525.Az

Əjdər Qiyaslının ömür və söz karvanı - Mina Rəşid


 

Əjdər Qiyaslının ömür və söz karvanı - <b style="color:red">Mina Rəşid </b>

Nurlu qocaların söhbətlərində,
Min hikmət görməyə Qarabağa gəl.
Ruzi var bağbanın alın tərində,
Şirin bar dərməyə Qarabağa gəl.

Ağdamdan Şuşaya çevir üzünü,
Dinlə Natəvanın şirin sözünü.
Vaqifin məskəni Cıdır düzünü
Dolanıb gəzməyə Qarabağa gəl.

Əjdər Qiyaslı... O mənim də, atamın, ulu babamın da doğulduğu Ağdamın Qiyaslı kəndində anadan olub. Ona görə də bu imza mənə uşaqlığımdan tanışdı. Amma onu həmişə təsəvvürümdə canlandırmışam. Çünki özünü görməmişdim. Bir neçə il əvvəl, onunla kitab təqdimatında tanış oldum. Ə.Qiyaslı göründüyü kimi, kəndimizin adını adına qovuşdurub. Onda el-obamızın gözəl çağları idi. Bakıda yaşasa da, bu adla doğma kəndini sanki başı üzərindən göyüzünə qaldırmağa çalışıb. Fəqət nə biləydi ki, bir gün ona ana kəndindən təkcə bu ad qalacaq... Və o, bu adla həm də elə bir dərd alacaq ki, çiyninə onu daşımaq çox, amma çox çətin olacaq. Onunla görüşəndə sanki ana yurdun bir parçası ilə görüşdüm, kəndimizə yollandım. İndi bu sətirləri yazmağa başlayanda yenə gözlərim dolmağa başladı... O boyda kəndi adında, yəni damarında, ürəyində daşıyan bir şair, alim ömrünü yaşamaq elə asan gəlməsin...

... Sızlayır qəlbimin qırıq telləri
Mizrabı vuranda könül tarına.
Haraya çağırır niskil elləri
Ağdam gileylənir övladlarına:

- Xeyli vaxtdır sizdən ayrı düşmüşəm
Həsrətdən ürəyim para-paradı.
Mən küsən deyildim, indi küsmüşəm
Dözümüm olsa da, günüm qaradı...
("Ağdam gileylənir övladlarına")

... Elə ona görə də Əjdər Qiyaslı yaşının bu sinində də özünü döyüşçü sanır...

Başımdan sovuşsun dərdim, ələmim,
İstərəm xalqıma köməyə gəlim.
Silaha çevrilib bu gün qələmim,
Mən də döyüşçüyəm əlimdə qələm.
("Mən də döyüşçüyəm...")

Və bu Vətən sevgisi sonsuzdu, təmənnasızdı...

Bir quş olub hər budağa qonmaram,
Vətənsiz ömürü ömür sanmaram,
Bu sevgidən bir təmənna ummaram
Mən Vətəni Vətən üçün sevirəm.

Onun haqqında daha artıq məlumat toplamağa çalışdım. Və qarşıma onun özü deyil, Ağdam şəhəri və kəndləri ilə birgə çıxdı. Qiyaslı kəndinin işığına onun uğrunda canından keçən və buna hazır olan oğullar sıraya düzüldü. Sinəsini düşmənə sipər etmiş Vətən oğulları... Bu mənada, Əjdər Qiyaslı demək, bax bu gördüyümüz əsir kənd və onun uğrunda şəhid olmuş oğullar deməkdir. Amma yox, "o yurdu xilas etmyə gələn karvanımız hələ yoldadır", - söyləyir qocaman şair...

Görünmür yolun sonu,
Haqdan biçilib donu,
Tanrı qoruyur onu
Karvan hələ yoldadır...

Və bu oğulların şücaətinə, qeyrətinə bələd olunca inanırsan karvanın mənzil başına tezliklə gəlib çıxmasına...

Qiyaslıdan kimi dindirsən, şəhid xanəndə Şahmalı Kürdoğludan, onun gözəl avazından söhbət açır.

Ə.Qiyaslı da bir şeirində ondan belə danışır:

"Zabul"u oxuyan o dillər hanı?
Səsini eşidib dinərdi bülbül.
İndi gec açılır səhərin danı...
Çəkir həsrətini hər qönçə, hər gül.

Doğma Qiyaslıydı aranın, dağın,
O yerlər bizimçün darıxır yaman.
Yanacaq yenə də nurlu çırağın
Hökmünü tezliklə verəcək zaman...

Əjdər Qiyaslınin ürəyində yurd itkisiylə bərabər bir övlad dağı da var. Belə ki, o, gənc alim, pedaqoq və şair olan Nəbat adlı qızını-ciyərparasını itirib...

Sən yaman sındırdın könül tarımı,
Yaram göz-göz oldu... qopardın, qızım.
Bütün istəyimi, arzularımı
Özünlə məzara apardın, qızım...

Qəlbində min kədər, gözlərində yaş olsa da, ömrünü mənalı yaşayıb Əjdər müəllim. Həlim xasiyyətli, xoş niyyətli olub həmişə. Çalışdığı İqtisad Universitetində neçə gəncin yoluna xeyir diləyib, çətinliyi olanlara kömək əlini uzadıb. İqtisadçı-alim, təcrübəli pedaqoq kimi onun iqtisadiyyatın aktual problemlərinə dair 8 kitabı, 85-dən çox elmi əsəri və 150-dən artıq elmi-publisist məqaləsi çap olunub. O, "İqtisadi nəzəriyyə" və "İqtisadi təlimlər tarixi" kimi iri həcmli dərsliklərin müəlliflərindən biridir. İstedadlı şair kimi bu günədək 14 kitabı çap edilib.

Yaşımın üstündə çox da əsmirəm,
Aylarım, illərim olur ucalıq.
Heç yana, heç yerə mən tələsmirəm
Sənsə tələsirsən hara, qocalıq?
("Qocalıq")

Beləliklə, Əsgərov Əjdər Xanlar oğlu 1935-ci il dekabrın 13-də Ağdamın Qiyaslı kəndində doğulub. Azərbaycan dövlət Xalq Təsərrüffatı İnstitutunda ali təhsil alıb. İqtisadçı alim, professordu. Həm də dünyanın himnini yazan yeganə şairdi. C.Quliyev himnin sözlərinə musiqi bəstələyib. Yazıçılar Biriyinin üzvü olan şair "Qızıl qələm", "Xalqın nüfuzlu ziyalısı" və "Araz" Ali Ədəbi mükafatlarının laureatıdır. Şeirləri Türkiyə, Təbriz, Moskva, Daşkənd və başqa yerlərdə çap edilib. S.Ələsgərov, R.Mirişli, C.Quliyev, M.Əhmədova, C.Musayev onun sözlərinə mahnı bəstəlyib.

Qarabağ, ay Qarabağ,
Ovçu quran tora bax.
Qayalarda kəkliyə,
Səmalarda sara bax.
...
...Qarabağ, ay Qarabağ,
Gəl, qəlbimi ara, bax.
Canım sənə qurbandı
Yolum düşsə hara, bax...

Əjdər müəllim, Allah Sizə cansağlığı, uzun ömür versin. Qarabağda, Şuşada, Ağdamda... üçrəngli bayrağımızın necə dalğalandığını fərəh və sevinclə seyr etməyi nəsib etsin Sizə və hər birimizə...

Mina RƏŞİD

 





05.09.2019    çap et  çap et