525.Az

Əhməd bəyin Bakıdan bütün Rusiyaya səslənməsi - Əhməd bəy Ağaoğlu-150


 

Əhməd bəyin Bakıdan bütün Rusiyaya səslənməsi - <b style="color:red">Əhməd bəy Ağaoğlu-150</b>

Ümumrusiya miqyasında götürdükdə "Kaspi" əyalət qəzeti idi. Doğrudur, bu qəzetin "Neft" rubrikasında verilən materialları Moskvanın, Peterburqun, hətta Avropa paytaxtlarının birjalarında diqqətlə izləyirdilər. Bütünlükdə isə "Kaspi"nin əsas oxucu auditoriyası, eləcə də toxunduğu problemlər əsasən Bakı şəhərini və Cənubi Qafqaz regionunu əhatə edirdi.

Lakin dövlət həyatı və qanunçuluq, əxlaq və mənəviyyatla bağlı elə məsələlər var ki, onlar heç bir sərhəd tanımır. Heç bir halda regional, məhəlli xarakter daşımır. İstər uzaq  kənddə, istərsə də paytaxtda eyni dərəcədə aktual və həyati səslənir.

Əhməd bəy Ağayev "Kaspi" qəzetinin səhifələrində tez-tez təkcə öz soydaşları, təkcə Bakı, yaxud Tiflis quberniyalarının türk-müsəlman əhalisi üçün deyil, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq ucsuz-bucaqsız Rusiya imperiyasının bütün vətəndaşları üçün maraq doğuran çətin və ağrılı problemlərə toxunurdu. Bu yolla da onların maraq və mənafelərini qoruyurdu.

Belə prinsipial yazılardan biri - aşağıda oxuculara təqdim etdiyimiz "Şablon kölələri" adlı kiçik məqalə (əsrin əvvəllərində deyildiyi kimi "balaca felyeton") "Kaspi"nin 10 iyun 1903-cü il tarixli 124-cü sayında dərc olunmuşdu.

Həcm etibarı ilə kiçik, amma böyük ümumiləşdirmə gücünə malik olan bu məqalənin yazılmasına səbəb xalq müəllimi, uşaqlar üçün bir sıra gözəl əsərlərin müəllifi kimi tanınan Süleyman Sani Axundovun (1875-1950) Bakı dəmir yol vağzalında məruz qaldığı ayrı-seçkilik və saymazyanalıq aktı olmuşdu.

Süleyman bəy Şuşaya yola saldığı qadın qohumlarına əvvəlcədən ikinci dərəcəli vaqonun "Xanımlar" bölməsinə bilet almasına baxmayaraq, vaqon bələdçisi (milliyyəti göstərilməsə də, müsəlmanlara yuxarıdan aşağı baxdığına görə, qeyri-millətə mənsubluğunu təxmin etmək o qədər də çətin deyildir) onları öz yerinə buraxmamışdı. Çünki həmin qadınlar bələdçinin təsəvvüründəki "xanım" standartına uyğun şəkildə geyinməmişdilər. Şablona sığmayan zahiri uyğunsuzluq ona azərbaycanlı qadınları "xanım" kimi qəbul etməyə imkan verməmişdi. Rus dilində təmiz danışan S.S.Axundovun rəsmi müəllim uniforması, protokol tərtib olunması tələbi də problemin çözülməsinə kömək göstərə bilməmişdi.

Həmyerlisinin və dostunun üzləşdiyi xoşagəlməz hadisədən xəbər tutan Əhməd bəy onu "Kaspi" səhifələrində ümumiləşdirmək, hamının və hər kəsin diqqətinə çatdırmaq  qərarına gəmişdi. Həm də bu tipli hadisələrin təkcə imperiyanın ögey övladları sayılan Azərbaycan türklərinin deyil, bütün sadə rus vətəndaşlarının həyatını zəhərlədiyini, hansısa mənasız prinsip və şablonlara görə onların dam əzab-əziyyət çəkdiklərini, öz qanuni haqlarını qoruya bilmədiklərini cəsarətlə açıb göstərmişdi.

Gənc müəllifin fikrincə, tarixə islahatçı kimi daxil olan çar Birinci Pyotrun fəaliyyəti sayəsində rus həyatının ən böyük faciəsi bu ölkədə həqiqi mədəniyyət, etika, insani münasibətlər formalaşdırmaq əvəzinə daha  çox Avropa mədəniyyətinin zahiri cəhətlərini - aksessuarları, şablonları, atributları kor-koranə tətbiq etmək, yamsılamaq olmuşdu. Ona görə də bütün Rusiya, məcburiyyət qarşısında qalan rus vətəndaşları həqiqi mədəniyyət və insanlığa yiyələnmək yerinə onun zahiri təzahür formalarını yamsılamağa üstünlük vermişdi. Nəticədə onlar gerçək avropalı ola bilmədikləri kimi özlərinin bir çox milli keyfiyyətlərini də itirmişdilər. Və Birinci Pyotrun qısa müddət ərzində dəyişdirmək, avropalılaşdırmaq istədiyi ruslar əslində, həqiqi mədəniyyət sahiblərinə deyil, onun kor-koranə təqlidçilərinə çevrilmişdilər.

Bir sözlə, şablon kölələri olmuşdular. İnsan simalarını itirmişdilər.

Etiraf olunmalıdır ki, çar Rusiyasından sovet Rusiyasına, oradan da bizə keçən bir sıra mənasız şablonlar və onların davamlılığına dördəlli səs verən çoxsaylı "şablon kölələri" bu gün də müxtəlif sahələrdə həyatımızı zəhərləməkdə davam edirlər.

Əhməd bəy də 1903-cü ilin əyalət Bakısından bütün Rusiyaya bu dəhşətli absurd teatrı haqda həyəcan təbili çalmağı bacarmışdı... 

ŞABLON  KÖLƏLƏRİ  

Əhməd bəy Ağaoğlu

Bugünlərdə yerli qəzetlərin birində müəllim Süleyman Axundovun səciyyəvi məktubu dərc olunmuşdu. Məktubda c-b Axundov Bakı dəmiryol stansiyasında üzləşdiyi biabırçı vəziyyət haqda məlumat verirdi.

Cənab Axundov Şuşaya gedən ailəsini yola salırmış. Əvvəldən ikinci dərəcəli vaqona bilet almış, ilk zəngdən sonra yanındakılarla birlikdə qadın bölməsinə yaxınlaşmışdı.

- Hara soxulursan? - deyə yaxasında 33 nömrəli tanınma nişanı olan bələdçi  kobudcasına qarşısını kəsmişdi.

- Xanımlar üçün olan bölməyə.

- Orada nə işin var?

- Bu xanımları yola salıram, - deyə c-b Axundov yanında dayanmış çadralı tatar qadınlarını göstərmişdi.

- Bunlar nə vaxtdan xanım olublar? Bunlar sadəcə... Daha sonra bələdçi burada yazılması münasib görünməyən epitetləri yan-yana düzmüşdü. Hiddətlənmiş Axundov "rəhbərliyə üz tutub jandarmın müvafiq protokol yazmasını" xahiş etməli olmuşdu.

"Əgər dəmiryolu xidmətçiləri əynində müəllim mundiri olan adamla bu cür rəftar edirlərsə, o zaman sıravi tatarlarla necə davranırlar? - deyə c-b Axundov məktubunu bu sözlərlə tamamlayırdı.

Aydın məsələdir ki, hətta protokolun nə olduğunu bilməyən və haqqını qorumağı bacarmayan "sıravi tatarlarla" daha pis rəftar edirlər. Onların "xanımlarını" sadəcə vaqondan itələyib aşağı salırlar. "Rus müəllimi mundirindəki rus məmurunun" tələbi ilə tərtib edilən protokolun taleyi də qaranlıq qalıb. Görəsən, bu cəhd də bizim Rusiyada tez-tez təsadüf olunan növbəti vaxt, kağız və qələm itkisinə çevrilməyib ki?

Lakin mənim üçün vacib olan məsələnin bu tərəfi deyil. Vacib olan faktın özüdür.

Bu fakt hər birimiz üçün, bütün Rusiya üçün çox səciyyəvidir. Həyat qüdrətli əlləri ilə bizi qabağa itələyir. Artıq vaqona minmək istəyirik. Lakin elə buradaca "tanınma nişanı" qabağımızı kəsir və hökmlü səslə dayanmaq əmrini verir. O, bütün qanunlara, malik olduğumuz bütün haqlara rəğmən belə hərəkət edir. Axı qanunlarda heç bir yerdə yazılmayıb ki, tatar qadını xanım ola bilməz, yaxud pulla alınan bilet sahibinin kimliyindən asılı olaraq əhəmiyyətini itirib adi kağız parçasına çevrilə bilər.

33 nömrəli "tanınma nişanı" çox güman ki, dame (fr. xanım - V.Q.) sözünü fransız dilindən özünəməxsus şəkildə tərcümə edir. Əgər rastlaşdığı tatar qadınlarının başında au pluwage de polie (fr. kənarları enli şlyapa - V.Q.) dəbli şlyapa olsaydı, əgər sifətlərindən vual sallansaydı, yubkalarının ətəkləri arxalarınca sürünsəydi, bələdçi onları xanım kimi qəbul edər, öz əli ilə qadın bölməsinin qapısını açıb yol göstərərdi. Lakin bədbəxtlikdən tatar qadınları çadraya bürünmüşdü. Bu da tanınma nişanı sahibinin nəzərində onları dərhal "xanım" statusundan məhrum etmişdi.

Bu müqəddəs, əlçatmaz, toxunulmaz "33 nömrəli tanınma nişanı" qarşısında diz çökürəm! O, əsrlərdən bəri öz müqəddəsliyini hifz edərək bütün Rusiyanı sıxıb əzir. Əgər belə demək mümkünsə, Şimal Buzlu okeanından Şərqi Türküstan çöllərinə qədər başımızın üstündə ağalıq edir. O, hamınıza məlum olan ümumi səciyyəli və eyni zamanda, özünəməxsus rus şablonudur!

Hamımız, demək olar ki, istisnasız şəkildə hamımız az və ya çox dərəcədə "33 nömrəli tanınma nişanlarıyıq!" Şablonun ixtiraçısı isə rus həyatının ən məşhur şablonçusu kimi tanınan Birinci Pyotr olub. Bu böyük islahatçının təxəyyülündə Avropa mədəniyyəti yalnız müəyyən aksessuarlar, atributlar, şablonlar şəklində təcəssüm etmişdi. Sanki onlarsız mədəniyyətin mövcudluğu qeyri-mümkün idi.

Pyotrun təsəvvüründə ölkəsinə gətirmək istədiyi mədəniyyətlə rusların uzun saqqalı, geniş ətəkli paltarları və məşhur rus sobası arasında bütün bu predmetlərin bir yerdə mövcud olmalarını istisna edən hansısa düşmənçilik vardı. Ona görə də böyük islahatçı biri-birinin ardınca qayçı, parik, reverans dövrünü, assambleya iclaslarının başladığını xəbər verən borunu, ranqlar cədvəlini ixtira etmişdi.

Avropanın özündə parik və reveransların çoxdan dəbdən düşməsinə baxmayaraq, bizdə ranqlar cədvəli və assambleya borularının səsi həyatımızın ayrılmaz atributlarına çevrilib. Rusiyada qərbçilərdən tutmuş slayanofillərə, liberallardan tutmuş mühafizəkarlara, xalqçılardan tutmuş marksistlərə qədər hamı - bütün müəllimlər, həkimlər, vəkillər, qəzetçilər hamısı - nadir istisnalarla hamı şablonçu və ranqçıdır, həmin o dediyim "33 nömrəli tanınma nişanının" daşıyıcısıdır.

Onların hər biri ilə ayrı-ayrılıqda danışın. Siz bu adamların fikirlərinin güzəştsizliyinə və müstəsnalığına, baxışlarındakı ifrat dözümsüzlüyə təəccüb qalacaqsınız. Onların hər biri həyatın axınını özünə görə təyin edib, mədəniyyətin və fərdi fəaliyyətinin miqyaslarını özünə görə, amma təbii ki, bəlli şablonlara əsaslanaraq müəyyənləşdirib. Onun nəzərində həmin şablon və miqyasların sərhədindən kənarda başqa yanaşma tərzi, başqa fikir, başqa mövqe mövcud ola bilməz!

Bizim ranqlar cədvəli əsasında pərvəriş tapmış Duma (Bakı şəhər Duması - V.Q.) köhnəliyə sədaqətində xüsusi ilə seçilir - o, yeni rəngi, yeni çaları görmək belə istəmir. İdeya fərdiliyi, baxışlardakı orijinallıq bizim şablonla tam ziddiyyət təşkil edir. Ona görə də həyatda fanatik dərəcədə dözümsüzük, müstəsnayıq, əleyhdarlarımızın qarşısına əmr və hökmdən başqa heç bir şey çıxara bilmirik. Ona görə də "33 nömrəli tanınma nişanı" tatar qadının xanım ola bilməyəcəyinə belə israrlıdır. Bu tanınma nişanının parıldayan səthində hər birimiz - boz, simasız, lakin xeyirxah Rusiya vətəndaşları əks olunmuşuq...

 





17.09.2019    çap et  çap et