525.Az

Bakı Dövlət Universitetinin 100 illiyi Vyanada qeyd olundu


 

Bakı Dövlət Universitetinin 100 illiyi Vyanada qeyd olundu <b style="color:red"></b>

Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirə rektor Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Leyla Qasımova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.

Qalib İsrafilov Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.

Elçin Babayev ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən, BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən UNESCO-nun iqamətgahında, dünyanın bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.

Rektor vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində Heydər Əliyevin müstəsna rolu olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası və digər üstünlükləri ilə tanınır.

Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.

Universitetin bu günü haqqında danışarkən Elçin Babayev dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESCO və ISESCO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”.

Qeyd edək ki, noyabrda yubiley münasibətilə Bakıda silsilə tədbirlər keçiriləcək.

 

 





10.09.2019    çap et  çap et