525.Az

Cümhuriyyət xadimlərinin prometeyçi polyak müttəfiqi - Mahir Həmzəyev yazır


 

Cümhuriyyət xadimlərinin prometeyçi polyak müttəfiqi - <b style="color:red">Mahir Həmzəyev yazır </b>

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycanın ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov (1873-1947) 28 aprel çevrilişindən sonra mühacirətdə yaşayarkən milli oyanış və istiqlal uğrunda apardığı siyasi mübarizəni öz qələmi ilə davam etdirib.

O, Azərbaycan SSR-də, həm də SSRİ və Avropa məkanında gedən ictimai-siyasi prosesləri, baş verən hadisələri ardıcıl olaraq izləyib təhlil edib, müxtəlif səpkili məqalələr yazaraq coşğun siyasi-publisistik fəaliyyət göstərib. Onun siyasi məqalələri o zaman Türkiyədə və Avropa ölkələrində nəşr olunan "Yeni Qafqasya", "Azəri-Türk", "Odlu Yurd", "Azərbaycan yurd bilgisi", "Prometey", "Kavkaz", "İstiqlal" və "Qurtuluş" kimi qəzet və jurnallarda müxtəlif dillərdə dərc edilib.

 X.Xasməmmədovun indiyədək geniş oxucu dairələrinə az məlum olan siyasi-publisistik yazılarından biri də "Tadeuş Holuvkonun xatirəsinə" adlı məqaləsidir. Bu məqalə Polşanın məşhur siyasətçisi və dövlət xadimi, millət vəkili, naşir və publisist Tadeuş Holuvkonun (1889-1931) faciəvi ölümü münasibəti ilə yazılıb. Məqalə 1932-ci ildə Vilnüsdə polyak dilində çıxan "Rocznik tatarski" ("Tatar salnaməsi") almanaxının 1-ci sayında dərc olunub (Halil-Bej Has-Mamed. "Ku pamieci Tadeusza Holowki". Wilno, "Rocznik tatarski", 1932).

Tadeuş Holuvko prometeizm konsepsiyasının və fəaliyyət strategiyasının müəllifi, həm də Prometey hərəkatının ünlü rəhbərlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühacir həyatına məhkum olunmuş dövlət və ictimai-siyasi xadimləri ilə, o cümlədən, X.Xasməmmədovla əməkdaşlıq əlaqələri saxlayıb.

Qeyd edək ki, Prometey (prometeizm) hərəkatı geosiyasi bir layihə idi və onun əsas ideoloqu görkəmli Polşa siyasətçisi və hərbi xadimi, 7 noyabr 1918-ci ildə müstəqilliyi bərpa edilmiş Polşanın ilk Dövlət başçısı Yozef Pilsudski (1867-1935) olub. Projenin ilk məqsədi öncə Rusiya imperiyasında, sonra isə SSRİ-də yaşayan qeyri-rus xalqların milli hərəkatlarına, müstəqil olmaq arzularına dəstək vermək yolu ilə bu imperiyaları sarsıdıb çökdürmək idi.

Layihəni gerçəkləşdirmək üçün 1926-cı ildə Parisdə "Prometey" (polyakca - "Prometeusz")  təşkilatı təsis edildi və onda bu quruma Azərbaycan, Gürcüstan, Ukrayna, Don kazakları, İdel-Ural, İnqriya (rusca - İjor), Kareliya, Komi, Krım, Kuban, Şimali Qafqaz və Türküstan təmsilçiləri daxil oldular. Özünə mifoloji bir ad seçən bu hərəkat uzunömürlü olmuş, müxtəlif ölkələrdə yaşayan və böyük nüfuz sahibi olan siyasətçiləri bir araya gətirmişdi. "Prometeyçi" adı ilə Varşavada, Berlində, Parisdə, İstanbulda, Şanxayda, Münhendə, Helsinkidə, Tokioda, SSRİ ətrafında böyük bir şəbəkə qurulmuşdu. Varşavadakı Şərq İnstitutu və Vilnüsdəki Şərqi Avropa Tədqiqatlar İnstitutu bu hərəkat üçün çalışırdı. Hərəkatın əhəmiyyətli fəaliyyətini əks etdirən "Prometey" jurnalı 1926-1938-ci illər arasında Parisdə nəşr edilib.

Tadeuş Holuvkanın ölümü ilə bağlı burda kiçik bir haşiyə çıxıb qeyd edək ki, Birinci Dünya müharibəsindən sonra ərazi iddiaları səbəbindən Polşa-Ukrayna münasibətləri mübahisəli xarakter alaraq zaman-zaman kəskinləşib. T.Holuvko isə Polşa və Ukrayna arasında anlaşmanın tərəfdarı idi. O, Polşada yaşayan ukraynalılar üçün mədəni muxtariyyətin verilməsi və Qərbi Ukraynada axan Zbruç çayının sol sahillərindən şərqə uzanan ərazilərdə müstəqil Ukrayna dövlətinin qurulması ideyasının müəllifi idi. Polyak siyasətçisi həm də Ukraynanın leqal siyasi partiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının təşəbbüskarı olub.

Lakin o zaman Qərbi Ukraynada antipolşa və antisovet fəaliyyəti göstərən ultrasağ yönümlü Ukrayna Millətçilər Örgütü Tadeuş Holuvkonu gizli polyak şovinisti hesab edirdi və buna görə ona qarşı terror aktı təşkil edildi. Örgütün silahlı döyüşçüləri Vasil Bilas və Dmitri Danilişin 29 avqust 1931-ci ildə T.Holuvkonu güllə ilə vurub öldürdülər.

T.Holuvko Varşavadakı evangelist-reformatorlar məzarlığında dəfn olunub.

Xəlil bəy Xasməmmədovun prometeyçi polyak müttəfiqinin xatirəsinə həsr etdiyi bu məqalə ilk dəfədir Azərbaycan dilinə tərcümə olunub çap edilir.

Tadeuş Holuvkonun xatirəsinə

Xəlil bəy XASMƏMMƏDOV  

29 avqust 1931-ci il. Bu, elə bir kədərli tarixdir ki, biz həmin gün Tadeuş Holuvkonu itirdik.  

Mərhum, yenidən müstəqillik əldə etmiş Polşanın görkəmli dövlət xadimlərindən və siyasi fəallarından biri idi.

Onun faciəvi ölümü barədə qara xəbər təkcə Polşada acı və fəlakətli bir hadisə kimi qarşılanmadı, ölkənin hüdudlarından çox uzaqlarda da bu ağır itki böyük kədər hissi ilə qəbul edildi və törədilən amansız terror aktı qəzəb doğurdu.

Tadeuş Holuvko Polşanın müstəqilliyi uğrunda əzm və fədakarlıqla mübarizə aparıb böyük töhfələr vermiş azadlıq fədailəri nəslinə məxsus idi. O, yalnız Polşa vətənpərvəri deyildi, həm də Rusiyanın əsarət altına aldığı bütün hürriyyətpərvər xalqların həqiqi dostu idi.

Çağdaş vətənpərvər polyaklar nəslinin təkcə Polşanın müstəqilliyi uğrunda apardığı mübarizə ilə məhdudlaşmayan, eyni zamanda, onların Rusiyadakı bütün xalqların milli məsələsinin ədalətli həllinə yönəlik qətiyyətli tələblərini özündə cəmləşdirən fəaliyyətinin məxsusi cəhətləri səmimi və təmkinli mübariz kimi tanınmış T.Holuvkonun şəxsiyyətində parlaq şəkildə təcəssüm olunmuşdu.

Kölələşdirilmiş Rusiya xalqlarının təmsilçilərini Tadeuş Holuvko ilə yalnız sadəcə bir tanışlıq bağlamırdı, onlar həm də onun bu xalqlara bəslədiyi atəşin bir rəğbətin şahidi idilər, onun simasında öz imkanları daxilində hər zaman onlara kömək əlini uzadan səmimi bir arkadaş, etibarlı dost görürdülər. Ən çox diqqətçəkən faktlardan biri budur ki, onun belə rəğbət qazanmasının səbəbi yalnız Polşanın milli maraqları ilə bağlı deyildi...

Tadeuş Holuvko şəxsiyyətinin nəcibliyi, onun, problemlərin dərinliyinə varmaq məharəti, başqalarının dərdini düşünüb anlamaq qabiliyyəti və onların müqəddəratı üçün səmimi şəkildə narahatlıq yaşamaq bacarığı mərhumun cazibədar xarakterinin önəmli xüsusiyyətlərindən idi.

Mən Tadeuş Holuvkonu şəxsən tanıyırdım. Onunla sonuncu görüşümüz xatirimdə çox dərin izlər buraxıb. O görüş 1929-cu ilin yazında İstanbulda olmuşdu. Tadeuş Holuvko o zaman bizim "Odlu Yurd" adlı aylıq məcmuənin redaksiyasını ziyarət etmək üçün gəlmişdi, onda onunla müxtəlif mövzularda çoxlu söhbətlər etdik. Sonda türk xalqları haqqında danışdıq - o xalqlar ki, Tadeuş Holuvko onları yaxşı tanıyırdı və onlarla yaxından maraqlanırdı...

Söhbətimizin bu yerində mən ona dedim ki, bizi hazırda Polşada yaşayan və bu ölkənin vətəndaşları olan qardaşlarımızın - müsəlman türklərinin gələcək taleyi ciddi maraqlandırır (burada Litva-Polşa tatarları nəzərdə tutulur. - M.H.). Onlar bizə Azərbaycanın müstəqilliyi dövründə mənəvi dəstək olublar. Bir çoxları isə Azərbaycana gələrək Cümhuriyyətin quruculuq işlərində çalışıblar.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlament və Hökumət strukturlarında yüksək vəzifələr tutmuş Olgerd və Arslan (Leon) bəy Kriçinski qardaşları, general Süleyman (Matsey) bəy Sulkeviç və digər Litva-Polşa tatarları haqqında danışarkən ona zarafatla belə bir fikir söylədim:

- Kim bilir, müstəqilliyimizi qaytardıqdan sonra biz onların hamısını Azərbaycana köçürməyəcəyik?!

Tadeuş Holuvko bundan hiddətlənərək sözümü yarımçıq qoydu və çox ciddi bir şəkildə dedi:  

- Xəlil bəy, elə fikirləri özünüzə heç yaxın da buraxmayın, çünki biz onları sizə verməyəcəyik! Axı onlar ilk öncə bizim vətəndaşlarımızdır, həm də əziz "əsirlərimiz" olaraq (Böyük Litva knyazı Vitautasın 1397-ci ildə tatar və karay türklərini Krımdan gətirib Knyazlığın ərazilərində yerləşdirməsinə işarədir. - M.H.) bizi müsəlman aləmi və türk dünyası ilə birləşdirən doğal körpülərimizdir. Yox, yaxşısı budur ki, siz bu barədə heç danışmayasınız! 

Bu sözlərin üzərində diqqətlə düşünəndə şübhəsiz ki, onlarda dərin bir həqiqətin ehtiva olunduğuna əmin olursan.

Tadeuş Holuvkonun artıq həyata əbədi göz yumduğu barədə düşünmək çox kədərlidir.

Polyak dilindən tərcümə edən: Mahir HƏMZƏYEV

 





13.09.2019    çap et  çap et