525.Az

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd edilib


 

Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd edilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyinə həsr edilən "İlk dilçi akademik Məmmədağa Şirəliyev" mövzusunda elmi konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident İlham Əliyevin "Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında" 19 iyul 2019-cu il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, həmin sərəncam Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan alimin fəaliyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Məmmədağa Şirəliyevin çoxşaxəli elmi yaradıcılığından danışan İsmayıl Hacıyev bildirib ki, alimin Azərbaycan dilçilik elminin yaranması və inkişafında, onun dünyada, xüsusilə türkdilli ölkələrdə tanınmasında böyük xidmətləri olub.

Qeyd olunub ki, Məmmədağa Şirəliyev elmi fəaliyyəti ilə yanaşı, təhsil sahəsində də əvəzsiz işlər görüb. Görkəmli alim müxtəlif illərdə ali məktəblərdə yüksək vəzifələr tutsa da, o, ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırmasına həsr edib. Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmalarının nəticəsi olaraq Məmmədağa Şirəliyevin müxtəlif illərdə sanbalı elmi məqalələri, kitabları, monoqrafiyaları nəşr edilib. Onun fundamental "Azərbaycan dialektologiyanın əsasları" əsəri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

İsmayıl Hacıyev bildirib ki, yüksəkixtisaslı dilçi kadrların, xüsusilə dialektoloqların hazırlanmasında da Məmmədağa Şirəliyevin böyük xidmətləri olub. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru yetişib.

Diqqətə çatdırılıb ki, elmi irsi dilçiliyimiz üçün dəyərli olan Məmmədağa Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə 128 xəritədən ibarət "Azərbaycan dilinin dialektoloji atlası"ı tərtib edilib.

Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Akademik Məmmədağa Şirəliyevin həyatı və elmi fəaliyyəti", həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın "Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dialekt və şivələrinin təsnifi məsələləri", Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın "Akademik Məmmədağa Şirəliyev və dialektologiya məsələləri" və Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin "Akademik Məmmədağa Şirəliyev və türk dünyası" mövzusunda məruzələri dinlənilib.

 





15.09.2019    çap et  çap et