525.Az

İlisu süquta gedir - Sadıq Murtuzayevin yazısı


 

İlisu süquta gedir - <b style="color:red">Sadıq Murtuzayevin yazısı </b>

Keçən əsrin 30-cu illərində bu kənddə bir nəhəng orta, 7 illik və ibtidai məktəblər fəaliyyət göstərirdi. Birinci sinifə gedənlərin sayı 100 nəfərə qədər idi. Keçən il birinci sinifdə cəmi 3 nəfər oxuyub.

Azərbaycanın Böyük Qafqaz dağlarının ətəklərində, Kürmükçay və Hamamçayın kəsişdiyi yerdə Səngər adlanan bir dağ keçidini nəzərə almasaq, dörd tərəfdən uca, bəzən ilboyu qarla örtülü dağlarla əhatə olunmuş zəngin tarixə malik bir kənd-ilisu! Şimaldan Rusiyanın Dağıstan Muxtar Respublikası ilə sərhədlənən, eni bir kilometrə yaxın, uzunu 4-5 kilometr olub dağ yamacında yerləşən, çox da böyük olmayan bir kənddir. Kürmükçay və Hamamçay hövzələrində akkumulyativ terras üzərində dəniz səviyyəsindən 1200-1400 metr yüksəklikdə yerləşir.

Bu kəndin tarixi nəinki ölkəmizdə, bəlkə də bütün dünyada məşhurdur. Kəndin əsrarəngiz gözəlliyi insanları valeh edir. Onun zəngin tarixə, nadir flora və faunaya malik olmasını nəzərə alaraq Azərbaycan hökuməti özünün 31 mart 2003-cü il tarixli qərarı ilə İlisu dövlət qoruğu yaratmışdır.

Kəndin tarixi və müasir şöhrəti bir sıra amillərlə bağlıdır:

- Kənd əhalisinin özünəməxsus dil dialekti, adət-ənənəsi baxımından qədim Türk-Oğuz xalqlarına gedib çıxan rəngarəng nümunələrini qoruyub saxlaması;

- Tarixə İlisu Sultanlığı adı ilə daxil olub 300 ilə yaxın bir dövrü əhatə edən məxsusi dövlət idarəçiliyi əsasında 36 dəfə Türk sultanlarının və İran şahlarının fərmanları ilə təsbit olunmuş, XIX əsrin əvvəllərində rus çarizminin Qafqaz siyasətilə əlaqədar çox gərgin mübarizə aparıb 1844-cü ildə Şeyx Şamil hərəkatına qoşulan xüsusi dövlət qurumuna malik olması (Son İlisu sultanı Danyal sultan Şeyx Şamil hərəkatına 7200 müridlə (döyüşçü) qoşulmuş və Şamilin müxtəlif vaxtlarında fəaliyyət göstərən 62 naibindən (komandirdən) heç birinin bu qədər müridi olmamışdır. Şamil hərəkatının sonuna az qalmış rus çarı Danyal sultana general rütbəsi verərək sultanlığı ona qaytarmış, lakin işğalçı siyasətindən əl çəkmədiyi üçün o, Türkiyəyə mühacir  olmuş və orada ömrünü başa vurmuşdur);

- Ən qədim dünyəvi dini təhsil ocaqları ilə tanınması (Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 1999-cu ildə İlisu məktəbinin 110 illiyi münasibətilə imzaladığı təbrik məktubu buna əyani sübutdur. Vaxtilə Kor-Qəmər adlı bir din xadiminin rəhbərlik etdiyi mədrəsə bütün bölgədə məşhur idi);

- Təsərrüfat quruculuğu baxımından, xüsusilə qoyunçuluq sahəsində inkişaf edib keçmiş Sovetlər İttifaqında nümunəvi üç nəhəng kolxozun (Pravda, Telman, Kirov adlarını daşıyırdı) hər birində 25-30 min qoyun, minlərlə qaramal, böyük əkin sahələrinə malik idi;

- Kəndin bütün dünyaya səpələnmiş alimləri (bir zamanlar sayı 200 nəfərə qədər idi), ictimai, siyasi, mədəniyyət və din xadimləri ona çox böyük şöhrət qazandırmışdı. Eyni vaxtda bu kənddən nazir vəzifəsində çalışan dörd nəfər var idi (Saleh Qocayev, Həzrət Süleymanov, Mahmud Qocayev, Hətəm Əhmədov);

- Yerli sənətkarlığın çox müxtəlif sahələri (bənnaları, qalayçıları, dəmirçiləri, xalı-xalça ustaları) geniş vüsət almışdı;

- İlisunun radonla zəngin termal suları hər il minlərlə xəstəyə şəfa verirdi.

Bütün binlar hazırda bu kəndi dünyada günü-gündən genişlənən turizmin nadir obyektinə - kompleksinə çevirməyə real imkan yaradırdı.

İndi gəlin yuxarıda sadaladığım amillərin İlisuda görüntülərinə nəzər salaq.

Kəndin dil-dialekt xüsusiyyətləri barədə vaxtilə elmi əsərlər yazılmış, böyük dilçi alim, mənim də elmi rəhbərim olmuş Əbdüləzəl Dəmirçizadənin ilisulu tələbələrinə dönə-dönə dediyi "İlisu Türk-Oğuz yadigarıdır, onu qoruyun" - sözləri, üstündən 60-70 il keçsə də, indi də yadımdadır. İndi bu görüntülər yavaş-yavaş əriyib getsə də, əlamətləri kəndin ağsaqqalları və ağbirçəklərinin timsalında qalmaqdadır.

Böyük ürək ağrısı ilə qeyd etməliyik ki, İlisu sultanlığının varlığına dair kənddə 2 ədəd sınıq-salxaq qaladan başqa heç bir şey yoxdur. İlisu sultanlarının kəndin Tovlatala məhəlləsindəki xarabalığa çevrilmiş məzarlarına bəzən ayrı-ayrı turistlərin və qonaqların təkidi ilə getməli oluruq və xəcalətdən özümüzə yer tapa bilmirik.

Vaxtilə son İlisu sultanı Danyal sultanın məşhur aynalı salonundan əsər-əlamət qalmayıb. Yeri gəlmişkən, Danyal sultan bu sarayda Qafqaz canişini Vorontsovu qəbul etmişdi. Böyük knyazın bu səfərilə əlaqədar bir məzəli əhvalat indi də kənddə xatırlanır. O, kəndliləri qəbul edib şikayətlərə qulaq asırmış. Bir kəndli yerli bəyin onun torpağını ələ keçirməsi barədə şikayət edərkən bəyin izahatına kəndlinin "bəy ləfi-lüfi (hətərən-pətərən) danışır" sözlərini tərcümə edə bilməyən dilmanc onu "beq lafi-lüfi qovorit" şəklində tərcümə edərkən knyaz əsəbiləşmişdi.

İndi dillərdə gəzib-dolaşan rəvayətlər əsasında (yəqin arxiv sənədləri də tapmaq mümkündür) həmin aynalı salonu bərpa etmək, 7200 müridlə Şeyx Şamil hərəkatına qoşulub onun ən məşhur naiblərindən biri olan rus generalı Danyal sultana məxsus olub Mahaçqalada Şeyx Şamil muzeyində saxlanılan gerbini də gətirmək və başqa qiymətli eksponatları da tapıb, elə Şeyx Şamil muzeyi sayağı bir muzey yaratmaq mümkündür.

Təhsilin vəziyyətindən girişdə danışdıq. Birinci sinifdə 3 nəfərin oxuduğu məktəbdən nə demək olar?!

Vaxtilə 100 mindən çox qoyun saxlanılan İlisunun yay otlaqlarında qoyunları barmaqla saymaq olar.

İlisulu alimlərin tək-tək nümunələri indi də var. Lakin vaxtilə kosmos sahəsində dünya şöhrəti qazanmış, SSRİ Dövlət mükafatı laureatı Fikrət Seyidəliyevin doğulduğu evin divarında kiçik bir nişanə də tapmaq mümkün deyil.

Hazırda ilisulu dünya şöhrətli alim, 30 ilə qədər Almaniyada yaşayıb böyük şöhrət qazanmış, Almaniyanın məşhur Qumbolt mükafatı laureatı, riyaziyyat elmləri doktoru, Ştutqart Universitetinin professoru, hər il Amerika, Kanada, Yaponiya, İspaniya universitetlərində mühazirələr oxuyan, dünyada şöhrət tapmış 6 məşhur azərbaycanlı alimin sırasında adı birinci çəkilən, 29 məşhur dünya elm ocağının təsisçiliyi ilə çap olunan riyaziyyat jurnalının baş redaktoru Maqsud Əfəndiyev hər il doğma yurduna - İlisuya qonaq gəlir, lakin onunla heç kəs maraqlanmır.

İlisuda indi də məşhur sənətkarların tək-tək varisləri - (məşhur memar və bənna Afər Mürudov, Rəsul, Əli, Elman, İmran, Rasim və b.) çox səriştəli sənətkarlar var. Lakin onlar ayda əllərinə düşən xırda- para işlərlə qəpik-quruş qazanırlar. Halbuki bunları bir yerə toplayıb müasir texnika, nəqliyyatla təmin edən olsa, böyük xarüqələr yaratmaq olar.

Vaxtilə İlisuda toxunan xalı-xalça bütün ölkədə məşhur idi. Böyük Vətən müharibəsinin dəhşətli aclıq illərində xalı-xalça ilisuluları bu fəlakətdən xilas edən əsas mənbələrdən biri idi.

İndi kəndin mərkəzində vaxtilə orta məktəbin idman zalı üçün tikilən nəhəng bir bina uzun illərdir istifadəsizdir. Bu binada kifayət qədər xalı-xalça dəzgahı yerləşdirib qadınları çox məhsuldar və qiymətli işə cəlb etmək olardı. Belə dəzgahları hazırda respublikada geniş intişar tapmış məşğulluq xəttilə evlərdə də yerləşdirmək mümkündür.

Vaxtilə İlisunun 11 məhəlləsinin hər birindən bir naxır qaramal çıxırdı və kəndin ətrafındakı örüş yerləri də onları gen-bol təmin edirdi. İndi bütün kənddə 10 nəfər inək saxlayan yoxdur. Kəndə gələn turistləri də, aran rayonlarından istirahətə gələn çoxsaylı ailələri də süd-qatıq-qaymaq üçün 12 kilomet aralıda yerləşən rayon mərkəzinə getmək əzabından qurtarmaq olardı. İndi elə həmin məşğulluq xidməti xəttilə kənd ailələrini inəklə təmin etsələr, hamı böyük məmuniyyətlə bu işə razılaşar və çox vacib bir problem öz həllini tapar.

Ən dəhşətlisi isə odur ki, kənd əhalisi ətalət adlanan mənfur bir xəstəliyə düçardır. Gözünü yay aylarında kəndə istirahətə gələnlərə evlərini kirayəyə verib aldıqları məbləğə dikən, heç bir  işlə məşğul  olmayıb kəndin gimgələrində oturan əmək qabiliyyətli kişilərə və iş  axtaran qadınlara baxıb ürək ağrısı keçirməmək mümkün deyil. Bu yerdə böyük rus ixtiraçısı ("Miq" təyyarələri) Miqulinin "Fəal uzun ömür" kitabından bir cümlə yada düşür: "İnsanlığın bir dəhşətli düşməni var -  tənbəllik".

Kəndə gələn çoxsaylı ailələr qapı-qapı gəzib kirayə evi axtarırlar. Bəs bu işi kənd bələdiyyəsi təşkil edib həm də onları vergiyə cəlb etməklə bu hesaba evlərdəki kəm-kəsiri aradan qaldıra bilməzmi?!

İlisunun ən böyük və diqqətçəkən imkanı buradakı böyük müalicə əhəmiyyətli isti termal sulardır. Bu suların faydaları haqqında "Azpolitika" saytında geniş yazı verilmişdi (6 sentyabr 2019-cu il): həzm sisteminə yaxşı təsir edir, revmatizm ağrılarını yüngülləşdirir, şiddətli oynaq ağrılarından asanlıqla xilas edir, immuniteti gücləndirir, allergiya və ekzema kimi dəri problemlərinə dərmandır, gərginliyi və stressi azaldır.

Suların əsas mənbəyi kənddən 5-6 kilometrlik məsafədədir. Çay yatağı ilə gedənlər azı 10 yerdən çayı keçməli olurlar. Bir zaman kənddə saxlanan çoxsaylı at sahibləri hesabına bu işi yoluna qoymaq olurdu. İndi at saxlayanlar da demək olar ki, yox dərəcəsindədir. Halbuki indiki yol tikintisi sahəsindəki nəhəng imkanlarla dağ yamacları ilə çox qısa zamanda avtomobil yolu çəkmək mümkündür.

Mən Şəkiyə rəhbərlik etdiyim illərdə, 45-50 il əvvəl rayonun ən böyük kəndlərindən olan Baş Göynük kəndinin Şin çayı yatağı ilə çox müşkül olan yolsuzluq problemini həll etmək üçün dağ yamacları ilə yol çəkib qısa bir zamanda bu çətinliyi aradan qaldırdıq. Halbuki indiki imkan o zamankından yüz dəfələrlə çoxdur.

Daha dəhşətli vəziyyət isə müalicə suyu olan məkandadır. Vaxtilə (heç konkret tarixi də məlum deyil) ovçu Pirim adlı bir şəxs orada 60-65 metr yüksəklikdən tökülən isti suyun dağ ətəyində bir örtülü hovuz inşa edib və indi də buraya müalicə almağa gələn saysız-hesabsız adamlar bəzən günlərlə gözləyib 20-30 nəfərlik bu hovuza doluşurlar. Dəhşət ondadır ki, bunların arasında irinli yaraları olanlar da, müxtəlif infeksion xəstəliyin daşıyıcıları da var. İndiki zamanda belə bir müalicə ocağının tam nəzarətsiz buraxılması, heç bir tibbi nəzarətin olmaması üzündən xeyli insan həyatını itirib. Halbuki, burada indiki nəhəng imkanlarımız daxilində Naftalan, Qalaaltı səviyyəli əzəmətli bir müalicə ocağı yaratmaq olar. Dağ yamaclarında istirahət köşkləri tikmək və çoxsaylı vannalar qoymaqla buraya gələnlərin sayını 10 dəfələrlə artırmaq və bu hesaba nə qədər iş yeri açmaq olar (Uludağ istirahət mərkəzi bu suyu borularla çəkib gətirsə də, öz  səmərəsini  itirir).

Belə bir termal su mənbəyi kəndin Tovlatala məhəlləsinin lap böyründə Mohsu adı ilə məlum olub və kənd əhalisi ondan geniş istifadə edib. Həmin mənbə də diqqətsizlik üzündən çoxdan sel sularının qurbanına çevrilib və onu tapıb yenidən kəndin istifadəsinə vermək barədə düşünən yoxdur.

Kəndin yaraşıqlı və çoxsaylı büllur bulaqları da yox olub. Ən əsası qədim memarlıq abidəsi kimi kəndin rəmzlərindən olan "Beç bulaq" neçə ildir susuzdur. İki-üç ildən bir həmin bulağın gözü tutular, dərhal da açardılar. İndi bu barədə də düşünən yoxdur.

Yuxarıda dediyim kimi, İlisu sultanlığından qalan yeganə görüntü kəndin iki qalası - Sumu qala və Qalaçadır (Şamil qalası). Kəndə gələn turistlər də, digər qonaqlar da daha çox kəndin yaxınlığındakı zirvədə yerləşən və kənd əhalisinin Qalaça adlandırdığı abidəylə  maraqlanırlar. Tarixi abidələr sırasına düşən bu obyekt yarıuçuq vəziyyətdə qalıb və onu bərpa etmək barədə düşünən yoxdur. Ən başlıcası isə bu abidəyə gedən yolun bərbad vəziyyətinə görə oraya getmək istəyənlər yolu yarıdan qayıtmalı olurlar. Halbuki bir günlük kiçik iməciliklə bu yolu da, xırda bir vəsaitlə abidəni də bərpa etmək olar.

Sonda dövlətimizin böyük qayğısı ilə görülən əzəmətli tədbirlərdən bəhs etməmək olmaz. Kənd başdan-başa qazlaşdırılmış və ildən-ilə qırılıb yoxa çıxmaqda olan dağ meşələri dirçəlməyə başlamışdır. Bu da kəndi uçuruma aparan sellərin və aşınmaların qarşısını xeyli almışdır.

Respublika prezidentinin sərəncamı ilə Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin işgüzar fəaliyyəti sayəsində Hamamçay üzərində tikilən möhtəşəm körpü və bu tikintinin kompleks layihəsi əsasında bütün kənd boyu inşa edilən istinad divarları kəndi sel sularının və aşınmaların pəncəsindən tamamilə almışdır.

Yenə Ə.Əhmədzadənin böyük fədakarlığı əsasında kəndin 40-50 km-liyində kolxozların ləğvindən sonra pay torpaqları kimi verilib uzun illər demək olar ki, tam meşəsiz qalmış Ağyazı düzündə hətta dünya standartlarını üstələyən və iki min hektarlıq sahəni əhatə edən Aqroparkda indi yüzdən çox adam çalışır və yaxın gələcəkdə orada böyük sürətlə inkişafda olan badam, alma, üzüm, şaftalı, ərik bağları məhsula düşüb saxlama, emal və satış prosesləri başlayarkən işçilərin sayı min nəfərə qədər çata bilər.

Kəndin dərdlərini isə böyük ürək ağrısı ilə qeyd edirəm. Kənddə kiçik bir aptek köşkünün, feldşer məntəqəsinin olmamasının çox acı nəticələrini təsəvvür etmək çətin deyil. Kənddəki istirahət mərkəzlərinə gələnlər, turistlər, aran rayonlarından gələn çoxsaylı ailələr tez-tez ehtiyacları olan ən adi dərmanlar, sarğı materialları üçün bəzən gecə yarısı min bir əziyyətlə rayon mərkəzinə getməli və yaxud özünü fələyin ümidinə buraxmalı olurlar.

Bir neçə il əvvəl mənə qonaq gələn bir dostum həvəs göstərib çıxdığı dağdan 50 metrlik bir məsafədən uçaraq ağır zədə almış, onu rayon mərkəzinə ilkin yardıma çatdırana qədər həyatı tükdən asılı qalmışdı.

Dəfələrlə qonşuluğumda kirayədə olan ailələr gecə yarı ya uşağının, ya da əlsiz-ayaqsız qocaların qəfləti xəstəliyilə əlaqədar qapımı döyüb əlac istəmişlər. Halbuki  vaxtilə bu kəndin möhtəşəm  xəstəxanası bütün bölgədə məşhur idi. Bəs bütün bunların başlıca səbəbləri nədir? Çox dəhşətli iki səbəbin adını çəkərdim - laqeydlik və məsuliyyətsizlik!

Nəhayət, ötəri olsa da, İlisudan daha ağır vəziyyətdə və həm də bir az da daha çox füsunkar olub can üstündə olan Sarıbaş kəndini də yada salmaq istəyirəm. Vaxtilə respublikanın ən qabaqcıl kolxozlarından olub 40 mindən çox qoyunu olan, kolxoz sədrinə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad verilən bu kənddə hazırda 5-10 ailə yaşayır. Və kəndin müasir insan üçün lazım olan heç nəyi yoxdur.

Mən bir ağsaqqal kimi çox pərişan əhval-ruhiyyə ilə üzümü müvafiq dövlət orqanlarına, imkanlı şəxslərə tutaraq müraciət edirəm: İlisunun, Sarıbaşın xilası barədə düşünüb, vətəndaşlıq borcu kimi ona qayğı göstərin. Bugünkü və gələcək nəsillər sizi alqışlayarlar.

 





12.09.2019    çap et  çap et