525.Az

Tanıyaq və tanıdaq: Səhər Xiyavi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Səhər Xiyavi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Səhər XİYAVİ

1968-ci ildə Güney Azərbaycanın Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav  şəhər okulunda müəllim işləyir.

İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır" adlı kitabı Səhərə geniş oxucu auditoriyasının sevgisini qazandırıb.

O gün uzaq deyil...

Qızıl qəfəsin təkliyində kal darıxm alarım
kəndir asmış boğur məni;
göyün mavi köksündə
qiha çəkib
azad qanad çalan quşlarda həsrətli baxışlarım;
zəhər olsun bu dən, bu su
başım azıdan torlar, tələlər!!
Aaa...x qadir ovçu
Aç əl-ayağımdan bu ağır qandalları!
Gözlərimdən sonsuz axan yağmurlar
İsladıb qartallığımın qanadlarını;
elə ağırlaşmışam ki, uça bilmirəm bunsuz da;
amma inanma dinc oturacam
mən boğaz-boğaz al günəşi çağıracam,
işıqlığı çığıracam.
Əminəm bir gün fəryadım
yırtacaq gecənin qara örpəyin;
boğazımdan canıxmış qan fışqıracaq üzünə,
günəş qonaq gələcək yurdumuza,
qurudacaq islaq qanadlarımı
və bir dişi qartalın öncül uçuşun
hamı barmaqla görsədəcək!!
O gün uzaq deyil...

Azərin iyirmi biri

Sazaqlı bir gundə Təbriz şəhərin,
Gəzirəm yadınla dolanbadolan.
Sən oldun ana dil, vətən sevgisin
Duyğu əllərinlə könlümə salan.

Sarı əmniyətə gömülübdü vay,
Çırtmak vur diksinsin pəncərəm yenə!
Könlümün sərçəsi nə yaman uyub
Bu kor tələlərə səpilmiş dənə!

Necə mən sevincdən, sevgidən yazım?!
Doğranır dilimdə anamın dili.
Saat qabağından keçən zamanı
Əyilir içimdə atamın beli.

Bərnovlar şaqqıldır əfsərlər düşür,
Qar ustə sürünür gül yanaqları.
Ağapbaq köynəklər qana bürünür
Baltalar doğrayır gül budaqları.

Necə arsız yazım sarı sevgidən?!
Güllə-güllə yanır ürəyim başı.
Gördükcə bu şəhid söyüdləri mən
Kəsmədən tökülür gözümün yaşı.

Yanılır türkücə kitablarımız,
Azər də qor çəkir içimdən mənim.
Kitablar alışır kəlməbəkəlmə
Yoxsa sellül-sellül bədənim mənim?!

Bir ildə qurulmuş şanlı sərgini
Xəzan tez sovurdu, apardı külək.
Qoymadı doyunca bir tamsınaraq
Bu dilin, bu elin şanını görək.

Sevgilim bağışla, bağışla məni!
Mən sənə yarayan yoldaş olmadım.
Əkdinsə qəlbimdə gül-çiçəkləri
Bu bağa vəfalı bağman qalmadım!

Azərin bu qəmli, sazaqlı günü,
İyirmi bir gülləylə könlümü yaxın!
Suçlayın, hovlayın bu ğirtəsizi
Asılmış gövdəmə əl çalın, baxın!

1

Səhvən alışdım sizlərə!..
Bir yanlış kimi dünyanızın söz dəftərində
qabarıq durdum!
Bir yanlış kimi
dövrəmə qırmızı cızıq çəkdiniz
qara yamaq kimi,
vuruldum dünyanızın sarı köynəyinə!
His tutmuş deyə,
saraltmaq zorunda oldunuz məni!
Mən boyda bir payızı
yaşıl yarpaqlarınız qucaqladılar!
Çeynəyib-çeynəyib tüpürdülər sonra
ayaqlarım başmaqlarınıza gah böyük,
gah da kiçik gəldi!
Başmaqları buraxıb ayaqlarını düzəlt dediniz!
Sümük kimi qalmışdım boğazınızda əlbət;
toylarınızda həzin səs kimi
soxulurdum mahnılarınıza!
Yanlış kimi,
söz dəftərinizdə qabarıq durdum!
Dövrəmə qırmızı cızıq çəkdiniz!
Beləcə doğuldum!..
Beləcə yaşadım...
Səhvən!!
2

Əllərin yamyaşıl ağac
əlini qəlbimə əkdim,
bulud-bulud göz yaşımı
ayağın altına tökdüm.
Budaq-budaq qol atıbsan,
damarımda gəzir əlin
xısın-xısın sızır qələm
dəftərimə süzür dilin.
Gözlərin baxır gözümdən,
çırpınır urəyin məndə.
Sənsən məndə doğulubsan,
Yoxsa ki bu mənim səndə
əllərindədi gilənar
gəl bu məndən "məni" qopar
barmağının izi günəş
gəl məni bir də şeirləş...

3

Gözlərin qaranlıq gecələrdə
sehirli meşə
çək məni içinə,
itir məni dar-dolaşıq ayaq ça tmaz yerlərində
quyla məni gözündə
gözlərin tufanlı dəniz
mənimsə ruhum yelkənsiz gəmi
tapşır məni dəli dalğalara
çək məni burulğanlara
qərq et məni gözündə
qoy qəzetlər heyran qalsın
necə olduğuma
və itkin adlanım həmişə xəbərlərdə!

4

Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!
O, həmişə xəyallarda gəzən?
Gecələr ulduzaları dərmək arzusuyla yatan qız
bəlkə bağışladı saçlarının qaralığın gecəyə,
baxışının işıltısın ulduzlara,
bəhanəsiz gülüşlərin güllərə,
gözlərinin yaşın buludlara,
əllərinin suçsuzluğun bulaqlara,
bəlkə uçurtmasının quyruğunda getdi yellərə?!
Bəlkə köçüb gəlin balasıynan
evciklər şəhərinə?!
Kimdir?
Kimdir bu qadın, tozlu güzgüdə?!
Buz bağalmış baxışla baxır üzümə
analıq ağırlığı çiynində,
yorğun çöküb dizə,
çən düşüb gözlərinə,
zaman xətti çəkilmiş alnına,
nə yad gəlir mənə!
Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!

İsnişmədim heç!..

Mən yuva qursam da budaqlarında,
Qurduğum yuvaya isnişmədim heç!..
Ruhumu qovuran duyğularımı
Səninlə bir kərə danışmadım heç!..

Qasırğa sovruldu hər gün başımda,
Kükrəyən vulkanlar qopdu içimdə,
Ovundum bu sıcaq göz yaşlarımla,
Qurduğum yuvaya isnişmədim heç!..

Dərdimiz baş-başa verə bilmədi,
Duyğumuz ölçüsü arva gəlmədi,
Məhəbbət məndilin yaşım silmədi,
Qurduğum yuvaya isnişmədim heç!..

Küləklər qanadı oylağım oldu,
Boşluğa dayanmaq dayağım oldu,
Bir sirdaş arzusu son dağım oldu,
Qurduğum yuvaya isnişmədim heç!..

Küləklər titrədir, az qalır qopa,
Bənzəyir ilgimiz bir nazik sapa,
Bu ilgi çox çətin davamın tapa,
Qurduğum yuvaya isnişmədim heç!..

Düzləyib ağlaram talan sevgimi,
Qəlbimə yoxluğu dolan sevgimi,
Nağıla çevrilən yalan sevgimi,
Qurduğum yuvaya isnişmədim heç!..

Qucağın soyuqdur sazaq püskürür,
Bu evin iti də yabancı hürür,
Duyğum burda məslul, quru öskürür
Qurduğum yuvaya isnişmədim heç!..

Sən başqa bir adam, mən də birisi,
Günəşlə buzlağın nədir ilgisi!?
Tutmaz ki dəliylə aqil sevgisi,
Qurduğum yuvaya isnişmədim heç!..

Bir sınıq yuvadır, üç ağ göyərçin,
Dözdümsə, dözürəm tək bunlar üçün,
Deyirdim əlimdən zinciri açın,
Qurduğum yuvaya isnişmədim heç!..

Nə yaxşı bu qələm oldu sirdaşım,
Kitablar, varaqlar oldu yoldaşım,
Çiyninə qoyuram ağrılı başım,
Qurduğum yuvaya isnişmədim heç!..

İçirəm bunlara şövqilə ağı,
Düzlənir qəlbimdə bir sevgi dağı,
Şeirimin bu xəzəl, bu viran çağı,
Qurduğum yuvaya isnişmədim heç!..

Həyat

Həyat bir şətrənc səhfəsinə bənzər,
şayə deyilik,
qalamız yoxdur,
vəzirimiz də,
filimiz də,
atımız da,
yalnız piyada, yazıq sərbazlarıq...
Köksümüz mərmi amacı,
cəzamız dar ağacı,
suuuu...s möhürü dodağımızda,
əmirlər selli su yanağımızda.
Sozalırıq acımızdan
çırım-çılpaq,
qovruluruq yayda,
zağ-zağ əsirik qışda...
Suluq-suluq ayaqlarımız,
çat-çat dodaqlarımız,
rəjə gedirik hələ arsız-arsız
və özgə dildə,
özgə dildə,
paşaların
mundar canına
dua edirik.

 





13.09.2019    çap et  çap et