525.Az

Beyləqanda "Hərbiyyə -101" düşərgəsi təşkil olundu


 

Beyləqanda "Hərbiyyə -101" düşərgəsi təşkil olundu <b style="color:red"></b>

"ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə Bakının azad olunmasının 101-ci illiyilə bağlı "Hərbiyyə - 101" hərbi vətənpərvərlik düşərgəsi təşkil edib.

Sentyabrın 5-də Beyləqanda keçirilən açılış mərasimi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, komandirlər və digər qonaqlar iştirak ediblər.

Ü.Mehdiyev bildirib ki, bu, cari ildə gerçəkləşən ikinci, ümumiyyətlə isə dördüncü belə tədbirdir: "Bir müddət öncə Gədəbəy rayonunda Müdafiə Nazirliyi ilə birgə 100 nəfər könüllü üçün düşərgə təşkil olunmuşdu. Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş "Hərbiyyə - 101" hərbi vətənpərvərlik düşərgəsinə start verdik. Bu düşərgəyə 101 Asan Könüllüsü cəlb edilib. İlk elan verildiyi gündən 1200 gənc bu düşərgədə iştirak üçün müraciət etmişdi. Ölkə rəhbərliyinin tapşırığı əsasında Müdafiə Nazirliyi ilə birgə könüllülərin müraciətinə müsbət cavab verildi və bu düşərgə təşkil olundu. Azərbaycan gəncliyi vətənpərvərliyilə də seçilir. Çalışırıq ki, gənclərimiz bu istiqamətdə daha da inkişaf etsinlər, onların vətənpərvərlik ruhu daima güclənsin".

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı A.Qurbani bölgənin təbii-coğrafi şəraiti, keçirilən tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüb: "Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində vətənimizin hər qarışının müdafiəsi yüksək səviyyədə təşkil olunub, ən müasir şərait, güclü, sarsılmaz mövqelər yaradılıb ".

Çıxış edən digər qonaqlar da Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Həmçinin, ölkəmizdə regionların sosial-iqtisadi inkişafından söz açaraq, ASAN Könüllüləri tərəfindən dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Sonra "Hərbiyyə" hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan yüksək şəraitlə, güclü maddi-texniki baza, əlverişli infrastrukturlarla tanış olublar. Onlar belə bir qüdrətli orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Qeyd edək ki, Beyləqandakı düşərgə sentyabrın 10-dək davam edəcək. Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktika, qarovul, atəş, topoqrafiya, komandirlik hazırlıqlarında iştirak edəcəklər. Bundan əlavə, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar da təşkil olunacaq.

Şəhla ASLAN

 





08.09.2019    çap et  çap et