525.Az

Rəşad Məcidin statusları və SMS dünyası - İsa Həbibbəyli yazır


 

YAXUD SOSİAL ŞƏBƏKƏ ƏDƏBİYYATINA GİRİŞ

Rəşad Məcidin statusları və SMS dünyası - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Bugünlərdə "Qanun" nəşriyyatında şair-publisist Rəşad Məcidin "Qələmsiz yazılanlar" adlı yeni kitabı işıq üzü görüb.

Müəllifin son 10 ildə yazdığı status-esseler və SMS-esselərin toplandığı kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ön söz yazıb.

Ön sözü oxuculara təqdim edirik.

Bir yaradıcı şəxsiyyət kimi orijinal bədii əsərləri ilə və Azərbaycanda müstəqillik dövrünün müstəqil qəzetini yaratmaq və inkişaf etdirmək baxımından mətbuat sahəsindəki böyük xidmətləri ilə Rəşad Məcid özünü isbat etmiş, qəbul olunmuş ziyalıdır. Azərbaycan cəmiyyəti Rəşad Məcidin Baş redaktoru olduğu "525-ci qəzet"in əsasında yeni tipli mətbuat məktəbi yaratdığını etiraf etməkdədir. O, nisbətən az yazmasına baxmayaraq, bədii yaradıcılıq sahəsində də orijinal əsərləri ilə bənzərsiz bir ədəbiyyat adamı olmasına heç kimsədə şübhə yeri qoymamışdır. Vaxtilə Rəşad Məcidə həsr etdiyim "Bütün yönləri ilə yaradıcı" adlı kitabda (2014) yazdığım kimi, lirika baxımından "Rəşad Məcid şeirlərində dərin, zərif duyğularını, həyata və insana baxışlarını tərənnüm etmir, elə bil nağıl kimi danışır". Eyni zamanda, Rəşad Məcid Azərbaycan ədəbiyyatına "Roman" adlı ilk liro-epik poemanın müəllifi kimi öz möhürünü vurmuşdur. Bundan başqa, Rəşad Məcid "10 sentyabr" adlı hekayəsi ilə böyük ənənəsi olan Azərbaycan hekayəçiliyinə ciddi bir səhifə əlavə etməyi bacarmışdır. Rəşad Məcidin analitik təhlillə monoloqvari düşüncələrin sintezindən yaranmış publisistikası da orijinallıq nümunəsidir. Bir sözlə, o, sözün əsl mənasında "bütün yönləri ilə yaradıcı" olmaq missiyasını şərəflə yerinə yetirmişdir.

Bütün bunlarla bərabər, son illərdə Rəşad Məcidin yaradıcılığında müşahidə olunan yeniliklər ona aid edilən "bütün yönləri ilə yaradıcı" anlayışındakı "bütün" sözünün əhatə dairəsinə yenidən baxmağı tələb edir. Əslində, onun yaradıcılığında çatışmayan dramaturgiyanın müəyyən əlamətləri "Roman" adlandırdığı poemasında, yaxud süjetli lirika nümunələrindən ibarət olan "Dastan" qrupu şeirlərində müəyyən dərəcədə ifadə olunmuşdur. Bu mənada o, hələlik dram əsəri yazmasa da, bir qədər dramaturji məşq keçmişdir. Onun süjetli lirikasından dramaturji material toplamaq, səhnəciklər təşkil etmək mümkündür. Lakin son on ildə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. "Status-esselər" və "sms-esselər" adlandırdığı sosial şəbəkə yazışmalarından ilk dəfə Rəşad Məcid müstəqil janr kimi söz açmışdır. O, "Qələmsiz yazılanlar" adı ilə "525-ci qəzet"də oxuculara təqdim etdiyi yazılara ön sözündə tərəddüd etmədən "bəlkə də bunlar da bir janrdır" - deyə statusların və sms-lərin müstəqil janr olması ehtimalını irəli sürmüşdür. Rəşad Məcidin Nobel mükafatı laureatı Orxan Pamukdan gətirdiyi mülahizələr və görkəmli publisist Şirməmməd Hüseynovun dilindən səsləndirdiyi "təzə janr" ifadəsi ilə ədəbi mühitdə status və sms-lərin janr olması barədə düşünməyin əsası qoyulmuşdur. Bundan başqa, Rəşad Məcid yarım ildən çox müddətdə hələ də çapını davam etməkdə olduğu statusların və sms-lərin konkret bir janr olmasını özünün təcrübəsində praktik cəhətdən də nümayiş etdirir. Beləliklə, Rəşad Məcidə aid edilən "bütün yönləri ilə yaradıcı" anlayışının əhatə dairəsi bir qədər də genişlənmiş, bu ailəyə sosial şəbəkə ədəbiyyatından gələn "status-esse" və "sms-esse" kimi daha iki yeni janr da daxil olmuşdur.

Öncə, ilk dəfə Rəşad Məcidin Azərbaycan mediasına gətirdiyi "qələmsiz yazılanlar" anlayışına dair mülahizələrimi bildirmək istəyirəm. Əvvəla, Azərbaycanda qələmsiz yazı üsulunun böyük tarixi ənənəsi vardır. Fikrimcə, məşhur Qobustan və Gəmiqaya qayaüstü rəsmləri Azərbaycanda qələmsiz yazının ilk nümunələridir. Məlum olduğu kimi, Azərbaycan qayaüstü rəsm mədəniyyətində yazı elementlərinin olduğu elmi fikrimizdə qəbul edilmiş gerçəklikdir. Qobustan və Gəmiqaya təsvirlərindəki piktoqramlar və damğalar Azərbaycan yazı mədəniyyətinin bünövrəsini təşkil edir. Hətta Azərbaycandakı Qayaüstü mədəniyyət əsasında Gəmiqaya-Qobustan əlifbası da tərtib edilmişdir. Bu gün Rəşad Məcid tamam yeni bir müstəvidə "qələmsiz yazı" anlayışını ədəbiyyatın və mətbuatın gündəminə gətirməklə, böyük bir qədim mədəniyyəti yenidən bərpa etmiş olur. Nəinki indiki qələmsiz yazılmış statusların və sms-lərin, hətta bir çox hallarda sosial media şəbəkəsinin ilkin funksiyasını ən qədim dövrlərdə Gəmiqaya və Qobustan qayaüstü yazıları və rəsmləri həyata keçirmişdir. Azərbaycanda yazılı mətn, əlyazma kitab mədəniyyəti meydana çıxanadək xalqımız özünün fikirlərini qayaüstü rəsmlər və yazılarla daşlara həkk etmişdir. Qobustan düşərgəsindəki üstündə müxtəlif təsvirlər və cizgilər əks olunmuş hər bir böyük daşda ifadə edilən mətləblər dövrün sosial şəbəkəsinin sözü kimi öz dövründə oxunmuş, anlaşılmış, həmin dövrün sözünü bizim günlərə qədər gətirib çatdırmışdır. Gəmiqayadakı Qobustanla müqayisədə kiçik olan yazılı parça daşlar həmin tarixi mərhələnin günümüzə qədər gəlib çatan statusları və sms-ləridir. Sonralar bu qədim mədəniyyət inkişaf edərək, artıq yazının meydana gəldiyi Orxon-Yenisey mədəniyyəti səviyyəsinə qalxmışdır. Məşhur Orxon-Yenisey daş kitabələrindəki yazılı mətnlər də, heç şübhəsiz, qələmlə deyil, tişə ilə, yaxud ox ucları ilə yazılmış örnəklərdir. Rəşad Məcidin kəşf etdiyi "qələmsiz yazı" müasir Azərbaycan mediasının Qobustan-Gəmiqayadan başlanıb, Orxon-Yeniseylə inkişaf etmiş müasir dövrün yazılı abidələri təəssüratı yaradır. O zamankı daş çapacaq, dəmir tişələri, yaxud ox ucları kimi yazı alətlərini bu gün, Rəşad Məcidin zamanında kompüter klaviaturası əvəz edir... Rəşad Məcidin status-esseləri və sms-esseləri üçün Azərbaycan folklorunun şifahi yolla qələmsiz yaranıb inkişaf etmiş şifahi xalq ədəbiyyat nümunələri də çox zəngin mənbədir. Bunlar o deməkdir ki, bu gün Rəşad Məcidin Azərbaycan ədəbiyyatına və mətbuatına gətirdiyi "qələmsiz yazılar" ölkəmizdə tarixi ənənəsi olan, uzun inkişaf yolu keçmiş böyük bir yazılı mədəniyyətin yeni tarixi epoxadakı müasir vasitələrlə ifadə edilən örnəkləridir. Rəşad Məcid "Qələmsiz yazılanlar" silsiləsi ilə qədim və böyük qələmsiz yazı mədəniyyəti epoxasının ənənələrinin ölməzliyini, əbədiliyini və müasirliyini bir daha təsdiq etmişdir.

Rəşad Məcidin "qələmsiz yazılanlar"ı iki qismə ayrılır: status-esselər; sms-esselər. Qeyd edək ki, bu janrların təyinatını Rəşad Məcid özü müəyyən etmişdir. Həqiqətən də, həm statuslarda, həm də xüsusən sms-lərdə esse janrının əlamətləri vardır. Esse janrına məxsus emosional düşüncə və mənsur şeir əlamətləri, Rəşad Məcidin statusları və sms-lərindəki bədiilik ünsürləri onun jurnalistliyindən çox, şairliyindən irəli gəlir. Əlbəttə, Rəşad Məcidin sosial şəbəkə yazılarında publisistikanın xüsusi yeri vardır. Status və sms-lərin ideya-mövzu cəhətdən gündəmə aid olması, cəmiyyətdə baş vermiş hadisələrlə səsləşməsi, aktuallığı və müasirliyi publisistika ilə üzvi surətdə əlaqədardır. Rəşad Məcidin statusları və sms-ləri müasir dövrün yazıçı müşahidəsinin, şair hissiyyatının və publisist müasirliyinin əsasında yaranmış orijinal sosial şəbəkə ədəbiyyatıdır. Sosial mediada sonsuz sayda sms-lər və statuslar yazanların içərisində ilk olaraq həmin janrlarda yazılmış "əsərlərini" ədəbi-ictimai mühitin diqqətinə təqdim etməsi ilə Rəşad Məcid bu yeni tipli ədəbiyyatın əsas yaradıcılarından biri olduğunu bəyan edir. Bu, həm də ədəbi mühitdə artıq konkret bir anlayış kimi qəbul olunmuş "internet ədəbiyyatı"nın sosial şəbəkələr vasitəsilə yayımlanan şeir və hekayələrindən başqa, həm də öz janrlarının da olduğunu isbata çatdırmaq deməkdir. İnternet dili ilə desək, sms-lər və statuslar sosial şəbəkə ədəbiyyatında Rəşad Məcidin profili kimi meydana çıxır.

"Qələmsiz yazılanlar"dakı mülahizələrindən görünür ki, Rəşad Məcid bədii-publisist yaradıcılığı ilə birlikdə elektron mediaya da yüksək tələbkarlıqla yanaşır. Rəşad Məcidin "qəzetini göstər, sənin kim olduğunu deyim" aforizmi mətbuat sahəsində öz məktəbini yaratmış Baş redaktorun jurnalistikada özünəinamını ifadə edirsə, "saytını göstər, sənin kim olduğunu deyim" qənaəti də onun eyni dərəcədə müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə çarpdırır. "Qələmsiz yazılanlar" məkanının əsas ünvanları olan Feysbuk və İnstaqram haqqındakı qənaətləri onun artıq sadəcə "istifadəçi" qismində deyil, yaradıcı statusunda elektron mətbuatın və ədəbiyyatın içində olduğunu, özünü həmin mühitdən kənarda təsəvvür etməsinin mümkünsüzlüyünü göstərir. Yazıçı öz əsərini çap etdirmək üçün münasib qəzet, jurnal və nəşriyyat seçdiyi kimi, Rəşad Məcid də statuslarını və sms-lərini yerləşdirmək məqsədilə elektron medianı süzgəcdən keçirib, özünə uyğun olan məkanı müəyyənləşdirir. Onun fikrincə, İnstaqram "ağız deyəni qulaq eşitməyən xaotik bir məkan", yaxud "hər cür xırdavatın, kimin nəyi var, satışa çıxardığı "talkuçka" kimi "ciddi ədəbiyyat və publisistika üçün münasib olmayan, yaramayan elektron mətbuat sahəsidir. Mülahizələrindən görünür ki, elektron medianın Feysbuk məkanı Rəşad Məcidin sosial şəbəkədən tələb etdiyi xüsusiyyətlərə nisbətən daha çox cavab verən status meydanıdır. İnstaqramı "düzəlməsi imkansız görünən" internet mediası hesab edən Rəşad Məcid Feysbuku sərbəst düşüncə üçün nisbətən səviyyəli və tədricən təkmilləşmək imkanları olan virtual düşüncə məkanı kimi dəyərləndirməklə ayıq-sayıq olmaqla ədəbi-ictimai fikrin bu məkana diqqət yetirməsini münasib sayır: "Feysbuk isə bütün əyər-əskiklərinə baxmayaraq, düzələsi, normal virtual düşüncə mübadiləsi mərkəzinə çevrilməsi mümkün olan bir məkandır. Siyasi maraqlar, məqsədli şərləyici qruplar - trollar, bəsit fikirlər daha çox meydan sulasa da, Feysbukda ciddi, səviyyəli və istedadlı adamların da səsi eşidilir, sözü diqqəti cəlb edir. Düzdür, burada da ...narazıların ürəyini boşaltması, uğursuzların kin-küdurət püskürməsi, içinin xıltını tökməsi üçün əlverişli, münasib şərait var. Bir çoxlarının reallaşmayan arzularından doğan qəzəbi, uğur qazananlara qısqanclığı burada da aydın hiss olunur. Bununla belə, Feysbukda maraqlı və fərqli fikirlər söyləyən səhifələr, real profillər, millət vəkilləri, siyasi xadimlər, yaradıcı adamlar, ziyalılar var və get-gedə onların üstünlüyü görünür".

Bununla belə, Rəşad Məcid canlı elektron ekran və ya açıq mikrofon kimi çox geniş imkanlara malik olan sosial şəbəkələrin yarada biləcəyi çətinlikləri və ondan istifadə edənlərin ayıq və məsuliyyətli olmasının zəruriliyini də diqqət mərkəzinə çəkir. Belə məqamlarda onun statusları həyəcan təbili çalır, XXI əsrin qlobal çağırışlarına çevrilir: "Yalnız bizə aid olması ilə öyündüyümüz duyğular - insan hissləri, ürəyimizin hökmü, qəlbimizin istəyi təhlükədədir.

Süni intellekt və kompüter alqoritmləri, texnologiyalar o həddə çatıb ki, beyindəki neyronlar vasitəsilə insan hisslərini idarə etməyə qadirdir. ...Alqoritmlər neyronlar vasitəsilə sizin hisslərinizi idarə edəcək, ürəyinizin hökmünü dəqiqləşdirəcək. Nə yeməlisiniz, kiminlə evlənməlisiniz, hansı partiyaya səs verməlisiniz... - hamısını sizin yerinizə müəyyənləşdirəcək".

Fikrimcə, belə ayıq-sayıq mövqe əsl vətəndaş yazıçının, cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşın mənəvi borcundan doğan addımdır. Elektron şəbəkə materiallarından görünür ki, Rəşad Məcid XXI əsrin sosial şəbəkə mediasını sağlam məcraya doğru istiqamətləndirmək üçün onun öz dilində danışmaqla, zəruri maarifçilik işi aparmaqla müasir dövrün yazıçı-vətəndaş missiyasını ləyaqətlə yerinə yetirir. Rəşad Məcidin Feysbuk səhifələrində elan etdiyi şeir müsabiqələri də həm elektron şəbəkə ədəbiyyatını inkişaf etdirməyə, həm də informasiya cəmiyyətini sağlamlaşdırmağa hesablanmış əhəmiyyətli addımlardır.

Beləliklə, Rəşad Məcid yeni Zamanın elektron mediasının geniş virtual məkanının obyektiv mənzərəsini canlandırmışdır. Bu, elektron media məkanının ədəbi fikir üçün nə qədər münasib olduğunu müəyyən etməkdən başqa, həm də onlayn ədəbiyyatın virtual mühitdəki funksiyasına da işıq salır. Bu mənada Rəşad Məcidin statusları və sms-ləri mürəkkəb elektron media məkanını aydınlatmağa - durultmağa xidmət edən ədəbi-publisist nümunələrdir. Həyatımızda mövcudluğu qəbul olunan, geriyə qayıdışı mümkün olmayan yeni əsrin elektron media məkanını aydınlatmağa xidmət etmək nəticə etibarilə müasir dövrün ədəbiyyatı və mətbuatını formalaşdırmaq, inkişaf etdirmək vəzifələrinin məsuliyyətini çiyinlərində hiss etmək deməkdir. On ildən çox dövr ərzində ardıcıl olaraq elektron mediada statusları və sms-ləri ilə iştirak etməklə Rəşad Məcid yeni dövrün ədəbiyyat və mətbuatının normal inkişafı uğrunda mübariz bir profil nümayiş etdirir. Bu, "525-ci qəzet"i yaratmaqla ölkəmizdə müstəqil mətbuatın alternativi olmayan nümunəsini meydana qoyan Rəşad Məcidin Feysbuk kimi qatmaqarışıq bir virtual məkanın təkmilləşdirilməsi, sağlam məcraya yönəldilməsi yolundakı səylərini, yaradıcılıq təşəbbüslərini, həyəcanlarını təsəvvür etməyə imkan yaradır. Fasiləsiz olaraq Feysbuk "səhifələrində" cəmiyyətə təqdim etdiyi statuslar və sms-lər həm də belə bir çətin və şərəfli missiyanı yerinə yetirir. Beləliklə, sosial şəbəkə ədəbiyyatı örnəkləri kimi statusları və sms-lərini oxuculara çatdıran Rəşad Məcid üçün Feysbuk müasir mətbuat və ədəbiyyatı yeni bədii-publisist vasitələrlə inkişaf etdirmək platformasıdır. Bu, Feysbuk istifadəçisi olan başqa yaradıcı insanlar üçün və ümumiyyətlə, bütün istifadəçilərdən ötrü də əsl nümunədir.

Oxuculara təqdim olunan "Qələmsiz yazılanlar"a daxil olan yazılar "status-esselər" və "sms-esselər" kimi iki hissəyə ayrılsa da, onların arasında daxili bir əlaqə vardır. Status-esselər müəyyən ideya-məzmuna malik olan qısa mətnlərdir. Statuslar Rəşad Məcidin cəmiyyət hadisələrinə, ədəbi mühitə və insana baxışının mahiyyətini ümumiləşdirilmiş şəkildə ifadə edən profillərdir. Bunlar, sanki Feysbuk "kitabxanasında" Rəşad Məcidin sms-lərinin adlarıdır. Nəhayət, Rəşad Məcidin statusları sanki onun sms-lərinin epiqraflarıdır. Rəşad Məcid sms-lərində bir-iki səhifəlik məktublarda ifadə olunan fikri statuslarında iki-üç cümlə ilə mənalandırmışdır.

Bir çox hallarda statuslar Rəşad Məcidin sms-esselərindən çıxarılan ibrətamiz nəticə və ya ümumiləşdirilmiş aforizmlər funksiyasını yerinə yetirir: "Yaxşılıq ən etibarlı dərmandır; Qocalığın müalicəsi yoxdur; Təzə dost müşkül işdir; Səhv bir dəfə olur, təkrardırsa xarakterdir; Reallıq hissini itirmək təhlükəlidir; Pul - maqnit kimidir, meylli adamları ardınca hara gəldi çəkib aparır; Qadınlar dostluqda sədaqətli olurlar, sevgidə deyə bilmərəm; Etibar bir dəfə itir" və sair kimi statuslar həm də müəllifin mövqeyini bildirir. Bu cəhətdən, ümumiyyətlə, Rəşad Məcidin statusları və sms-ləri, xüsusən də status-aforizmləri sosial şəbəkələrdən özlərinin qeyri-pozitiv fikirlərini ifadə etmək, insanları gözdən salmaq, aşağılamaq üçün "qullanan" sui-istifadəçilər üçün ciddi bir örnək, hətta geniş mənada tərbiyə, nümunə məktəbidir.

Rəşad Məcidin "Qələmsiz yazılanlar"ındakı sms-esselər miniatür elektron hekayələrdir. "10 sentyabr" hekayəsi ilə bədii nəsrdə də özünəməxsus yaradıcılıq imkanlarına malik olduğunu göstərmiş Rəşad Məcid sms miniatür hekayələri ilə müasir miniatür elektron hekayə janrının əsas yaradıcılarından biri olduğunu nümayiş etdirir. Sms-ləri "keçmiş məktubları əvəz edən" bir janr kimi təsəvvür edən Rəşad Məcid əslində, özü də fərqinə varmadan sosial şəbəkə ədəbiyyatında sms-məktub-hekayə janrının əsasını qoymuşdur. Hər birində müəyyən əxlaqi-mənəvi dəyərlərə, müəyyən tövsiyələrə diqqət verildiyi üçün sms-esselər didaktik miniatür hekayələrin funksiyasını həyata keçirir. Rəşad Məcidin tam halda illər ərzində yaranmış sms-ləri onun miniatür elektron hekayə külliyyatıdır. Sms hekayələrin hər biri konkret bir mətləbin mahiyyətini açıqlayan baxışlardır. Rəşad Məcidin sms-ləri onun həyat fəlsəfəsinin səhifələridir. Məsələn, Rəşad Məcidin Feysbuk sms miniatür hekayələrindən bir örnəyə diqqət yetirək: 

 "Xoşbəxtlik - göylərə qalxmaq, ruhun qanadlanması, nura boyanmaqdırsa, həsrət, ağrı, acı, qüssə - dərinə enməkdir. Dərinə endikcə heyrətdən buza dönürsən.

Göylərdə, səmada süzmək - kainatın eyni rəngindən və sonsuzluğundan qanadlanmaqdırsa, dərində əsrlərin yaddaşı hopan maddi nə desən var. Yəqin ona görədir ki, qüssə, qəm içində insan dərinə enir və dərinə endikcə də indiyəcən bilmədiyi sirlərdən agah olur.

Düşünənə, hansısa suala cavab axtarana "dərinə get" deyirlər.

"Göyə qalx" çağırışında sual yoxdur.

"Göyə qalx" cavabdır.

Dərində batmaq, boğulmaq mümkündür.

Dərində batıb qalmaq mümkündür.

Göylərdən yerə mütləq düşməlisən, amma dərində səni nələrin gözlədiyi, sonunun necə olacağı bəlli deyil. Dərdin məkanı dərinlərdədir. Göylər müvəqqətidir. Əbədi məkanımız isə torpağın dərinliyindədir və yazdıqca tükənməz, düşündükcə bitməz suallarla doludur.

...Xoşbəxtliyin rəngi bir olduğu kimi, ömrü də azdır. Sıxıntının ömrü isə uzundur. Bəlkə, həm də buna görədir xoşbəxtliyin təsvirinin daha az olması. Uzun ömürlü sıxıntılardan çox bəhs edilməsi də elə buna görədir yəqin!

Dərinə enməyi tək də bacarmaq olur!

Dərdi, sıxıntını, həsrəti təklikdə çəkirsən.

Xoşbəxtliyi isə tək yaşamaq olmur!

Enmək də batmaq, boğulmaqdır. Əl uzadan olmasa, elə orada da qalasısan. Orada - dərinlərdə!..

Amma yenidən qalxmaq üçün enmək ən gözəlidir.

Enmək və yazmaq!

Sonadək yazmaq!

Yenidən uçanadək!.."

Rəşad Məcidin statuslarının da, sms-lərinin də bir çoxunda süjet də vardır. Statusdakı qısametrajlı süjetlər hadisənin təsvirini yox, gedişatını ümumi şəkildə ifadə edir. Süjetli sms-lər isə hadisənin də, obrazın da cizgilərini təsəvvür etməyə imkan yaradır. "Hava limanı-1", "Hava limanı-2", "Pencək", "Yuxu", "Ağanisənin duası", "Göy üzü", "Qara reyhan" sms-ləri kiçik miniatür hekayələrdir. "Köhnə Bakı üçün nostalji" sms-essesi müasir dövrün "Firuzə" hekayəsi kimi oxunur. "Adət etmək" miniatür hekayəsi sms-lə statusun sintezindən yaranmış orijinal bir hekayədir. Burada statuslar süjetin istiqamətini və ya hadisələrin ümumiləşdirilmiş məntiqi nəticəsini ifadə edir. Sms-lər isə hadisələrin gedişatını, müəllif fikrinin dinamikasını əks etdirir. Bu, təkcə internet ədəbiyyatında yox, ümumən Azərbaycan hekayəçilik ənənəsində Rəşad Məcidə məxsus olan tam yeni bir səhifədir. Əyanilik xatirinə "Hava limanı-2" lirik-psixoloji hekayəsini olduğu kimi oxuculara təqdim edirəm:

"Dərsdə otura bilmirdi. Darıxırdı. Fikri onun yanındaydı. Sürpriz etməliydi. Xoşbəxtlik bəxş etməliydi. Bir anın içində qərar verdi - Hava limanına gedəcək. Onu qarşılayacaq. Fikirləşdi ki, "saat 7-yə var hələ, gedərəm, yanında adamlar olsa, yaxınlaşmaram".

Taksiyə oturdu. Hava limanına çatanda saat 6 idi. Gözü əvvəl sürücünü axtardı. Sonra məlumat bürosuna yaxınlaşdı. Saat 7 tamamda zəng elədi:

- Gəlmisən, əzizim?

- Səsi qulağına birtəhər gəldi. Hiss elədi ki, deyəsən, qarşılamağından şad deyil. Özünə hirsləndi. Çıxıb getməyi, bu jestini, gəlişini qiymətləndirə bilməməsinin cəzasını verməyi düşündü. Cavab yazmasam, bəsidir. Amma ürəyi gəlmədi.

- Gedimmi?

- Gəlmisənsə, gözlə!

Yenə çıxıb getmək istədi. Sonra fikrini dəyişdi.

Oturub gözləyirdi. Budur, çıxdı. Ona sarı gəldi, əl uzatdı. Kafeyə, çay içməyə keçdilər.

Heyrət içində idi. Yəni bu, o adamdır? Mat-mat baxırdı. Gəlməyinə peşman olmuşdu. Elə bil, başına bir vedrə soyuq su töküb yuxudan ayıltmışdılar. Axı nə işim vardı burda, axı niyə gəlməliydim?

Yanaşı addımlayırdılar. Hiss edirdi ki, ondan aralı getməyə çalışır. Özünü qınayırdı. Hər şeyin belə qəfil bitəcəyini ağlına da gətirməzdi. İki hissin əlində qalmışdı: bir yandan yanındakı ən doğma bir adamı hiss etməyə çalışırdı, o biri yandan da buz kimi soyuq, yad, özgə bir adamçün niyə buracan gəldiyini düşünürdü.

Səhəri görüşdülər. Sarsılmışdı: həm bir həftə idi xəstəydi, həm də dünən baş verənləri unuda bilmirdi. İndi necə desin? Hardan başlasın? Yaxşı oldu. O, özü dedi. Və müvəqqəti ayrılmağa qərar verdilər.

Müvəqqətimi?.." 

"Qələmsiz yazılanlar"dakı statuslar və sms-lər Rəşad Məcidin qələmlə yazılan əsərləri kimi yeni, təsirli, cəlbedici, əhəmiyyətli və orijinal əsərlərdir. Hiss olunur ki, bu yeni tipli yaradıcılıq məkanı bütün mürəkkəbliyi ilə bir yerdə Rəşad Məcidə tamam fərqli bir yaradıcılıq ehtirası gətirmişdir. Yaradıcılığının indiki mərhələsində özünü daha çox statuslarda və sms-lərdə tapan Rəşad Məcidin artıq bu çətin, məsuliyyətli, son nəticədə şərəfli yoldan geriyə dönməyə imkanı yoxdur. Bütün bunlara görə "Yazmaq-2" sms-essesi Rəşad Məcid yaradıcılığının yeni dövrünün səciyyəvi manifesti kimi səslənir:

"Durmadan, dayanmadan yazmaq!

Beynindəki fikirləri topalanıb başını sarmağa qoymadan yazmaq! Azacıq qalxan buludu dolmağa qoymadan, deşik-deşik etməklə yazmaq!

Bədəndəki hüceyrələrin giziltisi şahə qalxmadan, siqareti sinənə sümürüb tərpəşən hüceyrələri beşiyində tüstüylə boğa-boğa yazmaq!

Narkotik kimi! Narkoz kimi! Kosmos kimi! Yazmaq! Yazmaq!

Süsləşmiş, keyləşmiş bədəni donmağa qoymamaq üçün yazmaq!

Dəqiqələri saatlara çevirib mənasız günlərdən bezməmək üçün yazmaq!

Boğazını saran qəhərdən ölməmək üçün yazmaq!

Ağlamamaq, sızlamamaq üçün yazmaq!

Yatmamaq üçün yazmaq!

Ayıq olmamaq üçün yazmaq!

Düşünmək üçün yazmaq!

Düşünməmək üçün yazmaq!

Sağ qalmaq üçün yazmaq!

Unutmamaq üçün yazmaq!

Sevmək üçün yazmaq!

Doymamaq üçün yazmaq!

Günahını yumaq üçün yazmaq!

Güclü olmaq üçün yazmaq!

Zəif görünmək üçün yazmaq!

Bir daha səni görmək, sənlə olmaq üçün YAZMAQ!!!"

Bu, Rəşad Məcidin yaradıcılığının yeni mərhələsinin ədəbi andıdır. Fikrimizcə, Feysbuk səhifələrində ifadə olunmuş bu sms-məktub müasir virtual məkanda özünü görən və həmin məkanda baş sındıran hər bir yaradıcı şəxs üçün mükəmməl bir bələdçidir.

Rəşad Məcidin statusları və sms-esseləri - müstəqillik dövrü Azərbaycan sosial şəbəkə ədəbiyyatının yol xəritəsidir.

Rəşad Məcidin statusları və sms-ləri gələcək bir romanın eskizləridir.

Rəşad Məcidin statusları və sms-ləri - Azərbaycan qrafik ədəbiyyatının yeni tarixi mərhələdəki ilk təzahürləridir.

Nəhayət, Rəşad Məcidin statusları və sms-ləri böyük ədəbiyyatın Feysbukdakı stenoqramıdır.

Nəticə: Bütün yönləri iə yaradıcı olan Rəşad Məcid sosial şəbəkələrdəki status və sms dünyasına da yeni bir yaradıcılıq ab-havası gətirən novator yazıçıdır. Rəşad Məcid - miniatür elektron statusun və sms miniatür hekayənin yaradıcısıdır. Rəşad Məcid - Azərbaycanda Feysbuk hekayəçiliyinin nəzəri-təcrübi əsaslarını yaratmışdır.

Yazımı Rəşad Məciddən gətirdiyim aşağıdakı statusla bitirmək istəyirəm: "Tərəddüd etmədən inanırsansa, ...nəticə arzuladığın kimi olacaq".

Yeni ədəbiyyat yollarında Rəşad Məcidə uğurlar arzulayıram!

15 iyul 2019-cu il

 





16.09.2019    çap et  çap et