525.Az

Səsimizə səs verin!.. - Çağırış


 

ÖLKƏDƏ ÇOXLUQ TƏŞKİL EDƏN MİLLİ AZLIQ KİMİ GÜRCÜSTANDA YAŞAYAN BİZ AZƏRBAYCANLILARIN ÖZ ANA DİLİMİZDƏ TƏHSİL ALMAQ HÜQUQUMUZ VAR

Səsimizə səs verin!.. - <b style="color:red">Çağırış </b>

Gürcüstanın 3 milyon 700 min nəfərdən çox əhalisinin yarım milyonunu milli azlıq hesab edilən azərbaycanlılar təşkil edir. 10 ildir, deyirik ki, sayımız yarım milyondur. Bəs bu 10 ildə heç artım olmayıbmı?

Nəzərə alsaq ki, ailədə çoxuşaqlı olmağa üstünlük verən də, erkən evliliyin qurbanı olan da bizik, onda bu 10 ildə sayımızın artmaması bir qədər təəccüblü görünür. Əhalinin rəsmi siyahıyaalınması da  2014-cü ildən bu yana aparılmır, soruşanda səbəb olaraq deyirlər ki, biz tolerantıq, Gürcüstan əhalisini milli, etnik azlıqlara ayırmırıq, hamımız eynihüquqlu Gürcüstan vətəndaşlarıyıq. Səbəb doğrudanmı budur, yoxsa sayımız o qədər artıb ki, daha rəsmi rəqəmi dilə gətirmək kimlər üçünsə sərfəli deyil?

Avropaya inteqrasiya yolunu seçmiş Gürcüstanın əsas öhdəliklərindən biri də ölkədə yaşayan milli və etnik azlıqların hüquqlarının qorunması, ona hörmətlə yanaşılmasıdır. Avropaya inteqrasiya üçün öhdəliklər bir kənara qalsın, Gürcüstan hökumətinin təhsillə bağlı qanunvericiliyinə əsasən, milli və etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanı ilə təmin olunmalıdırlar.

Bəs bizim hüquqlarımız necə qorunur? Ölkədə yaşayan ən böyük milli azlıq kimi ana dilimizdə təhsil almaq hüquqlarımız ilbəil necə qorunub saxlanılır?

1989-cu ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cü ildə 117 məktəb qaldı (117 məktəbdən 80-i Azərbaycan, 37-si isə sektor/bölmə məktəblərdir -  (Azərbaycan/gürcü, Azərbaycan/gürcü/rus bölmələri). Konkret addım atılmasa, bu şəkildə davam etsə, 4-5 ilə bu məktəblərin kütləvi bağlanması qaçılmazdır.

Məktəblərin bağlanması səbəbi kimi təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və bu kimi iddialar göstərilsə də, ən başlıca səbəblərdən biri kadr çatışmazlığıdır.

1935-ci ildə Pedaqoji texnikum kimi təsis olunan, 1946-cı ildən institut statusu alan A.Puşkin Tbilisi Dövlət Pedaqoji İnstitutu vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Sonralar Sulxan-Saba Orbeliani, hazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılan bu ali məktəbdə 2010-cu ilə qədər bu ixtisas üzrə kadrlar hazırlanırdı.

Azərbaycan bölməsinin bağlanmasının səbəbləri nə oldu? Bu fakültənın işçiləri, müəllimləri, məzunları, o vaxtkı və indiki millət vəkillərimiz Azərbaycan bölməsinin bağlanması ilə necə barışdılar? Azərbaycan bölməsi bağlandıqdan sonra onun yenidən açılması üçün nə üçün cəhdlər edilmədi? Bu, başqa bir mövzudur.

Siz bunun səbəblərini fikirləşin, mən isə eyni ölkədə yaşayan, sayca bizdən qat-qat az olan digər bir millətin nümayəndələrinin necə fəal olmasını siz bir-bir ərz edim.

Hazırda Gürcüstanda 131 erməni məktəbi var və gələcəkdə onların bağlanma təhlükəsi sıfıra bərabərdir. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində "Ermənişünaslıq" ixtisası üzrə gənclər təhsil alır, qədim və müasir erməni dilini, Ermənistanın tarixini, mədəniyyətini öyrənirlər. Biz isə Gürcüstanda sayımızın çox olmasına baxmayaraq, olanımızı da itirə-itirə gedirik.

1990-cı ildə ermənilərin sıx yaşadığı Samtsxe Cavaxeti regonunda İvane Cavaxaşvili Tbilisi Dövlət Universitetinin Axalkalaki filialı yaradıldı, 2014-cü ildə isə filial Samtsxe Cavaxeti Dövlət Universiteti kimi rəsmi qeydiyyata alındı.

Azərbaycan tarixi Gürcüstanda tədris olunmur, bu, bizim bədbəxtçiliyimizdir. Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Tomrisi, Sara xatunu, Uzun Həsəni, Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu, Ziya Bünyadovu, Süleyman Əlyarlını tanımır. Gürcüstanda anadan olan azərbaycanlı Nəriman Nərimanovun heç adını da bilmirlər. Tək bircə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi zamanı şagirdlər az-çox Azərbaycanla bağlı nəsə öyrənirlər, mədəniyyətimizi, tariximizi, ədiblərimizi əlaqəli şəkildə mənimsəyirlər. Gürcüstanda Azərbaycan məktəblərinin sayı ilbəil azalır, bir çox Azərbaycan məktəblərində gürcü sektorları açılır, daha sonra isə kadr çatışmamazlığı ucbatından Azərbaycan sektoru bağlanıb bir tək gürcü sektorunu saxlayırlar. Belə davam etsə, uzunmüddətli düşünülmüş siyasət nəticəsində bir neçə ilə bir dənə də olsun Azərbaycan məktəbi qalmayacaq və sonda fransızlar demişkən, "vual?", yəni it də getdi, ip də...

Kadr çatışmazlığı pensiya, təqaüd yaşına çatmış müəllimlərin "mədəni" surətdə işdən çıxarılması ilə daha da kəskin hiss olunmaqdadır.

Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmazlığı ilə bağlı deyil. Məktəblərdə riyaziyyat, fizika, kimya, biologiya, tarix və  digər fənləri tədris edən azərbaycandilli müəllimlər də çatışmır. Azərbaycandilli media, jurnalistika, mətbuat, teatr ağrılı yerimizdir, bu sahələrin ciddi dəstəyə və inkişafa ehtiyacı var.

Bu problemləri həll etməyin yeganə yolu, fikrimcə, Gürcüstanda tez bir zamanda Azərbaycan-Gürcüstan Universitetinin açılmasına nail olmaqdır.  

Xəyallarımın universiteti

Elə bir universitet ki, müxtəlif fənlər üzrə azərbaycandilli kadrlar yetişdirəcək, bu kadrlar gələcəkdə Azərbaycan məktəblərində dərs deyəcəklər, bəzi kadrlar isə universitetdə qalıb magistratura və doktoranturada təhsillərini davam etdirib, sonradan bu universitetdə dərs deyəcəklər. Azərbaycandilli kadrlar oxuduqları müddətdə - universitetə daxil olandan universiteti bitirənə kimi gürcü dilini də mükəmməl öyrənəcəklər. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan kadrların gürcü dili və ədəbiyyatı fənnini də tədris etmək hüququ olacaq və beləliklə, gürcü məktəblərində də müəllim kimi işləmək imkanı qazanacaqlar.

Elə bir universitet ki, azərbaycanlılarla gürcülər bir yerdə təhsil alacaqlar, bir-birlərinin mədəniyyətlərini, dillərini, tarix və adət-ənənələrini birlikdə öyrənəcəklər.

Elə bir universitet ki, pedaqoji kadr hazırlayan fakültədən əlavə, digər fakültələr - biznes, hüquq, sosial elmlər və s. fakültələr də fəaliyyət göstərəcək, təhsil gürcü və ya ingilis dilində olacaq.

Elə bir universitet ki, fakültəsindən asılı olmayaraq bütün tələbələr üçün Azərbaycan və Gürcüstan mədəniyyətini, Azərbaycan və Gürcüstan tarixini bilmək məcburi olacaq. Azərbaycanlılardan isə əlavə olaraq gürcü dilini bilmək tələb ediləcək.

Elə bir universitet ki, Azərbaycandilli media, jurnalistika, mətbuat və teatr üzrə də kadrlar yetişdirəcək, paralel olaraq gürcü dilində də mükəmməl öyrənəcəklər. Bu isə mətbuatda məlumatların hər iki dildə çatdırılmasına, teatrda tamaşaların hər iki dildə oynanılmasına, ən önəmlisi də bu sahə üzrə peşəkar kadrların yetişməsinə gətirib çıxaracaq.

Elə bir universitet ki, Azərbaycan və gürcü xalqları arasında əsl dostluq münasibətlərinin inkişafına gətirib çıxaraq.

Belə bir universitetin əsasının qoyulması Azərbaycan və Gürcüstan hökumətlərinin birgə səyi nəticəsində mümkündür. Biz - Gürcüstan vətəndaşları isə imza toplayıb hər iki ölkənin Prezidentinə, Baş nazirinə və Təhsil nazirlərinə öz istəyimizi çatdıracağıq. Mən ziyalıları, müəllimləri, valideynləri, siyasətçiləri, gəncləri, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin üzvlərini bu məsələdə fəal olmağa, öz imzaları ilə təkliflərimizə dəstək verməyə səsləyirəm.

Gürcüstanda çoxluq təşkil edən milli azlıq kimi, biz azərbaycanlıların öz ana dilimizdə təhsil almaq hüququmuz var. Gələcəyiniz üçün indidən imza atın!..

 





13.09.2019    çap et  çap et