525.Az

Bakıda beynəlxalq sərgi


 

Bakıda beynəlxalq sərgi<b style="color:red"></b>

Dünən "Bulvar Hotel Bakı"da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi ("Gift & Promo 2019") və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri ("AdPrint 2019") Sərgisi öz işinə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən, mikro və kiçik sahibkarlıqla məşğul olan qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Sərginin açılış mərasimində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov belə bir sərginin Azərbaycanda təşkil olunmasının əhəmiyyətindən danışıb: "Çox əlamətdar haldır ki, region üçün əhəmiyyətli olan beynəlxalq sərgi bugün Azərbaycanda keçirilir. Bu platformada xarici ölkələrin təmsil olunması və xarici şirkətlərin öz məhsullarını təqdim etməsi sərginin vacibliyini bir daha göstərir".

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev ölkə rəhbəri tərəfindən aparılan islahatların reklam sektoruna da müsbət təsir göstərdiyini xüsusi vurğulayıb: "Bu sahənin inkişafı üçün son iki ildə qanunvericilik bir neçə dəfə təkminləşdirilib. Bazar iqtisadiyyatı şəraitində yaşadığımız bu azad rəqabət mühiti şirkətlərin marketinq büdcəsinə də müsbət təsir göstərir. Daimi satışı çoxaltmaq məqsədi daşıyan biznes müxtəlif alətlər və həllər axtarışındadır".

"Caspian Event Organisers" şirkətinin baş direktoru Xəlil Məmmədov eyni xarakterli sərgilərin davamlı olacağını qeyd edərək, analoji tədbirlər üçün xüsusi proqramının hazırlandığını bildirib: "Dekabra qədər 13 qeyri-neft sektorunu əhatə edən sərgi və konfransımız gözlənilir. Eyni zamanda, bir neçə sərginin yubileyi keçiriləcək".

Sərgidə qeyd olunub ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd kiçik və orta sahibkarların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Sərgidə 6 ölkədən 43 şirkət təmsil olunur. Həmçinin, sərgidə 12 sahibkar iştirak edir ki, bunların da arasında qadın və əlil sahibkarlar çoxluq təşkil edir.

Sərgidə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksessuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.

Sərgi sentyabrın 14-dək davam edəcək.

Ruslan DOST ƏLİ

 





13.09.2019    çap et  çap et