525.Az

Millət vəkili payız sessiyasında bu təkliflə çıxış edəcək


 

Millət vəkili payız sessiyasında bu təkliflə çıxış edəcək<b style="color:red"></b>

"Hesab edirəm ki, Azərbaycanda "İnformasiya təhlükəsizliyi haqqında" qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var".

Bunu "525"ə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, bununla bağlı müxtəlif dönəmlərdə fikirlər səsləndirilib, hətta, bəzi həmkarlarımın təklifləri olub, amma onlar fikirlərdən, təkliflərdən o yana getməyib, bu məsələ həllini tapmayıb:

"Ona görə də hesab edirəm ki, yaxın dönəmdə, qanun yaradıcılığı prosesində bu məsələyə də qayıdılmalı, geniş, ətraflı və hərtərəfli müzakirələrdən sonra bu yöndə də təkmil bir qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılmalıdır. Bu, qarşıdan gələn 2019-cu ilin payız-büdcə sessiyasında da mümkün ola bilər. Ən azı ilkin variantda bunu müzakirədən keçirib, gələn ilin yaz sessiyasında plenar iclaslara çıxarıb, qəbul etmək olar".

O qeyd edib ki, dünya getdikcə qloballaşır və bu qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də özünü qabarıq şəkildə göstərir:

"Qlobal risklər, təhdidlər artır. Kibercinayətkarlıq halları dünyanı başına götürməkdədir. Yerli-milli mədəniyyətlər, adət-ənənələr deformasiyaya, erroziyaya məruz qalmaqda və uğramaqdadır. Böyük informasiya seli üzərimizə gəlməkdədir. Onun içində lazımlısı da, götürüləsi də var, lazımsızı, çamurlusu, çirkablısı da var".

"Özümüz də şahidiyik ki, sosial şəbəkələrin, informasiya-kommunikasiya texnologiyalarının, internet resurslarının inkişafı nəticəsində nələr yaşanmaqdadır" - deyən E.Səlimov əlavə edib ki, bunlardan istifadə edənlər heç də hamısı yüksək düşüncə tərzinə malik mükəmməl, vicdanlı, peşəkar, dünyanı, dövlətini, vətənini, millətini düşünən insanlar deyil:

"Bir çoxları dünya düzənini istədikləri şəklə salmaq, dünyanı öz maraqlarına uyğun şəkildə dizayn etmək istəyən qlobal güc mərkəzlərinin milli dövlətlərə, milli iqtisadiyyatlara, milli dəyərlərə qarşı bir maşası, aləti kimi istifadə olunanlardır. Güc mərkəzləri həmin beyinsiz, düşüncəsiz, manqurtlaşmış adamların əli ilə istədikləri məkrli və qorxulu layihələri, ssenariləri gerçəkləşdirirlər və ya buna icrarlı cəhdlər göstərirlər. Odur ki, bütün bunları və deyə bilmədiyim digər vacib məqamları nəzərə alaraq, bir daha belə hesab edirəm ki, artıq bizdə də informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanmalı və qəbul olunmalıdır. Buna ciddi ehtiyac var".

Kamil HƏMZƏOĞLU

 





08.09.2019    çap et  çap et