525.Az

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illiyinə həsr olunmuş seminar - Foto


 

Ədəbiyyat İnstitutunda Nəsiminin 650 illiyinə həsr olunmuş seminar - <b style="color:red">Foto</b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hürufizmin ən tanınmış tədqiqatçılarından biri olan professor Fatih Usluerin “İmadəddin Nəsimi Fəzullah Nəiminin əlyazmalarında” mövzusunda elmi seminarı keçirilib.

Azərbaycan prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında verdiyi sərəncamlara uyğun olaraq institutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutan seminarda giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq prezidentin sərəncamlarının Nəsiminin öyrənilməsi və təbliğində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Akademik çıxışında İmadəddin Nəsimi ilə bağlı İnstitutun həyata keçirdiyi və qarşıda nəzərdə tutduğu işlərlə bağlı məlumat verib. Professor Fatih Usluerə dəvəti qəbul edib Ədəbiyyat İnstitutuna gəldiyi üçün təşəkkürünü bildirib.

Sonra filologiya elmləri doktoru Rəhim Əliyev “Fəzlullah Nəimi, hürufilik və Nəsimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, türk, ərəb, fars, ingilis, fransız dillərini bilən professor Fatih Usluer Nəiminin və bir sıra hürufi şairlərin əsərlərini tədqiq etməklə bərabər çapa hazırlayıb.

Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli də çıxışında sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində rəhbərlik etdiyi təşkilatın professor Fatih Uslueri Bakıya dəvət etdiyini bildirib. Birlik tərəfindən nəşrə hazırlanmış “Müqəddimətul həqayiq” əsəri barəsində məlumat verib.

Türk Maarif Vəqfinin Oman Sultanlığında Türk dili və Ədəbiyyatı Bölümünün professoru Fatih Usluer “İmadəddin Nəsimi Fəzlullah Nəiminin əlyazmalarında” mövzusunda geniş və əhatəli məruzə edib, 17 ildən artıq hürufiliyin tədqiqi ilə məşğul olduğunu diqqətə çatdırıb. O öz araşdırmalarını üç istiqamətdə apardığını bildirib. Onlardan birincisinin hürufilərin fəlsəfəsi, ikincisinin hürufilərin tarixi, üçüncüsünün hürufi mətnlərinin araşdırılmasıolduğunu diqqətə çatdırıb və bu barədə elmi fikirlərini bölüşüb.

Türkiyəli qonaq Fatih Usluer həmçinin, Ədəbiyyat İnstitutunun alimlərindən professor Qəzənfər Paşayevin, filologiya elmləri doktoru Fəridə Əzizovanın, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı və başqalarının mövzu ilə bağlı suallarını cavablandırıb.

 





13.09.2019    çap et  çap et