525.Az

Şəkidə Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı


 

Şəkidə Xalq rəssamı Əşrəf Heybətovun sərgisi açıldı <b style="color:red"></b>

Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun "Ekspress" adlı sərgisi təşkil edilib.

Sərginin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və Azərbaycan Rəssamlar İttifaqı Şəki bölməsinin rəhbəri Tahir Həmidli çıxış edərək, rəssamın yaradıcılığı və fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, onun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil edilib.

Əşrəf Heybətov, eyni zamanda, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

Xalq rəssamı çıxışında Şəkini çox sevdiyini vurğulayaraq, sərginin təşkilinə göstərdikləri dəstəyə görə Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sərgidən əvvəl Əşrəf Heybətov "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində Şəkinin gənc rəssamları üçün ustad dərslər də təşkil edib.

 





08.09.2019    çap et  çap et