525.Az

Könül körpüsü - İsa Həbibbəyli yazır


 

Könül körpüsü - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Azərbaycan - Tatarıstan ədəbi-mədəni əlaqələrinin qədim tarixi və böyük ənənələri vardır. Lakin bu əlaqələr XIX əsrdə və XX əsrin əvvəllərində tamamilə yeni mərhələyə çevrilmişdir.

Görkəmli Azərbaycan alimi Mirzə Kazım-bəyin Kazan universitetində təhsil alması və Tatarıstandakı fəaliyyəti elm və maarifçilik sahəsində Azərbaycanla Tatarıstan arasındakı əlaqələrin əhəmiyyətli hadisəsidir. Ümumiyyətlə, əlaqələrin inkişafı üçün zəruri olan maarifçilik - yəni ədəbiyyat, mədəniyyət, təhsil, elm və ictimai fikir ölkəmizin qardaş Tatarıstanla əlaqələrində aparıcı mövqeyə malik olmuşdur. Bu baxımdan tatar ədəbiyyatının klassiki, görkəmli şair və ictimai xadimi Abdulla Tukayın Azərbaycanın yazıçı və şairləri, maarifçiləri ilə yaradıcılıq əlaqələri və dostluğu xalqlarımız arasındakı dərin münasibətlərin mükəmməl bir nümunəsidir. Böyük Azərbaycan yazıçısı Nəriman Nərimanovun Tatarıstan ədəbi-ictimai mühitində yaxından iştirakı ölkələrarası qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynamışdır. XX əsrin əvvəlləri Azərbaycan mətbuatında, xüsusən "Molla Nəsrəddin" jurnalında tatar ziyalılarının, ədəbiyyat adamlarının geniş təmsil olunması iki dost və qardaş xalq arasında böyük qarşılıqlı əməkdaşlıq körpülərinin yaranmasında xüsusi əhəmiyyətə malik olmuşdur. Sovetlər Birliyi dövründə bu əlaqələr vahid İttifaq dövləti çərçivəsində müəyyən inkişaf yolu keçmişdir. XXI əsrdə isə dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycan-Tatarıstan əlaqələri də müasir demokratik cəmiyyətin prinsipləri əsasında yenidən qurulmaqdadır. Bu cəhətdən Tatarıstanın xalq şairi və tanınmış ictimai xadim Razil Vəliyevin 2019-cu ilin iyul ayında Azərbaycana səfəri və onun "Payız yağmurları" şeirlər kitabının Bakıda çap olunması ölkələrimizin və xalqlarımızın çoxəsrlik tarixə malik olan çoxcəhətli əlaqələrinin inkişafında yeni səhifə və mühüm hadisə sayılmağa layiqdir.

Azərbaycan oxucusu üçün tanışlıq mənasında bildirmək istərdim ki, Razil Vəliyev (1947) hazırda Rusiya Federasiyası Tatarıstan Respublikasının Dövlət Şurasının deputatı kimi Təhsil, mədəniyyət, elm və milli məsələlər Komitəsinin sədri olaraq, bu zəruri istiqamətlərdə ölkəsində mühüm islahatların həyata keçirilməsində yaxından iştirak edir. Kazan Federal Universitetinin Jurnalistika Fakültəsini bitirmiş və uzun illər mətbuat işi və mədəniyyət sahəsində çalışmış, Tatarıstan Milli Kitabxanasının direktoru vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutundan məzun olan Razil Vəliyev bədii yaradıcılıq sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Müxtəlif illərdə çap olunmuş şeir kitabları və tərcümələri ilə o, müasir tatar ədəbiyyatının görkəmli nümayəndələrindən biri səviyyəsinə yüksəlmişdir. Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü olan Razil Vəliyevin əsərləri ölkəsi tərəfindən yüksək qiymətləndirilərək Abdulla Tukay adına Tatarıstan Dövlət Mükafatına və Musa Cəlil adına Respublika Mükafatına, Rusiya Yazıçılar Birliyinin "Vasili Şukşin" medalına layiq görülmüşdür. Hazırda o, Beynəlxalq PEN Klub Yazıçılar Təşkilatı Tatarıstan Mərkəzinin prezidenti kimi ölkəsinin ədəbiyyatı və mədəniyyətini dünyada layiqincə təmsil və təbliğ edir. Tatar dili və mədəniyyətinin inkişafı üzrə İctimai Birliyin - "Jıen" Fondunun sədri vəzifəsində apardığı məqsədyönlü İŞ də rəğbətlə qarşılanır.

Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan xalq şairi Razil Vəliyevin ədəbi fəaliyyətində lirika aparıcı mövqeyə malikdir. Müxtəlif illərdə çap olunmuş şeir kitabları ilə o, müasir Tatarıstan poeziyasının əsas yaradıcıları sırasına daxil olmuşdur. Əsərləri əsasən tatar dilində və rus dilində çıxan Razil Vəliyevin Dünya Gənc Türk Yazarları Birliyinin təşəbbüsü ilə Bakıda "Xan" nəşriyyatında nəşr edilmiş "Payız yağmurları" kitabı Tatarıstanın xalq şairinin Azərbaycan dilində çap olunan ilk kitabı kimi mühüm əhəmiyyətə malikdir. "Payız yağmurları" kitabının Bakı nəşri, eyni zamanda, Azərbaycan-Tatarıstan ədəbi əlaqələrinin yeni tarixi mərhələdəki inkişafının əlamətdar səhifələrindən biridir.

"Payız yağmurları" kitabının 2019-cu ilin iyul ayında şairin özünün iştirakı ilə Azərbaycan Yazıçılar Birliyində keçirilmiş müzakirələrində Azərbaycan alimləri, şairləri və yazıçılarının, mətbuat nümayəndələrinin geniş tərkibdə təmsil olunması, ədəbiyyat və mətbuat mühitində doğulduğu böyük əks-səda həm Razil Vəliyevin yaradıcılığına ölkəmizdə bəslənilən yüksək münasibətin, həm də Azərbaycan-Tatarıstan əlaqələrinə göstərilən diqqəti dolğun ifadəsidir. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil Komitəsində Razil Vəliyevlə keçirilmiş görüş və aparılan müzakirələr Azərbaycan-Tatarıstan əlaqələrinin, o cümlədən, parlamentlərarası münasibətlərin və ədəbi-mədəni əlaqələrin müasir dövrdə yenidən qurulmasının və daha da inkişaf etdirilməsinin böyük başlanğıcına, hərəkətverici qüvvəsinə çevrilmişdir.

Tatarıstanın xalq şairi Razil Vəliyevin yaradıcılığında ictimai lirika ilə təbiət lirikası vəhdət təşkil edir. Şeirləri göstərir ki, şair peyzaj lirikası vasitəsilə ictimai fikirlərini, vətəndaşlıq duyğularını çox böyük ustalıqla ifadə etməyin ustadıdır. Hansı mövzuda yazmasından asılı olmayaraq, Razil Vəliyev bütün məqamlarda şeirlərində ölkəsini və xalqını yüksək səviyyədə təmsil edən şair-vətəndaş kimi ürəklə təmsil edir. Sadəcə əsas fərq bundan ibarətdir ki, Razil Vəliyevin ictimai lirikasında bu tip poeziya üçün səciyyəvi olan zahiri təntənə, çağırışlar deyil, fikir və mətləblərin lirika vasitəsi ilə təbii və səmimi şəkildə mənalandırılması üstünlük qazanmışdır. Daha doğrusu, o, şeirdə oxucunun diqqətini daha tez cəlb edən ictimai ruhlu çağırışları qabarıq ifadə olunması kimi açan yolla getməyərək, içində yaşadığı mühit üçün zəruri olan mövzuları ədəbiyyatda xeyli dərəcədə çətin olan xalis lirik şeirlərlə, obrazlı bədii vasitələrlə mənalandırmaq vəzifəsini yüksək səviyyədə həyata keçirməyi bacarmışdır. Əslində, bununla Razil Vəliyev müasir cəmiyyətdən gələn ictimai sifarişlərin sadəcə qafiyələndirilməsini yox, poetik cəhətdən mənalandırılması missiyasını istedadla yerinə yetirən əsl şair olduğunu isbat etmişdir. Bu mənada xalq şairi Razil Vəliyevin dünya haqqında düşünərkən də, doğma torpağı vəsf edərkən bənzərsiz obrazlı düşüncələrə malik şeir-vətəndaş olduğunu həssas oxucu dərhal başa düşür. "Torpağın mədhi" şeirindəki aşağıdakı misralar əsl şairliklə əsl vətəndaşlığın üzvü vəhdətindən yoğrulmuş mükəmməl şeir nümunəsidir:

Bu ağaclar - ağac deyil,
Ağaclar - dünya nəfəsi...
Bu yamaclar yamac deyil,
Yamaclar-torpaq şirəsi.
...Tayfun, qasırğa nə olsun bəs?
Onlar yerin qarğışıdır.
Bombalar da bomba deyil,
Bomba-insan yanlışıdır.
...Yurdum - torpağım köksündə,
Göy göl deyil - durna yolu...
Nəğməni torpağa yazdım,
Nəğməm torpaqtək ulu.

Həqiqətən də xalq şairi Razil Vəliyevin şeirləri obrazlı şəkildə desək, ana torpağa ilhamla yazılmış nəğmələrdir. Özünün də şeirlərində ifadə etdiyi kimi, Razil Vəliyev vurğunu olduğu doğma torpağın, onun ecazkar çölləri və güllərinin, onu həyata və insanlara açan tale yollarının gerçək poeziyasını yaradan fərqli şair bəndəsidir:

Enişim, yoxuşum, naxışım,
Naxışım-həyata baxışım.
Ömrümə sizinlə başladım -
Mən burda sizinlə yayladım,
Mən burda sizinlə başladım.
...Yollarım sizlədi, məndən iz,
Sizi unutmaz bu bəndəniz.

"Odlu yaddaş" silsiləsindən yazılmış şeirlərində Razil Vəliyev Tatarıstan torpaqlarını da əhatə etmiş Böyük Vətən müharibəsi illərinin hadisələrini mənalandırarkən proseslərə obyektiv vətəndaş qiyməti verməklə bərabər, həm də baş vermiş əhvalatlar haqqında obrazlı baxışlarını da meydana qoyur. Müharibə illərində tatar xalqının əhvali-ruhiyyəsini ölkəsinin milli bayramı olan "şanlı Sabantuyun qanlı Sabantuya dönməsi", arxada cəbhədə döyüşən əsgərlərinin ümidlərini qırmadan cəfakeş qadınlarının ürəyinin istisi kimi yapılan "dərddən acı baldan şirin müharibə çörəyini" dövrün hadisələrinin fonunda mənalandırması onun nəhayət müəyyən ümumiləşmiş nəticəyə gəlməsinə imkan yaratmışdır. O, tatar xalqının görkəmli şairi Musa Cəlilə "Moabit dəftəri" yazdıran müharibə kimi hərbi-ictimai məzmunlu bir mövzuda yazarkən yaradıcılıq üslubuna sadiq qalaraq, ayrı-ayrı detalların bədiiləşdirilməsi əsasında "yerdə qan gölü" yaradan bu dəhşətli hadisənin təsviri və tərənnümünə öz naxışını gətirir, möhürümü vurur. Buna görə də müharibə mövzusundan Razil Vəliyevin çıxardığı yekun qənaətlər təsirli və yaddaqalan olmaqla bərabər, həm də bu ənənəvi mövzuya onun gətirdiyi özünəməxsus poetik əlavələr kimi səslənir:

Niyə belə etdin, müharibə sən?
Girməyən tək bircə ev də qalmadı.
Axı kimsə sənə qol açmamışdı,
Qonaq bilib, gəl də deyən olmadı.

Azadlıq yolunda görərsiz bizi.
Azadlıq üçündür saf niyyətimiz.
Düşmən artırdıqca nifrətimizi,
Hey artır Vətənə məhəbbətimiz.

"Payız yağmurları" şeirlər kitabındakı xalq şairi Razil Vəliyevin poeziyasının poetik rəngləri ilk növbədə onun təbiətə və cəmiyyətə münasibətini ifadə edir. Şairlərindən aydın surətdə görünür ki, o, təbiətin bütün fəsillərini şairanə şəkildə, obrazlı bədii vasitələrlə mənalandırır. Onun poetik rübabında yay fəsli - "iyul yanğını", qış misraları "ağ qar üstə yazılmış şeirlər", yaxud tam tərsinə "qara sevdatək barsız" fəslin mənalandırılması, yaz ovqatı "yağış ardından gələn əlvan "Göy qurşağı", "hər tərəf ağ almalıq", "çiçək yağışı" kimi özünəməxsus təsvir vasitələri ilə vəsf olunur. Yazla qışın müqayisəsi şairə təbiət hadisəsi vasitəsilə özünün ictimai fikirlərini ifadə etməyə şərait yaradır. Heç şübhəsiz, Razil Vəliyevin "hər qışın sonunda gül baharı var", yaxud "geriyə dönür yazılar" kimi misralarında təbiət hadisələri əsasında cəmiyyətdə, insan həyatında gedən dəyişilmə, yeniləşmə proseslərdən bəhs edilir.

Razil Vəliyevin payız fəslinə dair obrazlı ifadələri bir çox hallarda poetik kəşf təəssüratı yaradır. Onun şeirlərində payız fəsli "gözəl üzlü, sarı donlu bir qız", "gözusulu, gözəl bir qız", "çəkingən bir qız" kimi insaniləşdirilmişdir. Şair payız fəslini "başında dumandan şal, meyvə dodağında bal" kimi fərqli şəkildə təqdim edir. Onun "Rənglər" silsiləsində də payız ovqatının çalarları mənadaşıyıcılıq baxımından daha çox yüklənmişdir. Ən başlıcası isə Razil Vəliyev payız fəslinə ənənəvi poeziyada olduğu kimi "xəzan fəsli" mənasında yox, fəlsəfi mənada "yolun davamı" kimi baxır:

Ağappaq qar şəfqət bacısıdırmı?
Ağappaq qar dərdə dava olarmı?
Məni yanar görsən, üzümdən tanı
Mənimki Payızdır - yolun davamı...

Razil Vəliyevin "Rənglər" silsiləsindəki rəng çalarlarının poetik ifadəsi şairin ictimai-fəlsəfi baxışlarını ifadə etmək üçün düşünülmüş bədii vasitədir. "Rənglər" silsiləsi Razil Vəliyevin obrazlı düşünmək istedadını və cəmiyyəti fəlsəfi baxımdan mənalandırmaq qabiliyyətini bir yerdə, vəhdətdə ifadə edir. Onun nəzərində "qara rəng - böyüklüyün", qırmızı - qan-qadanın, "sarı rəng - soyuqluğun", "ağ rəng - ağ günün rəngidi".

Bu mənada "Rənglər" silsiləsi Razil Vəliyevin rənglərin bütün çalarlarından məna çıxarmaq məharətini meydana qoyur. "Rənglər" silsiləsi cəmiyyət hadisələrinin dərindən dərk edən şairin zəngin həyat təcrübəsinin və şairlik istedadının nəticəsində meydana çıxmış mükəmməl sənət nümunələridir. Yeni tarixi mərhələdə yaradılmış Razil Vəliyevin "Rənglər" şeirləri Azərbaycan xalq şairi Rəsul Rzanın dünya ədəbiyyatının şedevrlərindən olan məşhur "Rənglər" şeirlər silsiləsinə növbəti poetik dəstəkdir.

Xalq şairi Razil Vəliyevin şeirlərində lirika aparıcı olsa da, müəyyən süjet əlamətləri də müşahidə olunur. Lakin həmin epik elementlər şeirdə hadisəçiliyə aparmayıb, lirikanın daha da dərinləşdirilməsinə xidmət edir.

"Alma" şeirində yeni obrazlı təsbeh kimi tapılmış "ürəyim - içindən düşən alma" qənaətini yaratmaq üçün "göydən alma düşdü" motivini xatırlatmaq yolu ilə epik təsvir lirik ovqatın bədii ifadəsinə tabe edilmişdir. "Həyat artimetikası", "Yaddaş", "Vəd", "Şair", "Müharibə çörəyi", "Hekayət" şeirlərindəki zərif süjet əlamətləri yekun mətləbi mənalandıran lirik bədii ümumiləşdirməyə zəmin yaradır. Süjetli lirikanın bu nümunəsi şeir texnologiyası baxımından çətin olub, lirikanın içində yaşayan epik anı dərin müşahidə əsasında tapıb bədiiləşdirmək məharəti tələb edən sənətkarlıq işidir. Xalq şairi Razil Vəliyev sadəcə epik cizgiləri olan süjetli lirika nümunələri yaratmağın bacarıqlı ustadı kimi diqqəti cəlb edir. "Müharibə çörəyi" şeiri yeni dövr poeziyasında süjetli lirikanın kamil nümunəsi sayılmağa layiqdir.

Xalq şairi Razil Vəliyevin ideya-sənətkarlıq cəhətdən cəlbedici və əhəmiyyətli olan şeir yaradıcılığının estetik idealı dünyanı addım-addım dərk etmək, insanı, təbiəti sevə-sevə yaşamaq doğma xalqının və bəşəriyyətinin birliyinə, həmrəyliyinə nail olmaqla insanlığı səadətə çağırmaqdan ibarətdir. Bu cəhətdən "Səadət" şeiri onun yaradıcılığının mənalı bir ümumiləşdirilmiş yekunu sayıla bilər:

Bu gün bütün insanlar doğmamdı,
Bütün dünya doğma məmləkətim.
Çıxıb gedən yarım geri dönüb,
Qucaq dolu sevinc-gül buketi.

... Gecəni oyadar yallı rəqsi,
Yallı gedər əl-ələ millətim.
Ruh verər hər kəsə ruh dairəsi,
Bürüyən dünyanı birlik səsi.

Razil Vəliyevin "Payız yağmurları" kitabında şeirlərin Azərbaycan dilinə tərcümələri eyni kitabda tatarca orijinalı ilə birlikdə oxuculara təqdim olunmuşdur. Bu, istedadlı tərcüməçi Həyat Şəminin tatar ədəbiyyatının görkəmli nümayəndəsinin şeirlərini dilimizə çevirərkən orijinalın ruhuna sadiq qalacağına əminliyinin ifadəsidir.

Azərbaycan oxucusuna təqdim olunan "Payız yağmurları" kitabı xalq şairi Razil Vəliyevin müasir tatar ədəbiyyatının görkəmli yaradıcılarından biri olduğunu əyani surətdə nümayiş etdirir. Tanış olduğumuz şeirlərin yüksək ideya-estetik səviyyəsi və bənzərsiz poetikası Razil Vəliyevin yaradıcılığından Müstəqil Dövlətlər Birliyi məkanının fərqli və əhəmiyyətli ədəbiyyat faktı, habelə türk xalqları ədəbiyyatının qiymətli poetik örnəyi kimi də söz açmağa əsas verir. Nəhayət, xalq şairi Razil Vəliyevin "Payız yağmurları" kitabının Bakı nəşri Azərbaycan-Tatarıstan ədəbi əlaqələrinin əhəmiyyətli bir körpüsüdür. İstedadlı cavan yazıçı və ədəbiyyatşünas Şəmil Sadığın kitaba yazdığı yığcam və mənalı ön sözünü "Qardaşdan-qardaşa könül körpüsü" adlandırması da, fikrimizcə, təsadüfi olmayıb, yeni tarixi epoxada ədəbi əlaqələrin roluna və əhəmiyyətinə, xüsusən də xalq şairi Razil Vəliyevin yaradıcılığına verilmiş obyektiv elmi qiymətin ifadəsidir.

"Payız yağmurları" kitabındakı şeirlər Razil Vəliyevin yaradıcılığının, geniş mənada müasir tatar şeirinin ideya-bədii cəhətdən Azərbaycan poeziyasının ənənələri və bugünkü inkişaf meylləri ilə nə qədər yaxın və dogma olduğunu nəzərə çarpdırır.

Həqiqətən, xalq şairi Razil Vəliyevin "Payız yağmurları" kitabı müasir tatar ədəbiyyatının "ilhamlı ürək sözlərini" Azərbaycan oxucusuna çatdıran mənalı bir könül körpüsüdür.

 





06.09.2019    çap et  çap et