525.Az

“Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı


 

“Əsrin müqaviləsi”: <b style="color:red">Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı</b>

Təbii resurslar, heç şübhəsiz ki, tarixən ölkələrin iqtisadi inkişafında mühüm rol oynayan amillərdən biri olub. Ancaq dünya təcrübəsi göstərir ki, zəngin təbii resurslara sahib olan ölkələrin heç də hamısı bu resurslardan dayanıqlı iqtisadi inkişafı və yüksək həyat səviyyəsini əldə etmək istiqamətində yararlana bilməyiblər.  Nəinki yararlana bilməyiblər, hətta bir çox hallarda zəngin təbii resurslar həmin ölkələrin iqtisadi, sosial, mədəni və siyasi baxımdan tənəzzülünə gətirib çıxaran başlıca amil rolunda çıxış edib.

Azərbaycan zəngin karbohidrogen resurslarına malik ölkə kimi tarixən öz şöhrətini qoruyub saxlasa da, bu resurslardan milli iqtisadi inkişaf istiqamətində istifadə baxımından ən əlverişli imkanı məhz keçən əsrin son on illiyində, ikinci dəfə dövlət müstəqilliyini əldə etdiyi zaman qazanıb.  Belə ki, o dövrün ciddi iqtisadi və hərbi-siyasi böhranlarına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev nefti ölkənin uzunmüddətli iqtisadi inkişaf amillərindən birinə çevirən “Əsrin müqaviləsi”nin 20 sentyabr 1994-cü ildə imzalanmasına nail olub. Bu saziş Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş idi və dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə imzalanıb. Uzun illərdən sonra ilk dəfə olaraq Qərb kapitalının Xəzərin enerji ehtiyatlarının çıxarılması məqsədilə regiona gəlişinə yol açan bu saziş Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması, ölkənin gələcək iqtisadi inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası baxımından da fövqəladə əhəmiyyətə malik olub.

İmzalandığı zaman 2024-cü ilə qədər 30 illik dövrü əhatə etməsi nəzərdə tutulan “Əsrin müqaviləsi”nin hazırkı dövrə qədər icrası nəticəsində qeyd olunan neft yataqlarına 33 milyard dollar həcmində investisiya qoyulub, 436 milyon ton (təxminən 3,2 milyard barel) neft hasil edilib və 3 milyard barel neft dünya bazarına çıxarılmaqla, ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə etmişdir. Bununla yanaşı, sazişin icra olunduğu 23 il ərzində qeyd olunan neft yataqlarından 30 milyard m3 səmt qazı da hasil edilmişdir ki, bunun da hamısı əvəzsiz olaraq Azərbaycan hökumətinin sərəncamına verilib. 25 il ərzində sazişin Azərbaycan iqtisadiyyatına verdiyi qeyd olunan birbaşa töhfələrlə yanaşı, dolayı müsbət töhfələri də böyük olub. Təkcə onu qeyd etmək kifayətdir ki, məhz bu sazişin imzalanması ilə Azərbaycanda ictimai-siyasi və iqtisadi sabitlik əldə olunub və iqtisadiyyatın digər sektorlarına da daxili və xarici investisiyaların yolu açılıb.

Prezident İlham Əliyevin 14 sentyabr 2017-ci ildə Heydər Əliyev Mərkəzindəki çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, ötən 25 il ərizndə nefti insan kapitalına çevirə bilmişdir. Belə ki, ötən müddət ərzində ölkədə 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilib, 11 min kilometrdən çox müasir yollar salınıb, regional iqtisadi bərabərsizlik ciddi şəkildə azaldılıb, enerji, su və digər infrastruktur sahələri tamamilə yenidən qurulub. Bunlarla yanaşı, neftdən gələn gəlirlər hesabına minlərlə Azərbaycan gənci dövlət proqramı çərçivəsində xarici ölkələrin ən reytinqli universitetlərində təhsil alaraq ölkə iqtisadiyyatına töhfə verəcək yüksək ixtisaslı kadr kimi yetişib, eləcə də 250 mindən çox qaçqın və məcburi köçkün vətəndaşımız humanitar böhrandan çıxarılaraq yeni salınan qəsəbələrdə məskunlaşdırılıb.

“Əsrin müqaviləsi”nin icra olunduğu 25 il ərzində dövlətin artan maliyyə resurslarının bir hissəsi də qeyri-neft sektorunun inkişafına yönəldilib. Belə ki, ötən müddət ərzində dövlət qeyri-neft sektorunu fasiləsiz olaraq güzəştli kreditlərlə təmin etmiş, eləcə də kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə dəstək mexanizmləri formalaşdırıb.

Məhz yuxarıda qeyd edilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının insan kapitalı formalaşmış, texnoloji təminat səviyyəsi yüksəlmiş və qeyri-neft sektorunda dinamik artım tempi əldə edilmişdir ki, bu da iqtisadiyyatın dayanıqlı inkişafı üçün əlverişli zəmin yaratmışdır.

2014-cü ildən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan hökumətinin yuxarıda qeyd edilən istiqamətlər üzrə fəaliyyətini daha da intensivləşdirmiş və neft faktorundan asılı olmayan iqtisadi inkişafa imkan verən strateji yol xəritələrinin həyata keçirilməsinə başlanıb.

Bütün qeyd edilənlərin fonunda 14 sentyabr 2017-ci il Heydər Əliyev Mərkəzində Azərbaycan iqtisadiyyatının gələcək inkişafı baxımından növbəti mühüm hadisə baş verib. Belə ki, Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP, Chevron, INPEX, Statoil, ExxonMobil, TP, ITOCHU və ONGC Videsh şirkətləri ilə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalamışdır. Faktiki olaraq “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması anlamına gələn bu sazişdə BP 30,37%, AzACG (SOCAR) 25,00%, Chevron 9,57%, INPEX 9,31%, Statoil 7,27%, ExxonMobil 6,79%, TP 5,73%, ITOCHU 3,65%, ONGC Videsh Limited (OVL) isə 2,31% paya sahib olub. BP-nin operatorluğunun əvvəlki kimi davam edəcəyi sazişdə SOCAR-ın payı 11,65%-dən 25%-ə yüksəlib. Saziş çərçivəsində 32 il ərzində qeyd olunan neft yataqlarına 40 milyard dollardan artıq investisiyanın qoyulması, beynəlxalq tərəfdaş şirkətlər tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar məbləğində bonusun ödənilməsi nəzərdə tutulub. Eyni zamanda sazişdə mənfəət neftindən Azərbaycana çatacaq pay da 75% səviyyəsində müəyyən edilib. İlkin hesablamalara görə, növbəti 32 il ərzində bu yataqlardan 500 milyon tondan çox neftin çıxarılması nəzərdə tutulub.

Qeyd olunan rəqəmlərdən göründüyü kimi, adıçəkilən neft yataqları bundan sonra ən azı 32 il Azərbaycan iqtisadiyyatına təxminən əvvəlki səviyyədə müsbət töhfələrini verməkdə davam edəcəkdir ki, bu da ölkəmizin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan haqlı olaraq, yeni saziş “Yeni əsrin müqaviləsi” adlandırılır. Ümumiyyətlə, hesab edirik ki, “Əsrin müqaviləsi”nin qeyd edilən şərtlərlə 2050-ci ilə qədər uzadılması Azərbaycan üçün aşağıdakı konkret üstünlükləri yaradacaqdır:

Bu ilk növbədə Azərbaycan üçün qarşıdakı illər ərzində ictimai-siyasi və iqtisadi sabitliyin təminat altına alınması deməkdir. Belə ki, dünyada baş verən ictimai-siyasi təlatümlər fonunda dünyanın nüfuzlu ölkələrinin geoiqtisadi və geosiyasi maraqlarını uzlaşdırmağa imkan verən bu saziş, ölkəmizin gələcək müstəqil və sabit inkişafı baxımından çox əhəmiyyətlidir.

Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatına 40 milyard dollarlıq investisiyanın yatırılması multipikativ effekti də nəzərə alındıqda iqtisadi artım və iqtisadi rifah üzərində böyük müsbət təsir yaradacaqdır.

Bu saziş eyni zamanda qarşıdakı illərdə Azərbaycana böyük məbləğdə “neft dollarları”nın daxil olmasına şərait yaradacaqdır ki, bu da tədiyə balansının cari hesabında kəsr yaranma ehtimalını ortadan qaldıraraq, makroiqtisadi sabitliyin davamlılığını təmin edəcəkdir.

Sazişin 2050-ci ilə qədər uzadılması, eyni zamanda qeyri-neft sektoruna maraq göstərən xarici investorların da Azərbaycana istiqamətlənən yatırımlarının artmasına gətirib çıxaracaqdır. Bu isə həm də ölkədə məşğulluq yönümlü iqtisadi artıma müsbət təsir edəcəkdir.

Saziş çərçivəsində Azərbaycan dövləti 3,6 milyard dollarlıq bonus və mənfəət neftindən 75% pay əldə edəcəkdir ki, bu da qarşıdakı illərdə dövlətin maliyyə imkanlarının daha da genişlənməsinə, başqa sözlə, iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək irimiqyaslı layihələrin maliyyələşdirilməsinə imkan verəcəkdir.

Layihənin 2050-ci ilə qədər uzanması Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin istifadə müddətini, eləcə də dəmir yolu neftdaşımasının davamlılığını təmin edəcəkdir.

Saziş qarşıdakı illərdə SOCAR-ın maliyyə dayanıqlılığını əhəmiyyətli dərəcədə artıracaqdır. İlk növbədə nəzərə almaq lazımdır ki, sazişdə SOCAR-ın payı 11,65%-dən 25%-ə yüksəldilmişdir. Eləcə də sazişin icrası SOCAR-ın nəzarət etdiyi iri podrat və subpodrat işləri görən müəssisələrin də gəlirlərini artıracaqdır. Nəhayət belə rentabelli layihədə böyük pay ilə iştirak etməsi SOCAR-ın beynəlxalq maliyyə bazarlarındakı mövqelərini və etibarını da gücləndirəcəkdir.

Beləliklə, yaxın illərdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz-2”, TANAP və TAP kimi iri qaz layihələri ilə yanaşı, “Əsrin müqaviləsi”nin də 2050-ci ilə qədər uzadılması onu deməyə əsas verir ki, karbohidrogen resursları hələ uzun müddət Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verən amillər sırasında olacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının prezident İlham Əliyev tərəfindən strateji yol xəritələrində müəyyən edilən inkişaf hədəflərinə daha sürətlə çatmasına imkan verəcəkdir.

İsgəndər HƏSƏNOV

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

 





07.09.2019    çap et  çap et