525.Az

Elçin Əhmədov: “Qarabağda legitim seçkiləri yalnız Azərbaycan keçirə bilər”


 

Elçin Əhmədov: “Qarabağda legitim seçkiləri yalnız Azərbaycan keçirə bilər”<b style="color:red"></b>

“Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanlarına seçkilər”in keçirilməsi oradakı cinayətkar rejimin özü kimi qondarmadır”.

Bunu “525”ə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədovun sözlərinə görə, artıq neçənci dəfədir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə qondarma “seçkilər” keçirilir: “Yəni, 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”, 2015-ci il mayın 3-də “parlament seçkiləri”, 2015-ci il sentyabrın 13-də qondarma “özünüidarə orqanlarına seçkilər”, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”, 2017-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə, beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb”.

Professor hesab edir ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır: “2016-cı ilin Aprel döyüşləri sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub”.

“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 27 il əvvəl Xocalı soyqırımını törədib. Nəticədə, tarixən Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşamış azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşüb”, - deyə siyasi elmlər doktoru qeyd edib.

E.Əhmədov bildirib ki, Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır: “İşğalçılar Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışırlar. Bu cür "seçkilər”in keçirilməsinin əsl mahiyyəti məhz bundan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini dəfələrlə bildirib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan işğal edilmiş torpaqlarını, nəyin bahasına olursa olsun, azad edəcək”.

Professor vurğulayıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər: “Bu səbəbdən, münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri ayrı-seçkiliyə əsaslanan siyasətə son qoymalı, təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır”.

“Ermənistan regionda sülhün bərqərar olmasına təhlükə yaradır. Ona görə də beynəlxalq birlik Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, işğalçı ölkə rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”, - deyə E.Əhmədov əlavə edib.

C.ABASOV

 





12.09.2019    çap et  çap et