525.Az

"Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil" - Fotolar


 

"Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil" - <b style="color:red">Fotolar </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir!” adlı tədbir keçirilib.

Birliyin sədri Lamiyə İsazadə deyib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirimənin aparılmasıdır:

“Bu gün dünyada fiziki zorakılıq çox surətlə inkişaf edir. Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə,  buna  ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılıq üstünlük təşkil edir. "Uşaq hüquqları konvensiyası" na qoşulmağımıza, "Uşaq hüquqları haqqında" qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər”.

Sədr həmçinin, bildirib ki, uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar:

“Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab etdik. Layihə çərçivəsində dörd şəhər və rayonda - Bakı, Gəncə, Tərtər, Şəmkirdə bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, deputat Elman Nəsirov, Əməkdar jurnalist Azər Həsrət, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək uşaq və gənclərə qarşı məişət zorakılığının cəmiyyətə vurduğu mənəvi ziyandan danışıb, bu kimi tədbirlərin keçirilməsini dəstəkləyiblər.

 





12.09.2019    çap et  çap et