525.Az

İsrailli şairin Azərbaycan dilinə tərcümə edilmiş kitabı təqdim olundu


 

İsrailli şairin Azərbaycan dilinə tərcümə edilmiş kitabı təqdim olundu <b style="color:red"></b>

Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış yəhudi şairi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan dilinə tərcümə olunmuş şeirlər toplusunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda şairə Raxelin Azərbaycan dilinə tərcümə olunmuş şeirləri ilə yanaşı, ivrit dilində əsərləri də yer alıb.

İsrailin ölkəmizdəki səfirinin müavini Avital Rosenberq tədbirdə çıxış edərək bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə olunması İsrail səfirliyinin təşəbbüsü ilə reallaşıb. Qeyd edib ki, müəllif bununla İsrail xalqının mədəniyyətini Azərbaycana tanıtmağa çalışıb.

Səfirin müavini deyib ki, kitabın tərcüməsində artıq rus dilinə tərcümə olunmuş mətnlərdən istifadə edilib.

O, tərcümənin olduqca dəqiq edildiyini vurğulayıb.

Kitabı dilimizə çevirən ssenarist, şair və tərcüməçi Vaqif Rəsuloğlu bildirib ki, bu, onun yəhudi şairlərindən ilk tərcüməsi deyil. O, İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə "İsrailin 100 şairi" adlı kitabının da müəllifidir. "Belə alındı ki, Raxel Bluvşteyn mənim ən çox sevdiyim israilli şair oldu. Taleyinin pis gətirməsi səbəbindən onun əsərlərində sevgi və kədərli mövzular daha çox yer alır", - deyə tərcüməçi əlavə edib.

Qeyd edək ki, V.Rəsuloğlu 25 şeirdən ibarət olan toplunu demək olar bir günə tərcümə edib.

Tədbirdə çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib: "Böyük şəxsiyyətlərin ömrü yaşadığı illərlə deyil, gördüyü əməllərlə ölçülür. Mən Raxelin həyatı ilə tanış olanda onun acı taleyini hiss etdim".

Tədbir boyunca Raxel Bluvşteynin Azərbaycan dilində şeirləri səsləndirilib.

Azərbaycan Dillər Universitetinin tələbəsi Gülər Tağıyeva müəllifin ivrit dilində "Doğma torpağım" adlı şerini oxuyub.

Sonra Yekaterina İsayeva müəllifin şerinə bəstələnən "Kədərli motiv" mahnısını ifa edib.

Raxel Bluvşteyn (adətən sadəcə Raxel kimi tanınırdı) dünyaca məşhur yəhudi şairidir. O, öz əsərlərini əsasən ivrit dilində yazıb.

Raxel 1890-cı ildə Saratovda tacir ailəsində anadan olub. Uşaqlığını və gəncliyini Poltavada keçirib. O, yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb.

1909-cu ildə Raxel Rusiya İmperiyasını tərk edərək İsrailin Rehovot şəhərinə köçüb və orada ivrit dilini öyrənib. 1910-cu ilin payızından etibarən o, kənd təsərrüfatı briqadasının tərkibində zeytun plantasiyalarında işləməyə başlayıb. 1911-ci ilin aprel ayından tələbə olan Raxel Kinneret gölünün yaxınlığında məskulaşıb və ömrünün ən yaxşı günlərini məhz orada keçirib. Şair ömrünün bu çağlarını şeirlərində tez-tez xatırlayır.

Raxel 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və Raxel İsrailə qayıda bilməyib. Bunun əvəzində isə Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Təəssüf ki, orada vərəm xəstəliyinə yoluxub və 40 yaşında dünyasını dəyişib. Raxel ən yaxşı şeirlərini Təl-Əvivdə tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.

1931-ci il aprelin 16-da vəfat edən şairə şeirlərində tərənnüm etdiyi Kinneretin sahilində dəfn olunub.

 





06.09.2019    çap et  çap et