525.Az

“Mühacirlərin həyatı” Fransada təqdim edildi


 

“Mühacirlərin həyatı” Fransada təqdim edildi <b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabının Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət evində təqdimatı olub.

Kitab burada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub və  kitabda müəllifin   xatirələri toplanıb.

100-dən çox insanın, əsasən də fransızların iştirak etdiyi təqdimat mərasimində Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurum daim Cümhuriyyət varislərini diqqətdə saxlayır, hansı ölkədə yaşamalarından asılı olma­yaraq onlarla əlaqələrin qorunub saxlanılma­sına çalışır. Bütün dövrlərdə  Cümhuriyyət qurucularının sayğı ilə anılması Azərbaycan dövləti­nin, ölkə rəhbərliyinin tariximizə, Cümhuriyyət qurucularına hörmət və ehtiramının nümunəsidir. O, qeyd edib ki, “Mühacirlərin həyatı” kitabı Cümhuriyyət mühacirlərinin keçməkeşli, çətin həyat yolunu oxucuya çatdıran zəngin bir mənbədir.

Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev  kitabın Azərbaycanın tarixi şəxsiyyətlərinə verilən yüksək dəyər və Azərbaycanın Fransa cəmiyyətində tanınması üçün qiymətli mənbə olduğunu bildirib.

Müəllifin ailə üzvü Paskal Hacıbəyli “Mühacirlərin həyatı” kitabının Fransada çap edilməsinin həm onun ailəsi üçün, həm də Fransadakı Azərbaycan diasporu üçün əhəmiyyətindən danışıb. O, Komitə sədrinə kitabın çapına verdiyi töhfəyə görə dərin təşəkkür edib.

Təqdimat mərasimindən sonra Timuçin Hacıbəylinin nəvəsi Benjamin Paskala həm özünün, həm də  hazırda xaricdə yaşayan qardaşı Kleman Paskalın “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları təqdim olunub.

B.Hacıbəyli medala görə Azərbaycan dövlətinə təşəkkür edib: “Medalla təltif olunmağımla böyük qürur duydum. Babam və atam Azərbaycanın azadlığını arzulayıb və bu məqsəd uğrunda fəaliyyət göstəriblər. Onların istəyi bu gün reallaşıb. Bizi-Hacıbəylilərin varislərini unutmadıqlarına görə Azərbaycan dövlətinə, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.

Kitabı fransız dilində nəşr edən “Kəpəz” nəşriyyatının idarə heyətinin üzvləri, Fransada yaşayan tanınmış diaspor nümayəndələri olan Dilbadi Qasımov, Nicat Kazımov, Jan Emmanuel Medina kitab barədə fikirlərini bildiriblər. Onlar “Mühacirlərin həyatı” kitabının Azərbycan diasporu ilə Fransız cəmiyyəti arasında körpü rolu oynayacağını vurğulayıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.

 





09.09.2019    çap et  çap et