525.Az

Sami Yusifin hazırladığı kompozisiyalar geniş əks-səda doğurub


 

Sami Yusifin hazırladığı kompozisiyalar geniş əks-səda doğurub<b style="color:red"></b>

Bugünlərdə dünyaca məşhur azərbaycanlı müğənni Sami Yusifin öz "Youtube" kanalında paylaşdığı milli musiqi kompozisiyaları ölkə ictimaiyyətinin böyük marağına səbəb olub.

Ciddi rezonans doğuran "Şirvanşahlar Sarayı", "Girdim yarın bağçasına" və "Nəsimi poeziyası" adlı kompozisiyalar onun rəhbərliyi ilə xalq çalğı alətləri orkestri tərəfindən ifa olunurdu.

Bu görüntülər UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimindəndir. Sözügedən mərasim üçün xüsusi mədəni proqram hazırlanmışdı.

Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salınması məqsədilə hazırlanmış "İrsin sonsuz ruhu" ("Timeless spirit of heritage") adlı mədəni proqramın əsas təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olub. Yaradıcı prodüseri Rusiyanın məşhur prodüseri Andrey Baltenko, musiqi proqramının müəllifi isə Sami Yusif olan mədəni proqram doqquz elementi özündə birləşdirir. Bu elementlər "Qobustan", "Atəşgah", "Nəsimi poeziyası", "Rəqs edən ürəklər", "Xalçalar", "Şirvanşahlar Sarayı", "Novruz bayramı", "Şəki Xan Sarayı" və "Azərbaycanın gələcəyə baxışı" mövzularını əhatə edir.

Qeyd edək ki, konsertdən digər görüntülər yaxın zamanda yayımlanacaq.

Şahanə MÜŞFİQ

 





13.09.2019    çap et  çap et