindən Bayram Məmmədov həm də Azərbaycan Hap Ki Do Federasiyasının vitse-prezidenti kimi bu idman növünün respublikamızda inkişaf etməsində yaxından iştirak edir.

Onun indiyə qədər sadaladığımız xidmətləri dövlətimiz tərəfindən dəfələrlə dəyərləndirilib. Bayram müəllim SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı, ölkəmizin medalları, döş nişanları, Müdafiə nazirinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırılıb. 2015-ci ilin iyununda Bayram müəllim Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Bəli, Bayram Məmmədov ən mötəbər vəzifələrdə Azərbaycan torpağının qorunması uğrunda, gənc nəslin təlim-tərbiyəsində əlindən gələni edib. Onun həyatı xalqını, torpağını sevən hər bir Azərbaycan vətəndaşı üçün örnək, nümunə ola bilər. Bunu da qeyd etmək lazımdır ki, bu qədər vəzifələrdə olan, var-hal qazanmaq imkanı olan Bayram müəllimin nə bir maşını, nə bir fərli mənzili, nə bağ evi, nə arxasında bir az ehtiyatı-filanı var. Ona Mehdiabad qəsəbəsində qaçqın şəhərciyində bir sığınacaq veriblər. O, heç bu barədə danışmır, şikayət də eləmir, çünki nəfsitox, qəlbisaf, təmənnasız insandır, "dünya malı dünyada qalar" fəlsəfəsini yaxşı bilir. Çoxları kimi, əlinə imkan düşəndə bu milləti talamaq, soymaq, pula-mala görə hər şeyə getmək, hər şeyi satmaq fikrindən uzaq olub. Ona görə də sapı özümüzdən olan baltalar neçə dəfə Bayram Məmmədov kimi qeyrətli bir Azərbaycan oğlunu ləkələmək, gözdən salmaq, sındırmaq istəmişlər. Lakin bacarmamışlar, çünki haqq nazilər, üzülməz demiş atalar. Çünki Bayram müəllimin, birinci Allahı, ikinci ağlı-kamalı, dəmir iradəsi, təmiz əqidəsi qarşısında əl qaldırıb məğlub olmuşlar bu namərdlər, nanəciblər.

Bayram müəllim hazırda 64 yaşının içindədir, ancaq indi onun hansı həvəslə, enerji ilə öz işlərinə yanaşdığını görəndə, ona heç 40 yaş da vermək olmur. Mən onun bir dəqiqə belə boş dayandığını görmürəm, o, daim öz üzərində çalışır, axtarır, yaradır.

Bayram müəllimin həm də bu qədər ağır, məsuliyyətli və şərəfli yol keçməsində onun həyat yoldaşı, Zəngilan-Qubadlı elinin məşhur Paşayevlər nəslinin ziyalı qızı Xalidə xanım Əziz qızının rolu danılmazdır. Deyirlər, hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Bu, doğrudan da belədir. Müharibədə də arxa cəbhəsiz, arxasız-köməksiz ön cəbhə heç nə edə bilməz.

Hər bir valideynin şah əsəri onun böyütdüyü övladıdır. Qadir-qabil övlad valideynə hörmət, elə şöhrət gətirər. Bayram müəllimin iki oğlu və bir gözəl qızı var. Böyük oğlu, mayor Rəhman Məmmədov atasının yolunu layiqincə davam etdirir, Dövlət Sərhəd Xidmətində ləyaqətlə Vətənin keşiyində durur.

Kiçik oğlu ehtiyatda olan zabit Orxan Məmmədli idmançıdır, taekvando üzrə Avropa çempionu, Hap Ki Do üzrə dünya çempionu və əlbəyaxa döyüşlər üzrə üçqat dünya çempionudur. Azərbaycan Respublikasının idman ustasıdır. Qızı Mədinə xanım Bakı Slavyan Universitetini bitirib, ali təhsilli müəllimdir.

Deyirlər, ömrü daha şirin edən, gözəlləşdirən həm də nəvələrdir. Maşallah, Bayram müəllimin 8 nəvəsi var, hamısı da bir-birindən ağıllı, qabiliyyətli. Axı, ot kökü üstə bitər, deyib atalar. Bayram müəllim deyir: "Vaxt olduqca yığıram başıma onları, həyat dərsi keçirəm onlara, keçmişimiz, indimiz, gələcəyimiz barəsində danışıram".

Danış, Bayram müəllim, həm də təkcə öz nəvələrinə, balalarına yox, bütün gənclərimizə, millətimizə elə bu söhbəti, çünki sənin danışdığın adi söhbət deyil, onun hər biri bir mənəviyyat, mədəniyyət dərsidir, vətəndaşlıq, vətənpərvərlik dərsidir. Sənin kimi ağsaqqallara, ziyalılara bu gün xalqımızın çox böyük ehtiyacı var. Heç zaman ruhdan düşməyin, ümidiniz üzülməsin. Zəngilanı, Qubadlını, digər həsrətli torpaqlarımızı da mütləq qaytaracağıq.

Valeh NƏSİBLİ
Filologiya üzrə elmlər doktoru, professor

 





05.09.2019    çap et  çap et