525.Az

"Ədəbi proses - 2018" elmi-yaradıcılıq müşavirəsi keçirildi - Fotolar


 

"Ədəbi proses - 2018" elmi-yaradıcılıq müşavirəsi keçirildi - <b style="color:red">Fotolar</b>

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında "Ədəbi proses - 2018" mövzusunda elmi-yaradıcılıq müşavirəsi olub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2014-cü ildən etibarən keçirilən "Ədəbi proses - 2018" mövzusunda elmi-yaradıcılıq müşavirəsinin ictimaiyyətdə müsbət əks-səda doğurduğunu qeyd edib. Akademik bildirib ki, artıq ölkənin bir sıra ədəbi qurumlarının və mətbuat orqanlarının da bu müşavirəyə marağı yaranıb. Hər il məruzəçilərin sayı artaraq ədəbi prosesin müxtəlif istiqamətlərini daha dərindən araşdırırlar. Bu müşavirələr müasir ədəbi prosesi dərindən və hərtərəfli öyrənməyə stimul verir: "Artıq ədəbi prosesin çoxqütblü inkişafı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının gerçəkliyidir. Çoxmetodlu ədəbi proses yeni tarixi epoxada Azərbaycan ədəbiyyatını geniş yaradıcılıq üfüqlərinə çatdırmışdır. Elmi-nəzəri mənada da ədəbi proses anlayışı geniş anlayışa çevrilərək, ilin ədəbiyyatının yekun icmallarından ədəbi gedişatın nəzəri dərkinə, elmi şərhinə, proqnozlaşdırılmasınadək təkamül prosesləri keçirmişdir. XX əsrin yetmişinci illərində əsası qoyulmuş və XXI əsrin ikinci onilliyinin əvvəllərində yenidən bərpa edilmiş ədəbi proses elmi-yaradıcılıq müşavirələrində səsləndirilən məruzələrin icmal tənqidindən daha geniş baxışla analitik təhlil əsasında monoqrafik dərinliyə doğru irəliləməsi ədəbi mühitdə etiraf olunan həqiqətdir. Artıq Azərbaycan ədəbiyyatşünaslığında ədəbi prosesi monoqrafik dərinlikdə dərk və şərh edən elmi nəsil formalaşmışdır. Yaş baxımından müxtəlif elmi nəsilləri əhatə edən elmi-ədəbi proses hər nəslin öz avanqardını meydana çıxarmışdır".

Akademik qeyd edib ki, artıq XXI əsrin başlanğıcında Azərbaycan ədəbiyyatında ədəbi qruplardan ədəbi cərəyanlara doğru yeni bir proses önə çıxıb. Bu dövrdən etibarən ədəbi qrupların yenidən qruplaşması əsasında, bəzən isə mövcud ədəbi istiqamətlərin, axınların inkişaf edərək genişlənməsi zəminində ədəbiyyatda yeni ədəbi cərəyanlar yaranmağa başlayıb. Azərbaycan ədəbi tənqidi ədəbiyyatdakı cərəyanlaşmanı XXI əsrin birinci onilliyində hiss edib, bu haqda mülahizələr yürüdülüb. O deyib ki, çoxpartiyalı demokratik əsaslara malik olan müstəqillik dövrü ədəbiyyatında çoxmetodlu, çoxsəsli ədəbiyyat yaranıb inkişaf etməkdədir. Çoxmetodlu ədəbi proses müasir Azərbaycan ədəbiyyatının simasını müəyyən edir.

O, müşavirədə ilk dəfə olaraq, diqqəti 1950-ci illər ədəbiyyatına çəkib və onu "ara nəsil" adlandırıb.

Artıq 5 ildən bəri müntəzəm keçirilən "Ədəbi proses" müşavirələrindən danışan akademik, onların elmi-nəzəri nəticəsini belə şərh edib: "Ədəbi proses" marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən olan elm adamlarını vahid platformada özündə birləşdirir və istiqamətləndirir. "Ədəbi proses" hərəkatı özünün baş məqsədi olaraq müstəqillik dövrünün ən müasir ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin yaradılmasına və yeni elmi nəslin yetişib formalaşdırılmasına inamla və uğurla xidmət edir".

İ.Həbibbəyli deyib ki, gələn ildən etibarən janrlarla bağlı illərdən bəri yazılan məruzələrin ayrı-ayrı kitab şəklində çap edilməsi planlaşdırılır.

Daha sonra söz məruzəçilərə verilib.

İlin ədəbi mənzərəsini filologiya elmləri doktoru Elnarə Akimova "2018 - "Tarixin sonu"nu inkar edən daha bir il" məruzəsində ümumiləşdirib: "Yola saldığımız 2018-ci il daha çox Cümhuriyyət ili kimi yadda qaldı. Şərqdə ilk demokratik respublika kimi öz yerini tutmuş Azərbaycan Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə geniş qeyd edilməsi məqsədilə il boyu tədbirlər keçirildi, silsilə məqalələr yazıldı, konfranslar təşkil olundu. Cümhuriyyət qurucularının hər birinin yad edilməsi, xidmətlərinin önəmsənilməsi baxımından bu tədbirlərin müstəsna rolu oldu. Ötən il əlamətdar olan digər hadisə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi idi. Yubiley ölkənin bütün sahələrində qeyd edildi. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da Heydər Əliyevin yubileyinə  "Heydər Əliyev obrazı ədəbiyyatda - tarixi gerçəklikdən milli ideala" adlanan kitabla (elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru müxbir üzv Tehran Əlişanoğlu) töhfəsini verdi. Ötən il Xalq yazıçıları Anarın 80, Elçinin 75, Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd edildi. 2018-də poeziyada postmodernist təmayülün şərtlərindən irəli gələn gerçəkliyin boz, boyasız təsviri önə çıxdısa, nəsrdə simvolikaya meyil, retrospeksiya halları, zaman sıçramalarının işləkliyi əsas istiqamət kimi qabardı".

Məruzədən sonra İ.Həbibbəyli ilin ən mühüm ədəbi hadisəsi kimi Prezident İlham Əliyev tərəfindən Ramiz Rövşən, Musa Yaqub və Vahid Əzizə "Xalq şairi", Kamal Abdulla, Afaq Məsud və Natiq Rəsulzadəyə "Xalq yazıçısı" adı verilməsi olduğunu deyib.

İlin ədəbi tənqid mənzərəsini AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu təhlil edib. O, "2018-ci il: ədəbi tənqid refleksləri" məqaləsində İsa Həbibbəyli, Yaşar Qasımbəyli, Pərvanə Bəkirqızı, Seyfəddin Rzasoy, Təyyar Salamoğlu, Himalay Qasımov, Qəzənfər Paşayev, Məmməd Əliyev, Salidə Şərifova, Lalə Həsənova və başqalarının il ərzində çap olunan kitab, monoqrafiya və məqalələrinə diqqət çəkib. Eləcə də "Ədəbi proses" tədbirlərinin əhəmiyyətini vurğulayan məruzəçi deyib ki, bütövlükdə bu hərəkat eyni zamanda ölkə ədəbi prosesinin ən miqyaslı tənqid refleksi kimi təsbit olundu.

Filologiya elmləri doktoru Vaqif Yusifli "Azərbaycan şeiri - 2018" məruzəsində deyib: "2018-ci ilin poeziyası haqqında qətiyyən bədbin olmağa dəyməz, Azərbaycan şeiri poeziyamızın yaşarı ənənələrinə bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir".

Filologiya elmləri doktoru Esmira Fuad "2018-ci ilin epik şeiri: epos təfəkkürünün və lirik-fəlsəfi duyğuların bəyanı" adlı məruzəsində poema janrından söz açıb: "Poema janrının geniş fəzasında ilk baxışda görünən bu məqamlar oldu: yazarlar daha çox tarixə ekskurs etmək cəhdlərində bulunur, yəni yaxın və uzaq keçmişə nəzər salaraq tariximizin ağ və qara səhifələrinə işıq salmağa, keçmişlə günümüzün olayları arasında körpü yaratmağa üstünlük veriblər".

Filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı roman, Aynur Xəlilova isə povest janrındakı yeniliklərindən danışıblar. N.Cabbarlı deyib: "2018-ci ildə dərc edilən romanların  sayı əvvəlki illərdə işlətdiyimiz "roman bumu yaşanır" ifadəsini təkrarlamağa imkan vermir. Amma bununla belə, 2019-cu il də daxil olmaqla, yaranan romanlar yenə də eyni imzalara və eyni ciddi roman müəlliflərinin adlarına müraciət etməyi şərtləndirir. Əvvəla, "ənənəvi roman yaradıcılığı", "ənənəvi roman strukturu", "ənənəvi roman  poetikası" əsasında təhlil edə biləcəyimiz "süjetli roman" yenə də öz ənənəvi dinamikasını nümayiş etdirdi. İkinci bir xətt roman içrə roman, şüur axını, mifik-mistik, simvolik elementlərlərlə zəngin mətnlərin yaradılmasıdır ki, bu istiqamətdə roman poetikası, dil, struktur və məzmun qatı arasında əlaqə məsələləri üzərində yazıçıların xüsusi düşündüyü, hadisələrin nəqli - zahiri təsvir deyil, dərinliklərə - şüurun, ruhun, yaddaşın, genetik yaddaşın, mifik yaddaşın dərinliklərinə enmə əsas missiyaya çevrilir".

Fəlsəfə doktoru Nərmin Cahangirova hekayə haqqında danışarkən deyib: "Zaman-zaman günümüzün hadisələrindən, bəzən da yaddaşımızda ilişib qalan xatirələrdən yol alan hekayələr müasir ədəbiyyatımızın ən öndə gedən janrlarından hesab edilir. 2018-ci ilin hekayə palitrasında hər rəngə təsadüf edilir, həyatı bəmbəyaz, ümidverici çəhrayı, qan qırmızısı, duyğusuz boz və kəskin qara boyalarla təsvir edən mətnlər üslub müxtəlifliyi ilə də bir-birindən seçilməkdədir".

Məruzəçi il ərzində keçirilən hekayə müsabiqələrinə də diqqət çəkib, onların hekayə janrının mövzu və forma baxımından zənginləşməsindəki rolunu vurğulayıb.

Fəlsəfə doktoru Maral Yaqubovanın məruzəsi isə "Bədii nəsr nəzəriyyə işığında" adlanır. Böyük marağa səbəb olan məruzəsində ədəbiyyatşünas qeyd edib: "Tarixin ədəbiyyata gəlişi və ya tarixi mənbədəki məlumatın bədii mətnin informasiyasına çevrilməsi ilin nəsrində tarixi romanlar vasitəsilə gerçəkləşdi: konkret bir tarixi şəxsiyyətin həyatından bəhs edən əsərlər tarixi mərhələ və tarixi epizodla bağlı mövzuları üstələdi. Təhlil olunan romanlar göstərdi ki, tarixi informasiyanı tam olduğu kimi çatdırmaq marağı hermenevtik şərhə, narratoloji xəttin davam etməsinə imkan vermir, əsər öz praqmatik və didaktik mövqeyini qorumaqla kifayətlənir. İlin nəsrinin fəlsəfi və psixoloji konteksti zəif təsir bağışlayır, ədəbi düşüncə lokal koordinatlarda gəzişərək, nəsrin universal dəyərlərlə düşündürmə qabiliyyətindən lazımınca istifadə edə bilmir... Əvvəlki illərə nisbətdə intellektini nümayiş etdirməyə meyilli müəllif-təhkiyəçi tipinin yerini oxucunun reseptiv və hermenevtik şərh bacarıqlarına inanan müəllif-təhkiyəçi tipinə verməsi. Mətn təhkiyəsində kodlara, açar-sözlərə, şifrələrə, simvollara, metaforik deyimlərə tələsik müəllif izahatının verilmədən oxucu tərəfindən açılmasına şərait yaratmaq müsbət haldır".

Fəlsəfə doktoru Aynur Mustafayeva dramaturgiyadan bəhs edərkən qeyd edib ki, ötən il böyük səhnədən təqdim olunan dörd müasir milli pyesdən ikisi repressiya mövzusunda, ikisi isə tarixi milli yaddaşla bağlı idi.

Cənubi Azərbaycan ədəbiyyatının son durumunu fəlsəfə doktoru Pərvanə Məmmədli şərh edib: "Bu gün Cənubi Azərbaycanda ədəbi prosesin bütün istiqamətlərində poetik dünya ədəbi fikrində gedən axtarışlara güclü meyil duyulur, dünya ədəbi fikrində gedən proseslər və gəlişmələr görünür.

Adəti üzrə olduğu kimi, 2018-ci ilin nəşrləri arasında şeir topluları üstünlük təşkil edir. Şairlər birbaşa modernizmlə postmodernizmin özəlliklərini daşıya bilirlər".

Filologiya elmləri doktoru Cavanşir Yusiflinin məruzəsi ədəbi gəncliyə həsr olunub. Ədəbiyyatşünas, gənclərin fəaliyyətindən ümidlidir: "Demək olar ki, hər il bizim ədəbi gəncliyin nümayəndələri bu və ya digər yerli və beynəlxalq tədbirlərdə iştirak edirlər, bu fəaliyyətin nəticəsi də göz qabağında olur. Gənclik, əlbəttə ədəbi gənclik həmişə nə olur-olsun, özü öz yolunu seçir. İmitasiyalı mətnlərlə bərabər bizdə normal nümunələr də az deyil. Məsələ bunların nisbətiylə bağlı deyil və olmamalıdır da. Fikrimizcə, əsas məqam ədəbi gəncliyin baxış bucağının iti olmasında, vahid ədəbi proses içində müxtəliflikləri, daha çox isə yamaq yerlərini görə bilməkdədir. Gənclər bu mənada daha müdrik olurlar. Və biz də buna güvənirik".

Fəlsəfə doktorları Lalə Həsənova "Azərbaycanın rusdilli ədəbiyyatı", Gülbəniz Babayeva "Çağdaş satirada "Molla Nəsrəddin" ənənələri", Mehman Həsənov "Ədəbiyyatda esse", Gülnar Qənbərli "Azərbaycan uşaq ədəbiyyatı", kiçik elmi işçi Nizami Hüseynov "Bölgələrdə ədəbi həyat", elmi işçi Mərcan Sofiyeva "Bədii tərcümə", filologiya elmləri doktoru Elçin Mehrəliyev "Zərif sərhədlərdə seçim apararkən..." (publisistika), filologiya elmləri doktoru Salidə Şərifova "Azərbaycan ədəbiyyatı tarixçiliyi", Rasim Nəbioğlu "2018-ci ilin ədəbi yekunu- nəzəriyyə", Zəkulla Bayramlı "Elmsiz şeir əsası yox divar olur..." (Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı), Xanım Zairova "Ədəbi əlaqələr: Azərbaycan, Avropa və Amerika", Eşqanə Babayeva "Azərbaycan-Türk dünyası ədəbi əlaqələri", Bəsirə Əzizəliyeva Azərbaycan- Asiya ədəbi əlaqələri" mövzularında məruzələri ilə çıxış ediblər.

Sonda söz qonaqlara verilib.

Professor Təyyar Salamoğlu çıxışında qeyd edib ki, Ədəbiyyat İnstitutu ədəbi prosesin irəliyə doğru hərəkətində misilsiz rol oynayır. Müşavirədəki məruzələr haqqında deyib ki, bu günki ədəbi prosesin müzakirəsi novatorluğu ilə diqqəti cəlb edir.

Professor Rüstəm Kamal isə deyib: "İllərdir Azərbaycanda ədəbi prosesin mənzərəsini  Ədəbiyyat İnstitutunun sayəsində görürük. İcmal yazmaq heç də asan məsələ deyil. Ədəbiyyatşünaslarımız bunun öhdəsindən çox yaxşı gəliblər".

"Ədəbi proses müşavirələri sübut edir ki, tənqid yazıçıya, yazıçı da tənqidçiyə müəyyən mənada güzəştə gedir"- deyən yazıçı Şərif Ağayar çıxışında bildirib ki, bu cür müzakirələr yalnız və yalnız ədəbiyyatın inkişafına xidmət edir: "Müşahidələrimizə, əsasən, deyə bilərik ki, akademik İsa Həbibbəylinin Ədəbiyyat İnstitutuna gəlişindən sonra ədəbiyyata, ədəbi tənqidə və ədəbiyyatşünaslığa diqqət daha da artıb. Buradakı məruzələri və ədəbiyyatşünaslarımızın digər məqalələrini biz ədəbiyyat saytı olaraq, çap etməyə, onları müzakirələrə cəlb etməyə hazırıq".

Yazıçı Pərvin maraqlı bir təkliflə çıxıb edib: "Fikrimcə, ədəbiyyatşünas yazıçının, şairin mətnini araşdırarkən onun həyatını, mühitini də nəzərə almalıdır".

Müşavirədə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, tanınmış gənc şair və ədəbiyyatşünaslardan - Qismət və Fərid Hüseyn də iştirak ediblər.

Şahanə MÜŞFİQ

 





15.09.2019    çap et  çap et