525.Az

İdxal olunan çap məhsullarına tətbiq edilən ƏDV ciddi müzakirə mövzusudur


 

"İNANIRIQ Kİ, DÖVLƏTİMİZ BU MƏSƏLƏDƏ DƏ MÜSBƏT QƏRAR QƏBUL EDƏCƏK VƏ MƏTBUATIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ DAHA BİR NÜMUNƏVİ ADDIMA İMZA ATACAQ"

İdxal olunan çap məhsullarına tətbiq edilən ƏDV ciddi müzakirə mövzusudur<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) uzun müddətdir ciddi müzakirə mövzusudur. 

Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar dəfələrlə gündəmə gətiriblər. Məsələ Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılıb, lakin müsbət nəticə əldə olunmayıb.

Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Ona görə də, mətbuat orqanı, yayım şirkətləri və poliqrafiya rəhbərləri məsələnin qanunvericilik müstəvisində tənzimlənməsi, ziddiyyətli məqamların aradan qaldırılması üçün dövlətdən dəstək gözləyirlər.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Hərbi and" qəzetinin baş redaktoru Emin Həsənli qeyd edib ki, Ümummilli lider Heydər Əliyev mətbuata daim diqqət və qayğı göstərib: "Ulu öndər mətbuat üzərindən senzuranı götürüb, kütləvi informasiya vasitələrinin yığılıb qalan borclarını bağlayıb, qəzetlərə maddi yardımlar göstərilib".

Bu gün Prezident İlham Əliyevin bu siyasətə uyğun olaraq milli mətbuatın inkişafı istiqamətində, dəstək xarakterli ardıcıl addımlar atdığını deyən E.Həsənli bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi, daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

"Ölkə başçısının jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli istiqamətində atdığı nümunəvi addımlardan biri də onlar üçün yaşayış binaların inşası ilə bağlıdır. Prezidentin müvafiq sərəncamlarına əsasən, jurnalistlər üçün artıq 3-cü binanın tikintisi həyata keçirilir", - deyə baş redaktor qeyd edib.

E.Həsənli əlavə edib ki, qəzetlərə maddi yardımların edilməsi də bu xüsusda ciddi dəstək tədbirlərindəndir.

Bu mənada, baş redaktor ölkə rəhbərliyinin idxal olunan çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğvi məsələsində də mətbuatın xeyrinə qərar çıxaracağına inanır: "Dövlətin dəstəyi olmasa, bu gün yazılı mətbuat inkişaf edə bilməz. Müasir dövrdə yüksək texnologiyaların inkişafı ilə qəzetlərə alternativ olaraq meydana çıxan onlayn media daha əlçatan və populyardır. Lakin qəzetçilik ənənələrinin qorunması bütün dünyada zəruri məsələ kimi qəbul edilir. Eynilə Azərbaycan dövləti də yazılı mətbuatın inkişafında daim maraqlı olduğunu göstərir, onun inkişafı üçün ciddi tədbirlər görür. İnanırıq ki, dövlətimiz idxal olunan çap məhsullarına tətbiq edilən ƏDV məsələsində də müsbət qərar qəbul edəcək və mətbuatın inkişafı istiqamətində daha bir nümunəvi addıma imza atacaq".

Qeyd edək ki, idxal olunan KİV məhsullarının ƏDV-dən azad ediləməsi məsələsi ilə bağlı "Qaya" Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyevlə Dövlət Gömrük Komitəsi arasında məhkəmə çəkişmələri olub. X.Əliyev hesab edir ki, bu məsələ ilə bağlı qanunun yox, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya" Mətbuat Yayımının idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin qərar və qərardadlarını Gömrük Komitəsi icra etmir".

C.ABASOV

 





13.09.2019    çap et  çap et