525.Az

Kürdlər - Layihə


 

Kürdlər - <b style="color:red">Layihə</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin səkkizinci yazısını təqdim edirik. Yazı kürdlər haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü məqalə saxur, dördüncü məqalə avar, beşinci məqalə Şahdağ xalqları, altıncı məqalə yəhudi, yeddinci məqalə ingiloylara həsr olunmuşdu.  

Azərbaycanda yaşayan kürdlər ölkənin qərb hissəsində - Kiçik Qafqaz dağlarında yaşayırlar. Azərbaycan kürdlərinin əsas hissəsi Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında məskunlaşmışdılar. Laçın və Kəlbəcər rayonlarda kürd əhalisi əsasən Ağcakənd və Leninkənd kəndlərində yaşayırdılar. Həmin rayonların Ermənistan tərəfindən işğal edilməsi nəticəsində bu ərazilərdə yaşayan bütün əhali kimi, kürdlər də ölkənin digər hissələrinə köçmüşlər. Özlərini "kurmanc" adlandıran bu etnos XIX əsrin mənbələrinə əsasən həm də tarixi Azərbaycanın Cəbrayıl, Cavanşir, Zəngəzur qəzalarında və qismən Naxçıvan ərazisində də yerləşirdilər. Azərbaycanda yaşayan kürdlərin böyük əksəriyyəti islam dininə mənsubdurlar.

Kürd dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Bu dil Şimal (kurmancı), cənub (surani) dialektlərinə ayrılır. Azərbaycan kürdləri əsasən kurmancı dialektində danışırlar.

Tarixi məlumatlara əsasən, 1807-ci ilin sonlarında Mehmed Səfi-sultan adlı kürd qəbilə başçısının rəhbərliyi ilə təxminən 600 ailə Şimali Azərbaycan ərazisinə İrandan keçərək Qarabağ xanlığında məskunlaşır. Cənubi Azərbaycanın Qaradağ ərazisində yaşayan minə yaxın kürd ailəsi də Şimali Azərbaycan ərazisinə köç edib. 1826-1828-ci illərdəki Rusiya-İran müharibəsindən sonra isə İrandan Hüseyn xanın başçılığı altında Zilan tayfası köçürülüb. Kürdlərin tarixən yayılmış olduqları Yaxın Şərq ilə Azərbaycanın qonşu olması ayrı-ayrı kürd qruplarının, eləcə də bütöv kürd tayfalarının buraya mühacirət etmək imkanları açıb. Beləliklə, Azərbaycanın müasir kürd əhalisi uzun tarixi dövr ərzində formalaşıb.

Kürdlərin əsas məşğuliyyəti ta qədimdən maldarlıq, eləcə də qismən əkinçilik olub. Ənənəvi xalq peşə nümunələrindən xalçaçılıq və keçə aşılayıb hazırlamaq sənəti indi də davam etdirilir. Keçən əsrin 20-ci illərinin əvvəllərinə qədər kürdlər köçəri və yarım köçəri həyat tərzi keçirirdilər. Hər bir nəslin öz yaylaq və qışlaq yeri olurdu. Köç zamanı kürdlər bir neçə ailənin könüllü birliyi olan "obalara" birləşirdilər. "Obalar" iki növ olurdu: daxil olan üzvlərin tam bərabərlik prinsipi əsasında formalaşan "obalar" və bir varlı maldar tərəfindən yaradılan və başqa üzvlərin sonradan onun tərkibinə daxil olan "obalar". Hər iki növ "obalara" rəhbərliyi "obabaşı" adlanan varlı və nüfuzlu maldar həyata keçirərdi.

Kürdlərdə yun məmulatı istehsalı, xalçaçılıq inkişaf edib. Bu təsərrüfat sahələri kürdlərin ənənəvi məşğuliyyəti olan maldarlıq ilə sıx bağlı idi. Kürd qadınlarının toxuduğu corablar, xurcunlar, buğda saxlamaq üçün çuvallar, yataq ləvazimatı, qadın kəmərləri (beppeşt) və s. özünəməxsus cizgiləri ilə seçilirdi.

Kürdlərin əvvəllər yaşayış evləri əsasən qazma və qaradamlardan ibarət olub. Bu qəbilli yaşayış evlərində pəncərə olmazdı. İşıq damın ortasından açılmış oyuqdan düşürdü. Həmin oyuq qaradamdan həm də tüstünün çıxmasını təmin edirdi. Ənənəvi qaradamda əhalinin ev-məişət avadanlığı ilə yanaşı, mal-qarası da saxlanardı. Qazma və qaradamlarla yanaşı, ənənəvi kürd evləri gil və ya daşdan da tikilirdi. Ev beş hissədən ibarət olurdu.

Bütün otaqların qapısı bir yerə - sevdara, yəni dəhlizə açılırdı. Evlərdə pəncərə yerinə damda deşik açılırdı. Ocaq evin ortasında qalandığından damda açılan baca, həm də tüstü çıxması üçün nəzərdə tutulurdu. Köçəri kürdlərin mənzilləri kom və ya çadır adlanan alaçıqlardan ibarət olurdu.

Azərbaycanda yaşayan kürdlərin mədəniyyətləri başqa sahələrdə olduğu kimi, azərbaycanlıların mədəniyyəti ilə çox yaxındır. Hələ XIX əsrdə kürdlərin geyimləri azərbaycanlılardan demək olar ki, fərqlənmirdi. Lakin fərqli cəhətlər də var. Məsələn, kürd qadın geyimləri öz ənənəviliyi ilə seçilir. Kürd qadınlarının geyimində müxtəlif rəng çalarlarına malik olan parçalardan, həm də çoxlu bəzək əşyalardan istifadə edilirdi. Məhz bu əlvanlıq və zəngin bəzəklərlə əhatə olunması, qismən də üst geyimlərinin biçim forması kürd qadınlarının seçilməsinə, yəni onun kürd olmasını deməyə əsas verirdi. Kürdlərdə qadın geyimi bunlardan ibarətdir: Şalvar, köynək, qolsuz köynək, tuman, bane və ya beşte adlanan yun qurşaq, kofi adlı baş geyimi, yun corab. Müsəlman kürd qadınları hündür kofi geyirdilər.

Digər fərqləndirici xüsusiyyət baş geyimləri və bəzəklərində görünürdü. Kürd qadınlarının bəzəkləri içərisində gümüş və qızıldan hazırlanan əşyalar daha çox üstünlük təşkil edib. Qadınlar müxtəlif sırğa, bilərzik, muncuq taxırdılar. Sinə bəzəyi kimi sədəfdən, ayaq bəzəyi kimi xırxal adlı muncuqdan istifadə edirdilər. Kürd kişiləri qurşaqlarına xəncər keçirirdilər.

Özünün xüsusi ənənələri, lokal ədəb-ərkan qaydaları ilə seçilən kürd ailəsində ata başlıca sayılardı. Onun göstərişi ailənin bütün üzvləri tərəfindən sözsüz yerinə yetirilərdi. Kürdlər arasında ailənin "mala mazən" - yəni böyük ailə və "mala beçuk" - yəni kiçik ailə formaları var idi. Çox vaxt bir dam altında bir nəslin nümayəndələri yaşayırdılar. Ümumiyyətlə, kürdlər arasında nəsli-tayfa münasibətləri çox səciyyəvi xarakter daşıyıb. Bu xüsusiyyət kürdlərin yaşayış məskənlərinin formalaşmasına da öz təsirini göstərib. Yaşayış məskənləri əsasən tayfa-qəbilə prinsipləri əsaında salınıb. Həm də qəbilə-tayfa daxili qayda-qanunlarına müvafiq olaraq bir tayfanın, bir nəslin digərinə qarışması, onlara məxsus ərazidə ev tikməsi qəbul edilməz hal sayılırdı. Çox vaxt hər bir nəslin hətta özünəməxsus qəbiristanlığı olardı.

Qəbilə-tayfa münasibətləri şəraitində hər bir tayfanın şeyxi olardı. Şeyx tayfanın dini başçısı olub, həm də başqa qəbilə-tayfa daxili sosial məsələlərin həllində əsas rol oynayırdı. Məsələn, müəyyən səbəblər üzündən malını, qoyununu itirmiş qəbilə üzvünün olduğunu bilən şeyx, tayfanın ağsaqqallarını yanına çağırıb, bunu onlara elan edir və imkan daxilində kasıb düşmüş soydaşlarına köməklik göstərməyi onlara məsləhət görürdü. Şeyxin təklifi ilə hər bir qəbilə üzvü öz imkanı daxilində kasıba mal və qoyun verməklə köməklik edirdi. Ümumiyyətlə, kürdlər arasında şeyxin bir sözü bütün qəbilənin və ya tayfanın ayağa durmasına kifayət edirdi. Döyüşə gedən kürd hökmən şeyxin hüzuruna gəlməli, onun xeyir-duasını almalı idi.

Azərbaycanda yaşayan kürdlərin zəngin xalq yaradıcılığı mövcuddur. Kürd xalqının tarixən yaratdığı epik folklor əsərlərindən "Mam və Zin", “Zambilfroş", "Dımdım”, "Kar və Kuluk" dastanlarını qeyd etmək olar.

1918-1920-ci illərdə Azərbaycan dövlətinin yaradılmasında, 1989-1992-ci illərdə onun bərpasında kürd etnik kökləri olan çoxsaylı insanlar iştirak ediblər. Hazırda Azərbaycanda kürd dilinin qorunması və kürd xalqının mənəvi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində müəyyən addımlar atılır. Bu məqsədlə Mədəniyyət Fondu nəzdində kürd milli mədəniyyət mərkəzi yaradılıb.

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb

 





09.09.2019    çap et  çap et