525.Az

"Təqaüd islahatı Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığına səbəb olmayacaq”


 

"Təqaüd islahatı Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığına səbəb olmayacaq”<b style="color:red"></b>

“Gürcüstanda təhsil sahəsində aparılan təqaüd islahatları müəllimlər üçün unikal fürsətdir və məktəblərin yeni enerjiyə, yeni baxışa ehtiyacından qaynaqlanır”.

Bunu Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili APA-nın yerli bürosuna deyib.

O bildirib ki, islahat Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığına səbəb olmayacaq, əksinə bu problemin həllinə imkan verəcək.

“Biz heç bir müəllimi sistemi tərk etməyə məcbur etmirik. Bu onların özlərindən asılıdır. Əgər onlar düşünürlərsə ki, artıq başqa işlərlə məşğul olmaq üçün getmək vaxtıdır, biz yeni müəllimlərə sistemə qoşulmaq imkanı veririk. Düşünürəm ki, bu çox məntiqli islahatdır. Çünki əks təqdirdə əgər müəllim bir çox səbəblərə görə, məsələn sağlamlıqla, yaşla bağlı problemlərə görə vəzifəsinin öhdəsindən yaxşı gələ bilmirsə, bu islahat təqaüdçü müəllimlərə nəzərə almaları üçün bizim məsləhət bildiyimiz bir seçim olur. Bu islahatların müəllim azlığına səbəb olması məsələsinə gəlincə, əslində bu özü həll yoludur. Bu sistemə daha çox müəllim cəlb edilməsinə imkan verəcək. Əksinə biz düşünürük ki, bu çox effektiv proqramdır və nəticəsi də çox uğurlu olacaq”, - L. Xaratişvili vurğulayıb.

Nazir müavini bildirib ki, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycanın     Təhsil Nazirliyi ilə strateji tərəfdaşdır və bu sahədə Azərbaycan tərəfindən gələn istənilən təklifə və məsləhətə görə minnətdar olar: "Bu şəffaf bir prosesdir. Hər kəs bu prosesdə iştirak edə bilər. Bildiyiniz kimi, nazir özü də, nazirlik də açıqladı ki, bu ehtiyac duyulan islahatdır. Bu sahəyə töhfə vermək istəyən ekspertlər varsa, rahatlıqla qoşula bilərlər. Onlar öz məsləhətlərini və təkliflərini paylaşa bilərlər. Biz istənilən məsləhətləşməyə və məsləhətlərə açığıq”.

L. Xaratişvili qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq uzunmüddətli ənənəyə çevrilib: “Azərbaycan bizim əsas strateji tərəfdaşımızdır, qonşu və dost ölkədir. Təhsil sahəsində biz daim, müntəzəm əməkdaşlıq edirik. Azərbaycan tərəfi ilə, müvafiq nazirliklərlə əməkdaşlıqla bağlı bizim bir çox sənədlərimiz var, memorandum imzalanıb.  Bizim birgə komissiyamız var və müntəzəm olaraq görüşərək çağırışları,  prioritetləri və yaxın əməkdaşlıq edə biləcəyimiz digər sahələri müzakirə edirik”.

 





16.09.2019    çap et  çap et