525.Az

E-notariat sistemi sənədlərin rəsmiləşdirilməsi prosesini xeyli sadələşdirib


 

E-notariat sistemi sənədlərin rəsmiləşdirilməsi prosesini xeyli sadələşdirib<b style="color:red"></b>

“Azərbaycanda notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb”.

Bunu “525”ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.

O bildirib ki, respublikamızda notariat ofislərini vahid şəbəkədə birləşdirən Elektron Notariat İnformasiya Sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirib:

“Elektron Notariat İnformasiya Sistemi Mülki Məcəllə, “Notariat haqqında” qanun, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” və notariat fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir. Bu informasiya sistemi vasitəsi ilə notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi, notariat hərəkətləri üzrə sənədlərin elektron məlumat bazasında axtarışının aparılması, statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və digər qurumlara elektron formada göndərilməsi təmin edilir. Həmçinin, yeni sistem vasitəsi ilə notariat hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların əks olunması, notariat hərəkətlərinə dair sənədlərin layihələrinin informasiya sistemi vasitəsilə hazırlanması, informasiya sisteminin istifadəçiləri üçün şəxsi elektron kabinetin təşkili, arxiv notariat sənədlərinin elektron nüsxələrinin bazasının yaradılması, inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin hesablanması və digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi mümkündür”.

R.Qaraşov qeyd edib ki, Elektron Notariat İnformasiya Sistemi 2018-ci il aprelin 24-də Ədliyyə Nazirliyininkollegiya qərarı ilə təsdiq edilmiş qaydalarla idarə edilir.

Vəkil bildirib ki, e-notariat sistemində köməkçi xidmətlər də mövcuddur:

“Əhalinin dövlət reyestrindən məlumatın alınması xidməti notariat hərəkətinin aparılması ilə əlaqədar şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlar, o cümlədən ailə vəziyyəti haqqında məlumatın əldə edilməsini nəzərdə tutur. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında məlumatın alınması xidməti ünvana əsasən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumatın əldə edilməsi üçün yaradılıb. Daşınmaz əmlakın dövlət reyestrinə sorğu xidməti notariat hərəkətinin predmeti olan daşınmaz əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron çıxarışın “Elektron hökumət” portalından, eləcə də onların məhdudlaşdırılması (yüklülüyü) barədə arayışların Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron qaydada əldə edilməsi üçün nəzərdə tutulub. Bundan başqa, bəyannamələrin elektron tərtibi xidməti daşınmaz əmlakın təqdim edilməsi üzrə hesablanmış sadələşdirilmiş vergiyə dair bəyannamələrin avtomatlaşdırılmış formada tərtibi və aidiyyəti üzrə elektron formada göndərilməsi üçün istifadəyə verilib. Tərcümənin təşkili xidməti isə sənədlərin ixtisaslı kadrların tərcümə etməsi məqsədilə onların elektron formada onlayn ötürülməsi və qəbulu üçün yaradılıb”.

Mobil notariat qovluğu haqda da məlumat verən R.Qaraşovun sözlərinə görə, bu, elektron notariat sisteminin tərkib hissəsidir:

“Mobil telefon vasitəsi ilə “mobil notariat” proqramını yükləyib qeydiyyatdan keçməklə bu xidmətlərdən istifadə etmək olar. Mobil notariat qovluğuna daxil olan zaman natariat xidmətləri göstərən notariusların siyahısı, yerləşmə ünvanları və əlaqə vasitələri ilk pəncərədə təqdim olunur”.

“Mobil tətbiqdə notariat hərəkətlərinin rəsmləşdirilməsi üçün ödənilməli vəsaitin məbləği, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan başqa,mobil qovluqda şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatlarla bağlı sənədlərin elektron nüsxələri nəzərdən keçirilə bilər”, - deyə R.Qaraşov əlavə edib. 

C.ABASOV

 





06.09.2019    çap et  çap et