525.Az

Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi - Ərtoğrul Cavid


 

Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi - <b style="color:red">Ərtoğrul Cavid</b>

Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrol şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə verib. O, hələ ikinci sinifdə oxuduğu zaman "Ay" adlı şeir yazmış və bununla diqqət çəkmişdi.

Ərtoğrol Cavid 1936-cı ildə Lenin adına Pedaqoji İnstituta (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olaraq, 1940-cı ildə isə ali təhsilini uğurla başa vurur. Həmçinin, institutda oxuya-oxuya korifey sənətkar Bülbülün rəhbərliyi ilə fəaliyyət göstərən Musiqi Elmi-Tədqiqat Kabinetində (METK) çalışıb. Hər iki elm ocağı Ərtoğrol Cavidin, yuxarıda qeyd etdiyimiz kimi, filoloq-alim, dramaturq, tərcüməçi, musiqişünas və ya bəstəkar kimi yetişməsinə zəmin yaradıb. Əgər ali məktəbdə Ərtoğrol Cavidə ictimai-pedaqoji hərəkatın əsas simaları sayılan Mir Cəlal Paşayev, Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfər, Əkbər Ağayev, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə kimi Azərbaycan elminin klassikləri mühazirələr oxumuşdularsa, musiqi sahəsində də Bülbül, Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Cabbar Qaryağdı, Seyid Şuşinski, Rudolf kimi nəhənglərdən dərs almış, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev və başqa parlaq şəxsiyyətlərlə çiyin-çiyinə işləmişdi.

Ərtoğrol Cavid ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş (1941) və musiqi təhsilini daha da təkmilləşdirmişdi.

Yaradıcılığa "TOƏC" (Türk Oğlu Ərtoğrol Cavid) imzası ilə başlamışdır. Sovet rejiminin tüğyanına, atasının repressiyaya məruz qalmasına baxmayaraq, Ərtoğrol imzasını dəyişməyərək milli kökə, milli ruha ömrünün sonuna qədər sadiq qalmışdı.

"Göyərçinin naləsi", "Sönük həyat", "Qalibiyyət nəğməsi", "İspan qadını dilindən layla" kimi adlı şeirlərində ömrünün qayğısız nikbin günləri və yaşına uyğun gəlməyən bədbinlik notları öz əksini tapıb. Ərtoğrol Cavidin çoxçalarlı yaradıcılığına nəzər salan zaman görürük ki, onun yaradıcılığında nəcib əxlaqi keyfiyyətlər öz qabarıq əksini tapır. O nəcib əxlaqi keyfiyyətlər də Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldırmaq ideyası ilə birləşir. "Qalibiyyət nəğməsi" şeirində oxuyuruq:

Mərd iyidlər nərəsi, yaralıların səsi,
Hər ürəkdə doğursun qalibiyyət həvəsi.
Cəbhələrdən səs gəlir, o səsdən həvəs gəlir,
Qalibiyyət bizimdir, "ura..." səsi yüksəlir.

Ərtoğrol Cavidin yaradıcılığında əsas amal xalqını azad, müstəqil xalq görməkdir. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli soykökə bağlılığa, milli azadlığa, müstəqilliyə çağırır. Yüksək mədəniyyətə malik vətənpərvər, milli ideyalar carçısı, humanist, işgüzar, dərin düşüncəli pedaqoq, fədakar mədəniyyət xadimi Ərtoğrol Cavidin vur-tut 24 illik (1919-1943) ömür yolu hər mənada gənclərə nümunə sayıla bilər.
"Etüd", "Uğursuz gecə", "Bir obraz", "Vərəmli qız", "Həyat", "Dostlar", "Professorun ailəsi", "Eqoistin taleyi" kimi nəsr və pyeslərində ictimai-sosial, mənəvi-əxlaqi məsələlər geniş şəkildə öz əksini tapıb. Ərtoğrol Cavidin 1939-cu ildə tamamladığı və oxucu gənclərin maraq dairəsinə sahib olacaq ilk əsəri "Eqoistin taleyi" adlı birpərdəli pyesidir. İlkin variantı "Emirqant, yaxud vətən qatili" adlandıran Ərtoğrol Cavidpyesdə iki qardaşın - Nəjmud və Bəkrinin həyat yolunu və vətənə olan sevgilərini təsvir edir.

Nəjmudun təmənnasız şəkildə vətən uğrunda apardığı mübarizə ancaq yurdunun tərəqqisi naminədirsə, Bəkrinin mübarizəsi əsasən öz iddiaları üçündür. Ağır gündə Vətəndən qaçan Bəkri sonradan vətənə qayıtsa da, vətənpərvər bir mübarizə çevrildiyini göstərmək istəsə də, vətənin istiqlalı üçün orator kimi odlu-alovlu çıxışlar etsə də, Nəjmud qardaşının belə qəflətən dəyişməsinə inana bilmir. Çünki Nəjmud Bəkrinin əvvəlki ömür yoluna yaxşı bələddir. O qeyd edir ki, şəxsi ləyaqətinə hörmət etməyən, qeyrətini, namusunu qorumayan şəxslər vətənin, xalqın şərəfini heç vaxt müqəddəs saya, vətəndaşlıq ləyaqətini qoruyub saxlaya bilməz. Buna görə də Nəjmud Bəkri kimiləri heç vaxt əxlaqlı adam hesab etmir, insanlarda mənəvi zənginliyin və əxlaqı saflığın ən mühüm əlaməti kimi qiymətləndirdiyi qeyrət, namus və ləyaqəti qorumağa çalışır. Nəjmud vətəni Azərbaycanın mütərəqqi qüvvələrinə əsaslanaraq qabaqcıl ideyalar təbliğ etməklə insanlar arasında maarif, mədəniyyət, bərabərlik, xoşbəxtlik və azadlıq uğrunda mübarizə aparır və gələcəyi bu mübarizədə görür.

Böyüməkdə olan gənc nəslin nəcib keyfiyyətlər ruhunda tərbiyə edilməsi, onlara lap aşağı yaşlardan müsbət əxlaq, mədəni vərdişlər aşılamaq Ərtoğrol Cavidin ən mühüm ideyalarından biri olmuşdur. Bu isə Ərtoğrol Cavidin gənclərə vətənin, xalqın gələcəyi, istinadgah nöqtəsi, ümid çırağı kimi baxmasından irəli gəlirdi. O, gələcəyin yüksək mədəniyyətli gənclər, yeni vətənpərvər qüvvələr vasitəsilə yaradılacağına ürəkdən inanıb. Ona görə də həssas qəlbli şair-dramaturq Vətən övladlarının tərbiyəsi ilə məşğul olmağı və onlardan gələcəkdə yüksək mənəviyyatlı, saf əxlaqlı, xalqın, ana torpağın qeydinə qalan şəxslər yetişdirmək kimi çətin işi təxirəsalınmaz bir məsələ kimi irəli sürürdü. Hər şeydən əvvəl, bu işin çətinliyi Ərtoğrol Cavidin yaşadığı dövr və qeyri normal ictimai mühit ilə əlaqədar idi. O, elə bir şəraitdə yaşayırdı ki, bu zaman uşaq və gənclərin milli ruhda tərbiyəsi ilə məşğul olmaq, onlardan Azərbaycan naminə yüksək ideallı şəxslər yetişdirmək prioritet deyildi. Dövr və ictimai quruluş bu işin əleyhinə idi, hadisələr bu baxımdan öz mənfi təsirini göstərirdi.

Vətənpərvər şair-dramaturq Ə.Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq tərzdə, bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni formada, yeni məzmunla ifadə etməyə çalışırdı. O, vətənpərvərlik haqqında özünəcən söylənilən fikirləri daha da zənginləşdirmək eşqilə qələmə sarılmışdı.

Ə.Cavidin vətənpərvərlik ideyası demokratizm nöqteyi-nəzərindən də düzgün istiqamətlidir. Çünki o, atasının yolunu tutaraq həmişə ictimai mübarizədə məzlum təbəqələrin tərəfində olmuş, onda zəhmətkeş kütlələrə dərin rəğbət, vətənin mütərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, xalqı əzən yadlara qarşı dərin nifrət hissi çox güclü idi. Bu keyfiyyətlər arzu və ideyalarının görüş səciyyəsini müəyyənləşdirməkdə, vətənpərvərlik ideyasını aydınlaşdırmaqda rəhbər rol oynayan demokratizm təliminə uyğundur. Ə.Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş, doğma vətənin, xalqın taleyi ilə bağlı olan, mütərəqqi məna daşıyan, həqiqi vətənpərvərlik duyğularıdır.

Ə.Cavidin vətənpərvərlik mövzusuna daha çox müraciət etməsi təsadüfi deyil. Bu, yuxarıda qeyd etdiyimiz kimi, onun geni, qanı ilə bağlı idi, ailə tərbiyəsindən irəli gəlirdi. Mövcud ictimai-siyasi vəziyyətlə barışmadan öz əqidəsini yaradıcılığında da əks etdirirdi.

Ərtoğrol Cavidin atası Hüseyn Cavid "Həsb-hal" əsərində yalnız öz ambisiyalarına xidmət edənləri "buqələmun" adlandırır. Hüseyn Cavid yazır ki, bu kimi buqələmunlar "Araz kənarına varır-varmaz bir kərrə düşünər, hər şeydən əvvəl özü üçün bir sərmayə arar... İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşət-nak nitqlər söyləməyə başlar, iştə kiçicik bir nümunə: "Cəmaət, cəmaət! Vətən, məmləkət xərab oldi".

Göründüyü kimi, əxlaq tərbiyəsindən bəhs edərkən Ə.Cavid atasının yaradıcılığındakı ideya və amalı üstün tutaraq öz əsərlərində də acgözlüyü, mənsəbpərəstliyi, fərdiyyətçiliyi, xəsisliyi, tamahkarlığı, lovğalığı, paxıllığı, yaltaqlığı, riyakarlığı, kobudluğu və digər mənfur cəhətləri kəskin tənqid etmişdir.

Bildiyimiz kimi, xalq yaradıcılığının öyrənilməsi qədimdən bəri milli mədəniyyətimizin zirvəsində dayanan böyük bir sferanı əhatə edir. Ə.Cavidin folklor mədəniyyəti ilə bağlı araşdırmaları olduqca təqdirəlayiqdir. O, doğulduğu yurdun el adət-ənənələrini, mədəniyyət nümunələrini, xalq nağıllarını, musiqisini "Xalq poeziyasında yeni mündəricə", "Müdafiə tematikası", "Koroğlu" dastanı haqqında", "Muqum şah" nağılının təhlili" kimi məqalələrində diqqət mərkəzinə çəkmişdi. R.Şəfəq "Şimşək ömrü" adlı məqaləsində ("Mədəniyyət" qəzeti, 25 aprel 1991) qeyd edir ki, "Ə.Cavid vaxtilə 200-dən artıq el havasını və xalq mahnısını toplayıb çapa hazırlamışdı. Əfsus ki, onlar işıq üzü görmədi". Müştərək işlənərək yığılan və tərtib edilən atalar sözləri, almanaxlar, xalq musiqisi notaları kitab halına salınaraq nəşr olunan zaman Ə.Cavidin adının orada verilməsi ya "unudulmuş", çıxarılmış, yaxud da pozulmuşdu. Çünki kitablara "xalq düşməni"nin oğlunun adının yazılması kimlər üçünsə təhlükə doğura bilərdi. Əlbəttə, bütün təhlükələri göz önünə alaraq Ərtoğrol Cavidə mənəvi və maddi dəstək göstərən Ə.Şərif, R.Rza, M.C.Paşayev, Ə.Sul-tanlı, Bülbül, Ü.Hacıbəyov, M.Sidqi, L.M.Rudolf kimi böyük şəxsiyyətlər də olmuşdur.

Ərtoğrol Cavid həm də rəssamlıq sənətinə yiyələnmişdi. İşıq və kölgə tənasübü, kolorit ustalığı, nikbin və sağlam ruh Ərtoğrol Cavidin fırçasında öz əksini tapmışdır. Bu gün "Hüseyn Cavid ev muzeyi"ndə qorunan Mişkinaz Cavidin portreti Ərtoğrol Cavidə məxsusdur. Bununla yanaşı, gürcü aktrisası Nata Vaçnadzenin, güləşçi Verderin, Şekspirin, Bethovenin, A.M.Şərifzadənin Şeyx Sənan və İblis obrazları Ərtoğrol Cavidin fırçaya bələdliyinin aşkar təsdiqidir.

Ərtoğrol Cavid yaradıcılıq yolunda Hüseyn Cavid zirvəsində dayana bilməsə də, yaşayıb fəaliyyət göstərdiyi mühiti, ictimai-siyasi baxışlarını və yaradıcılığının ideya mənbələrini müəyyənləşdirmiş; işlədiyi mövzuları elmi-pedaqoji aspektdən təhlil etmiş; əxlaq, əmək, vətənpərvərlik, humanizm, dostluq-yoldaşlıq tərbiyəsi ilə bağlı fikirlərini sistemləşdirməyi layiqli şəkildə bacarmışdı.

Bütün bu yüksək keyfiyyətlərə görə, Ərtoğrol Cavid bu gün də ədəbiyyatımızda, musiqişünaslığımızda, eləcə də rəssamlıq sənətimizdə özünəməxsus yer tutur. Ərtoğrol Cavid şəxsiyyətini və irsini diqqət mərkəzində saxlayan dövlətimiz, ümumilikdə, Cavidlər irsinin qorunması, yaşadılması, öyrənilməsi məqsədilə paytaxt Bakıda və Naxçıvanda Hüseyn Cavidin ev-muzeylərini təşkil edib. Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavid şəxsiyyəti uca tutularaq onun adı musiqi və bədii sənətkarlıq məktəblərindən birinə verilib, Hüseyn Cavidin Ev-Muzeyində zəngin irsindən nümunələr toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ərtoğrol Cavid şəxsiyyətini, irsini uca tutaraq "Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında" 2019-cu ilin aprel ayında Sərəncam imzalamışdır. Bu mühüm dövlət sənədi haqsız təqiblərə məruz qalmış, repressiyaya uğramış ulu Cavidin ailəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsini ifadə edir.

 





08.09.2019    çap et  çap et