525.Az

"Əsrin müqaviləsi"nin 25-ci ildönümünə həsr olunan seminar keçirilib


 

HİKMƏT HACIYEV: "AZƏRBAYCANIN ENERJİ STRATEGİYASI BEYNƏLXALQ VƏ REGİONAL MÜSTƏVİDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏLƏR VERİR"

"Əsrin müqaviləsi"nin 25-ci ildönümünə həsr olunan seminar keçirilib<b style="color:red"></b>

Dünən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminar təşkil edib.

Seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev, bir sıra dövlət rəsmiləri və xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin çətin geosiyasi proseslərin getdiyi dövrdə imzalandığını deyib. O bildirib ki, bununla da Azərbaycan uğurlu enerji strategiyasının və enerji diplomatiyasının əsasını qoyub: "25 il öncə Azərbaycan tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında beynəlxalq aparıcı şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu. Uzun illər Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq, neft bir çox hallarda Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini Azərbaycan xalqı gördü".

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın neft strategiyası ölkənin müstəqilliyinin, iqtisadi inkişafının təməlini qoymaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə ciddi töhfə verən amil olub: "25 illik bir dövrə baxsaq, bir daha şahidi olarıq ki, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, çiçəklənməsinin iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə töhfə verib. Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoyur. Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə sona çatdırılmasına nail olacağıq. Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək".

Şöbə müdiri əlavə edib ki, beynəlxalq enerji bazarında Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi tanınır və 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman Azərbaycan etibarlı tərəfdaş olduğunu beynəlxlaq tərəf müqabilləri ilə münasibətdə göstərib: "Bu qarşılıqlı faydalı tərəfdaşlıq və əməkdaşlıq davam etməkdədir".

Energetika nazirinin müavini Elnur Soltanov "Əsrin müqaviləsi"nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Nazir müavini vurğulayıb ki, həmin vaxtdan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Elnur Soltanov qaz sektorunda da eyni uğurların davam etdiyini bildirib və Azərbaycanın bu sahədə də müsbət nəticələr əldə edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalının artırılmasında da böyük işlər görür və Cənub Qaz Dəhlizi layihəsindən sonra ölkəmiz bu sahədə də uğur hekayəsini davam etdirə bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, "Şahdəniz" dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. O deyib ki, sonradan "Ümid" və "Abşeron" yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına da sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. Bəxtiyar Aslanbəyli əlavə edib ki, son 25 ildə BP digər tərəfdaşları və Azərbaycanla birlikdə "Şahdəniz" yatağından 3,6 milyard barel neft ixrac edib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizinə birləşdirən ilk boru xəttidir: "Bu boru xətti Xəzər dənizi karbohidrogenini dünya bazarına daşıyır və enerji bazarının diversifikasiyasına xidmət edir".

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer "Əsrin müqaviləsi"nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, həmin zaman Azərbaycanın 20 faiz torpaqları işğal olunub və ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün olub. Brenda Şaffer əlavə edib ki, bütün bunlara baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu. O, Azərbaycanın bu gün də etibarlı tərəfdaş olduğunu bildirib.

S.QARAYEVA

 





17.09.2019    çap et  çap et