525.Az

Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib


 

Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Tatarıstan Respublikasının paytaxtı Kazanda səfərdə olub.

Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salaxovla görüşdə Elmlər Akademiyaları arasında bir il əvvəl imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq, humanitar və ictimai elmlər sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında müzakirə aparılıb.

Akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyası Həlimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun 80 illik yubileyində çıxış edərək qarşılıqlı əməkdaşlıq sahəsində atılmış addımlardan və gələcək vəzifələrdən danışıb.

Yubiley münasibəti ilə Tatarıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutuna üzərində Nizami Gəncəvinin portreti olan xalça hədiyyə olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyasında yubiley çərçivəsində "Milli ədəbiyyatlar müasir mərhələdə: konsepsiyalar və hipotezlər" mövzusunda keçirilmiş beynəlxalq elmi seminarda "Ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələlərinin müəyyən edilməsi meyarları" mövzusunda elmi məruzə ilə çıxış edib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə beynəlxalq elmi konfransın "Leksikoqrafiya" bölməsinin moderatoru olub, onun "Orta əsrlər Azərbaycan leksikoqrafiyasına bir baxış" mövzusunda məruzəsi dinlənilib.

Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Ədəbiyyat İnstitutu, Sankt-Peterburq Bölməsinin Puşkin Evi, Sankt-Peterburq Xarici Dillər Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Ədəbiyyat İnstitutu, Qazaxıstan və Özbəkistan EA-nın Ədəbiyyat İnstitutları, Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Udmurtiya EA Ədəbiyyat İnstitutları, Kazan Dövlət Universitetinin Filologiya fakültəsinin tanınmış ədəbiyyatşünas alimlərinin elmi məruzələri dinlənilərək müzakirə olunub.

Beynəlxalq elmi konfransın materialları çap edilib.

AMEA-nın vitse-pezidenti, akademik İsa Həbibbəylinin Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina ilə görüşündə ədəbiyyat sahəsində ortaq layihələrdə iştirak və ədəbi cərəyanların öyrənilməsində təcrübə mübadiləsi barədə söhbət aparılıb.

Kazan görüşləri çərçivəsində akademik İsa Həbibbəyli Tatarıstan Respublikası Dövlət Şurasının Elm, təhsil, mədəniyyət və milli məsələlər komitəsinin sədri, xalq şairi Razil Valeyevlə görüşüb, eləcə də Tatarıstan ədəbiyyatının klassiki Abdulla Tokayın ev-muzeyində olub.

 





15.09.2019    çap et  çap et