525.Az

Sözün qüdrəti - Resenziya


 

Sözün qüdrəti - <b style="color:red">Resenziya </b>

Bu bir həqiqətdir ki, insan xilqətən sözə möhtac varlıqdır. Uşaqlıq dövründən  ta ixtiyar yaşınadək sevincini, fərəhini sözlə bildirər, sözlə şadlanar, sözlə qanadlanar. Qəmini, kədərini də sözlə ifadə edər. Bir acı sözdən yayın qızmarında üşüyər. Bir xoş sözdən qışın şaxtasında belə qəlbən isinər.

Böyük Füzuli özünün "Söz" rədifli qəzəlində nə deyir? Deyir ki: 

Ver, sözə ehya ki, tutduqca səni xabi əcəl,
Edə hər saət səni ol uygudan bidar söz. 

Sözün ölçüyəgəlməz əzəməti, qüdrəti barədə nə qədər deyilsə azdır. O ki ola ziyalı sözü. Əgər ziya işıq, aydınlıq, nur deməkdirsə, ziyalı statusuna malik olan bir şəxs bu işığın, bu aydınlığın, bu nurun daşıyıcısıdır. Jurnalist Maral Poladovanın "Elm və Təhsil" nəşriyatı tərəfindən yenicə çap olunan "Ziyalı sözü" kitabının da əsl qayəsi Azərbaycanın elm və mədəniyyətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərlə oxucuları daha yaxından tanış etməkdir. Müəllif  öz məramı barədə oxuculara ünvanladıgı müraciətində "Kimdir ziyalı?" sualına cavab olaraq böyük mütəfəkkir Əhməd bəy Ağayevin 1903-cü ildə "Kaspi" qəzetində dərc olunan "Ziyalılarımızın vəzifəsi" məqaləsindən bəhs edərər yazır ki, bu fikirlər bu gün belə öz aktuallığını itirməyib. Bəs, Əhməd bəy Ağayev nə yazırdı? O yazırdı ki, "Mənim düşüncəmə görə, ziyalılar o zaman ziyalı adına layiq olurlar ki, onlar əqidəli olsunlar, ideyalı olsunlar. İdeyalılıq və əqidəlilik isə ziyalılığın mühüm atributlarıdır. İdeya, əqidə yoxdursa, demək ziyalılıq da yoxdur".

Şəxsən bir oxucu kimi mənim diqqətimi ilkin olaraq cəlb edən bu fikirlər oldu və məndə əminlik yarandı ki, qarşımdakı bu kitabda sözün əsl mənasında ziyalı adını şərəflə daşıyan insanlardan söhbət açılır. Elə "Göz gördüyünə inanar" adlı ilk məqalə də bunu bir daha sübut etdi. Bu məqalə demək olar ki, bütün ömrünü Azərbaycan mətbuat tarixinin araşdırılmasına, öyrənilməsinə şərqdə ilk demokratik respublika qurucularının həyat və fəaliyyətləriin tədqiqinə həsr edən professor Şirməmməd Hüseynov haqqındadır. Amma maraqlı məqam budur ki, müəllif məqaləyə başlamazdan əvvəl Şirməmməd müəllimin son dərəcə dəyərli bir fikrini oxucuya təqdim edir: "Ədalət hissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur. Kim ictimai ədalətsizlik uğrunda mübarizə aparmırsa, deməli, yel dəyirmanları ilə mübarizə aparır".

Bəli, bu, əsl ziyalı sözü, əsl ziyalı mövqeyidir. Burda Maral Poladovanın jurnalist məharəti ondan ibarətdir ki, elə Şirməmməd müəllimin özünün bircə fikri ilə onun haqqında oxucuda tam bir təsəvvür yaradır.

Kitabın ön sözünün müəllifi, Azərbaycan Yazıcılar Birliyinin katibi Rəşad Məcid "Elm və həyat" jurnalında Maral Poladova ilə ilk tanışlığından və vaxtı ilə bu kollektivdə  çalışmağından çox böyük səmimiyyətlə söhbət açaraq bu jurnalın onun həyatında mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulayır. Daha sonra yazır: "İnanıram ki, bu kitab oxucuların böyük marağına səbəb olacaq. Həm ömrünü jurnalistikaya həsr edən fədakar bir xanımı tanıyacaqlar, həm də o xanımın təqdim etdiyi dəyərli insanlar haqqında məlumat əldə edəcəklər".

Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovanın da fikirləri çox təqdirəlayiqdir. Töhfə xanım  yazır ki, "Mübaliğəsiz  olaraq deyərdim ki, Maral Poladovanın "Ziyalı sözü" kitabı ömrünün çox hissəsini jurnalistikaya həsr etmiş ziyalı bir insanın simasının göstəricisidir". Bu fikir  müəllif haqqında deyilən olduqca dəqiq bir ifadədir.

Maral Poladova özünün  "Ziyalı sözü" kitabında müxtəlif sahələrdə çalışan elm fədailərindən akademik dildə yox, çox sadə və səmimi bir tərzdə söhbət açır. Cahangir  Qəhrəmanov, Fəzilə Səmədova,  Aida Feyzullayeva, İsa Həbibbəyli və digər alimlər haqqındakı yazılarda onların həm elmi fəaliyyətləri, həm də insani məziyyətləri tam açılır.

Kitabı oxuduqca məlum olur ki, Maral Poladovanın jurnalist təfəkküründə ziyalı anlayışı yalnız vəzifə, yüksək elmi dərəcə, müxtəlif  titullu, yüksək mükafatlı insanlarla məhdudlaşmır. Onun üçün ziyalı sadəcə işıqlı, aydın zəkaya sahib olub, cəmiyyət üçün, vətən üçün, dövlət üçün faydalı iş görmək qabiliyyətinə malik olan insanlardır. Əhməd bəy Ağayev demişkən əqidəli və ideyalı insanlar. Məsələn, kitabda mərhum jurnalist Vəsilə Usubovaya,  Aydın Səlimzadəyə, Mirzə Əsgərova həsr olunan çox kövrək yazılar var. Hiss olunur ki, müəllif onları sözün əsl mənasında ürək yanğısıyla qələmə alıb. Olduqca səmimi yazılardan biri də  tələbə yoldaşı Əli Şamilin yaradıcılığına həsr olunub. Əli Şamil hələ tələbəlik illərindən elmi fəaliyyətlə məşğul idi. Daim axtarışdaydı. Maral Poladova da onun bu axtarışlarından, böyük  fədakarlığından söhbət açaraq, yeni əsərləri barədə oxucuya müfəssəl məlumat verir.

Doğrusu, bu kitaba daxil olan hər bir portret yazı, müsahibə, məqalə haqqında saatlarla danışmaq, incələmək olar. Amma əlbəttə ki, ən yaxşısı kitabın özünü oxumaqdır. Bu kitab həm də Maral Poladovanın sanki özünə, həm də oxucularına olan hesabatıdır. Elə bil ki, ömrünün ötən illərini vərəqləməsidir. Mübaligəsiz demək olar ki, bu vərəqlər həyatda yalnız öz məntiqinə, öz əqidəsinə, öz qələminə sadiq olub, sözün qədir-qiymətini bilən, ağır-yüngülünü çəkməyi bacaran bir insan tərəfindən yazılıb. Uzun illər onunla ünsiyyətdə olduğum üçün əminliklə deyə bilərəm ki, Maral Poladova ilk növbədə özünə sadiq bir insandır. Özünə sadiq olan insan isə doğmalarına, əzizlərinə, dostlarına da sadiq olur. Yeri gəlmişkən deyim ki, Maral Poladova çətin günün dostudur. Bu qəbil dostlar isə çox az olur. Maral xanım da o azlardan biridir. Həm də sözün qüdrətinə güvənən insanlardan biridir. Qarşıda onu gözəl bir yubiley günü gözləyir. 18 sentyabr  Maral Poladovanın ad günüdür. Bütün ömrünü sevdiyi sənətinə həsr edən Maral xanıma arzum budur ki, sözün qüdrətinə olan inamı bitib tükənməsin! Ömrünə qədəm qoyan illəri bir-birindən uğurlu, bir-birindən gözəl və mənalı olsun.

Zərxanım ƏHMƏDLİ

 





12.09.2019    çap et  çap et