525.Az

Müasir dövrdə dövlət-din münasibətləri - Rafiq Əliyevdən maraqlı təhlil


 

Müasir dövrdə dövlət-din münasibətləri - <b style="color:red">Rafiq Əliyevdən maraqlı təhlil </b>

Din və dövlət münasibəti ideologiya və hakimiyyətin çox zəif müvazinəti üzərində qurulmuş idarəetmə sisteminin möhkəmliyinin mühüm elementidir.

Bu çətin həll edilə bilən məsələ tarixən bütün bəşəriyyəti narahat edib və bu gün də etməkdədir. Əslində, dinlərin tarixi dövlətlərin tarixindən daha qədimdir və onların mövcudluğu dövlətin olub-olmaması ilə şərtlənir. Din müstəqil ideoloji sistemdir. Bundan əlavə, onun yaranması Allahın (İlahi qüvvənin) mövcudluğunun danılmaz olmasına inamla bağlanır. Bu,  dinə inananlar üçün isbata ehtiyacı olmayan aksiomadır.

Cəmiyyətin normal fəaliyyət göstərməsi üçün münbit, yararlı şərait  dövlətin bütün ali hakimiyyətə sahib olduğu, ictimai-siyasi və dini təşkilatların isə açıq cəmiyyət institutlarına müsbət təsir göstərmək imkanına malik olduğu vaxt formalaşır. Qanun cəmiyyətin normal inkişafını dövlətin icraedici strukturlarının fəaliyyətinə, eləcə də cəmiyyətdə hökm sürən, əsasən dini-mənəvi-əxlaqi prinsip və adət-ənənələrə istinad edərək tənzimləyir. Dövlət cəmiyyətin həm sosial-iqtisadi, həm də mənəvi sahələrini qanun çərçivəsinə salır və prosesləri idarə edir. Müasir demokratik cəmiyyətdə din və dünyəvi dövlətin dinc şəkildə birgə yaşaması modelini formalaşdırmaq vacib şərtdir. Cəmiyyətin yaratdığı dövlət öz inkişafını təmin etmək üçün  qanunun aliliyini üstün tutsa da, din əsasən qanunun mahiyyətini, yəni əxlaq və mənəviyyatı formalaşdırmaqda mühüm rol oynayır. Əxlaqi-mənəvi və siyasi-ideoloji meyarların nəticəsi olan hakimiyyət və onun qəbul etdiyi dünyəvi xarakterli qanunlar birlikdə cəmiyyətin idarə edilməsində əhəmiyyətli rol oynayır. Bir sözlə, dövlət və din bir-birindən tam ayrı mövcudluğu xeyli siyasi-ideoloji fəsadlar törədir. Biz bunu SSRİ-nin təcrübəsində artıq görmüşük. Buna görə də demokratik əsasda qurulmuş cəmiyyətdə dövlət onun siyasətinə və ideologiyasına zidd olmadan bütün din icmaları və əqidələri üçün bərabər şərait yaradıb onların fəaliyyətini qanunla tənzimləmək və müdafiə etmək məcburiyyətindədir.

Hər bir dövlətin dini etiqad və vicdan azadlığının təmin olunmasına, dövlət-din münasibətlərinin tənzimlənməsinə öz yanaşma tərzi mövcuddur. Tarix boyu Azərbaycan çoxmillətliliyi, öz tolerantlığı ilə seçilmiş, müxtəlif dinlərin nümayəndələri burada sülh şəraitində, dinc, yanaşı fəaliyyət göstərmiş, milli dini və irqi ayrı-seçkilik qabardılmamış, münaqişə yaradacaq həddə çatdırılmamışdır. Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudiliyin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamış, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma müşahidə olunmamışdır. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə həm səmavi dinlərin ardıcılları tərəfindən, həm də dövlət tərəfindən qorunub saxlanılaraq uğurla davam etdirilir, bütün dinlər cəmiyyətin ahəngdar inkişaf prosesinə öz imkanları çərçivəsində töhfələrini verir. Əlbəttə, son illərdə cəmiyyətin ən aktual mövzularından olan dövlət-din münasibətləri ilə bağlı vaxtaşırı elmi-tarixi əsərlər yazılır, kitablar nəşr edilir, müzakirələr aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, fəlsəfə elmləri doktoru Ceyhun Məmmədovun bu günlərdə işıq üzü görmüş "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" kitabı da məhz həmin mövzuya həsr olunub. Kitab mahiyyət etibarı ilə tarixi aspektdə yazılıb. Azərbaycanda dövlət-din münasibətlərinin üç tarixi mərhələsinə toxunur: Azərbaycan Xalq Cümhuriyyəti, SSRİ dönəmi və müstəqillik dövrü. Bu üç fəsildə müəllif dinə münasibətin müxtəlif aspektlərinə toxunur, oxşar və fərqli cəhətləri təhlil etməyə çalışır. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi aspektlərinə, bu münasibətlərin qanun çərçivəsində tənzimlənməsinə, dini radikalizmlə mübarizə sahəsində son illər siyasi-ideoloji və hüquqi aspektlərdə aparılan işlərə toxunur.

Kitabın birinci fəslində Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş dövlət-din münasibətlərindən kifayət qədər bəhs edilir, həmin dövrdə bu sahədə ciddi addımların atılması, qanunların qəbul olunması vurğulanır. Müəllif qeyd edir ki, məhz AXC-nin dövründə cümə günü istirahət günü elan edilmiş, dini bayramlarda bütün din nümayəndələri işdən azad olunmuş, hökumətin qərarı ilə din xadimləri və dini idarələri büdcədən maliyyələşdirilmiş, dini vergilər bilavasitə dövlətin xəzinəsinə daxil edilmişdir. Azərbaycan Demokratik Respublikası iki ildən az müddət yaşasa da, xalqımızın milli-dini mənlik şüurunun oyanması üçün böyük addımlar atılmış, din və dövlət münasibətlərinin normal, sivil yolla tənzimlənməsinin əsasını qoymuşdur.

Sövet dönəmini Azərbaycanın din tarixinin ən ağrılı və acılı dövrlərindən biri kimi təsvir edən müəllif həmin illərdə bir çox ibadət yerlərinin dağıdılmasına, din xadimlərinin həbs edilməsinə, hətta qətlə yetirilməsinə dair tarixi faktlardan iqtibaslar gətirir. Əsrlərin sınağından süzülüb gələn milli-mənəvi dəyərlərin insanlara təsirini azaltmaq və əhalini dindən uzaqlaşdırmaq məqsədilə islam dininə qarşı kütləvi hücumların edildiyi qeyd olunur. Həmin dövrdə vicdan və etiqad azadlığı prinsipləri dövlətin əsas qanununda öz əksini tapsa da, din xadimləri üçün bütün imtiyazlar ləğv edilmiş, məscid və kilsələrin dövlətdən ayrıldığı barədə qərarlar qəbul edilmiş, dinə, xüsusilə, islam dininə qarşı ciddi mübarizə planı reallaşdırılmışdır.

Müstəqil dövrü 1991-ci ildən başlayaraq təsvir edən müəllif göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi tədricən çətinliklərlə formalaşdıqdan sonra bu münasibətlərdə yeni fərqli mərhələ başlamışdır. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı kağız üzərində deyil, işdə, əməli cəhətdən təmin olunmuş, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə qoyulmuş qadağalar aradan qaldırılmış, baxımsızlıqdan uçub-dağılmış dini ibadət ocaqlarının tam əksəriyyəti təmir və bərpa olunmuş, gənc nəslin sağlam ruhda, dini inkar etmədən milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Bu vacib iş hazırda da davam etdirilir.

Bu gün ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin, təriqətlərin  nümayəndələrinə diqqət, qayğı göstərmək Azərbaycan hakimiyyətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Müəllif qeyd edir ki, Azərbaycanda dini etiqad azadlığının tam təmin olunması istiqamətində dövlət-din münasibətlərinin tənzimlənməsində müasir dövlətimizin qurucusu Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Dini Qurumlarl İş üzrə Dövlət Komitəsi yaradılmış və onun himayəsi ilə ölkədə tarixi əhəmiyyət kəsb edən köhnə məscidlər, ibadət ocaqları bərpa edilmiş, yeniləri inşa olunmuş, 1936-cı ildə dağıdılmış Bibiheybət məscidi yenidən qurulmuşdur. Onun əsasını qoyduğu dövlət-din siyasəti bu gün də uğurla davam etdirilir, ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə xüsusi diqqət göstərilir. Əgər Azərbaycan müstəqilliyinin ilk on ilində dünyada dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən fəal iştirakçısı idisə, hazırda bu prosesin təşkilatçısıdır. "Bu gün qarşıda duran əsas vəzifə bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir" deyən müəllif bunu hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyət adlandırır.

Maarifləndirmə missiyası daşıyan və dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulan bu kitabı vərəqlədikcə müəllifin onu ərsəyə gətirmək üçün kifayət qədər tarixi mənbələri araşdırdığı məlum olur. Ümumiyyətlə, bu və ya digər tarixi mərhələdə ölkədə mövcud olmuş din-dövlət münasibətlərini həmin dövrün ictimai-siyasi durumunu təhlil etmədən, baş vermiş hadisələri öyrənmədən şərh etmək qeyri-mümkündür. Kitabda, həmçinin, Azərbaycanda din təhsilinin tarixinə, dövlət-din münasibətlərinin hüquqi aspektlərinə də toxunulur. Bu baxımdan, "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" kitabının nəşri xüsusi əhəmiyyət daşıyır. Müəllif kitabda problemin praktiki tərəflərini daha çox qabartmiş, qarşıya qoyduğu sualları tarixi faktlarla təsdiqləməyə çalışmışdır. Əslində, bu, çox vacib və tədqiqatçılar tərəfindən az işlənilmiş bir mövzudur. Bu mövzu haqqında faktların əksəriyyəti tarixi arxivlərdə, daha çox Gürcüstandakı dövlət tarix arxivində saxlanılır. Müəllif mümkün olan qədər material tapmış və mövzü üçün seçdiyi tarixi dövrə aid kifayət qədər faktlara istinad etmişdir. Ümid edirik ki, kitab geniş oxucu kütləsi üçün maraqlı olacaq.

 





13.09.2019    çap et  çap et