525.Az

Qadının gedişi... - Türkan Turan yazır


 

Qadının gedişi... - <b style="color:red">Türkan Turan yazır</b>

"Onsuz yaşaya bilmərəm, ölərəm" deyib hönkür-hönkür ağlamağa başladı. Bir qədər sonra özünə gəldi və danışmağa davam elədi. "Sən bilmirsən e, bizim sevgimiz başqadır".

Sakit şəkildə "indi bu cür hiss etməyin normaldır" dedim. Caynaqlarını çıxardıb, dişlərini qıcayaraq hücuma keçməyə çalışan canavar kimi hazır vəziyyətdə dayandı. Sözlərim onu özündən çıxartmışdı, amma zorla da olsa, təmkinini qorudu. Saatlarla danışdıq, üstündən bir neçə gün keçəndən sonra onu daha rahat gördüm. Aylardır çəkdiyi işgəncədən dərs çıxartmışdı, reallığı qəbul etmişdi, hətta radikal qərarlar vermişdi. Göstərdiyi güc nümayişinə heyranlıq duydum. Onsuz öləcəyini zənn etdiyi insanın üzünü belə görmək istəmirdi.

Münaqişə dönəmi...

Cəmiyyətin başlıca problemi nədir deyə sual versələr, düşünmədən "münasibətlər" deyərəm. İlahi, ətrafda nə qədər sınıq-salxaq, kələ-kötür əlaqələr var. Səkkizindən yeddisi yaralı, sancılı, ağrılıdır. Kənardan baxanda çox da gözə batmır, amma bir az yaxınlaşanda dumandan, sisdən keçilmədiyini görürsən. Anlayış yox, fədakarlıq yox, güzəştə getmək yox, dəyər vermək yoxdur. Hərə öz eqosunu qucaqlayıb meydan oxumaqla məşğuldur. Nə kaprizləri bitir, nə mübahisələri dayanır. Elə bil qarşısındakının dizini yerə qoymaq üçün bir-biri ilə yarışa giriblər. Özlərini sevgili yox, düşmən kimi aparırlar, bir-birilərinə əzab verməkdən zövq alır, bir-birilərinin qanına yerikləyirlər. Nəyin mübarizəsidir, nəyin acığını çıxırlar, hansı əskikliklərini tamamlamağa çalışırlar anlamaq olmur. Adama deyərlər zövq almaq varkən niyə didişirsən, niyə qarşındakının həyatını zindana çevirmək ehtirası ilə qovrulursan?

Asılılıq

Bu cür münasibətlərdə tərəflərdən biri əzən, digəri əzilən olur. Bilərəkdən və ya bilməyərəkdən qarşısındakını özünə tabe edir. Qısa zamanda yaman günə qalırlar. Ola bilər ki, fiziki və zehni olaraq hər şey qaydasındadır, amma asılılıq adamı özünü tanıya bilməyəcək hala gətirir. "Birdən gedər", "birdən tərk edər" deyə-deyə dayanmadan səhvlər edirlər. Nəticədə münasibət məhvə sürüklənir. Ayrılıq yaxınlaşdıqca vəziyyət daha da kritikləşir, "o, mənim hər şeyimdir, onsuz yaşaya bilmərəm" deyilir. Qarşıdakı da bundan arxayınlaşır. Artıq mövcud durumdan qaçmağa deyil, asılı olanın çırpınışlarından, yalvarışlarından zövq almağa başlayır. Eqosu tumarlanır, özünü vazkeçilməz hiss edərək şişə bildikcə şişir. O, yüksəldikcə qarşısındakı daha da kiçilir. Asılı tərəf isə bu vəziyyətə boyun əyir, onu itirməmək naminə hər şeyə razı olur. Əzilən mütəmadi olaraq yeni yollar axtarır. Əgər bu qadındırsa, kişinin gah anası roluna girir, gah köləsinə çevrilir. Əgər kişidirsə, qadının atası, mühafizəçisi, bankomatı, müşahidə kamerası, sürücüsü olmağa çalışır. Onun gözündə azacıq dəyər qazanmaq üçün girmədiyi rol qalmır. Nəticə isə kədərli olur.
Halbuki bütün bunları eləməyə gərək yoxdur. Bir stəkan süd üçün bir inək saxlamaq zəhmətinə qatlanmaq lazım deyil. Əməyinizin qarşılığını görə bilmədiyiniz münasibətlərdən əl çəkin, vəssalam.

Qadın bitdi deyirsə, bitir

Adətən asılılıqdan əziyyət çəkən, özünü yapışqan kimi aparan qadınlar olur. Münasibət boyu susmurlar. Hər şey qaydasına düşsün deyə dəridən-qabıqdan çıxırlar və bitdiyi günə qədər əzabdan qıvrılırlar. Məsələ burasındadır ki, qadın münasibət bitənə qədər acı çəkir. Qaydasına düşsün deyə əlindən gələni edir. Ağlayır, sızlayır, özünü dağa-daşa vurur. Əgər etdikləri nəticə vermirsə, bitdi deyir və geri çəkilir. Kişilərdə isə vəziyyət bir az fərqlidir. Bitənə qədər işin ciddiyyətini dərk etmirlər. Qadının böyütdüyünü düşünürlər. Həm də özündən asılı olduğunu bildiyi üçün rahat hərəkət edirlər. Çünki qarşıdakının gedəcəyini heç vaxt düşünmürlər. Əksinə, "düzələr", "həll edərik" deyə-deyə günü-günə calayırlar. Ta ki, qadının bitirdiyini görənə qədər. O andan etibarən kişi çabalamağa başlayır. Həmin məqamda isə iş işdən çoxdan keçmiş olur və kişi üçün yas dönəmi başlayır. Bu səbəbdən qadın münasibət zamanı, kişi bitdikdən sonra əzab çəkir. Qadının zərrə qədər ümidi qalmayanda çıxıb gedir və bunun geri dönüşü olmur.

Əslində kişilər...

Qadın çox keçmədən aşiq olur və onun üçün yeni mərhələ başlayır. "Yox, elə deyil, kişilər bu, məsələdə daha fərasətlidir" söyləyənlərə demək istəyirəm ki, bu ağ yalandır. Kişilərin adaptasiya müddəti uzundur. Yeni vəziyyətə ayaq uydurmağa çətinlik çəkirlər. Ona görə sevgi yox, fastfood kimi biratımlıq münasibətlərlə günlərini keçirirlər. Ətrafımda sevgilisindən ayrılan kişilər də var, qadınlar da. Qadınlar çoxdan yolu yarılayıb, kişilər isə hələ də yıxıldıqları yerdən qalxa bilməyiblər. Təbii ki, söhbət uzunmüddətli və daha dərin münasibətlərdən çıxmış adamlardan gedir. Bu kimi hallarda kişinin qopmağı çətin olur. Qadın isə lazım olan davranış nədirsə onu sərgiləyir və həqiqətlər qarşısında çox dirənmir. Amma kişi heç nə olmamış kimi davam edə bilmir. Münasibəti bitirib bir ay içində digər münasibətə başlayan kişi görə bilməzsiniz, amma bu addımı atan yüzlərlə qadın göstərə bilərəm. Qadın həyata qarşı kişidən daha dözümlüdür. Yeri gəlmişkən, həmin xanım yenə pərvazlanıb. Çünki aşiq olub.

 





07.09.2019    çap et  çap et