525.Az

Dilək ağacından asılmış nataşalar... - Mir Çingiz yazır


 

Dilək ağacından asılmış nataşalar... - <b style="color:red">Mir Çingiz yazır </b>

Salam olsun bu məqaləciyəzi oxuyan bütünlərə və oxumayan kəslərə!

(Gərək, çalışıb, içimdəki sosial insan şablonunu aradan qaldırım. Əks halda, yazdığım fikirlər digər yazıçıların gəlişigözəl sözlərindən fərqlənib - zad eləməyəcək)

Deməli, qərara gəlmişəm ki, səmimiyyət qələm əhlinin ən çox unutduğu şeydir. Hərəsi  bir kompüterdə hekayəyə başlayır. Hekayə də hekayə olsa dərd yarı... Başlanğıca gəl hələ: "Bu sözləri yazarkən, mürəkkəbi qurumamış vərəği..." Ay sən öləsən! Axı, yalan danışırsan. Bilirik ki, almısan əlinə klaviaturanı və ürəyindən nə təhər keçsə, eləcə yazırsan. Yaz e, sənə kim artıq-əskik söz deyə bilər, axı? Ancaq etiraf et: Yazdığınla yazan sən deyilsən! Hə, yadımdan çıxmamış, bu etiraf yükü sizin çiyninizdən deyil, əziz oxucu. Fikrim, sadəcə, yazarlığın üz qaralarına aiddir, ki bəlkə ayılıb ədəbiyyatımızın sifətini yuyarlar. Bu söhbət, burda qalsın. Oğurlayan yoxdur ki. Oxuculara başqa şey deyəcəm.

Baxın, tənqidçilik çox dərin sənətdir, ancaq o qədər də dərin deyil ki, içində boğulaq. Tənqidi əsər oxucunun anlayacağı səviyyədə olmalıdır. Sən antik yunan terminləriylə ölmüş latıncanı bir-birinə keçirib ortalığa nəsə qoysan, camaat -  bax, elə bu məqaləmi oxuyan əksər insan - həmin tənqiddən bircə "nəsə"ni başa düşəcək. Və...salamat...qal! İnanmırsansa, yarım saatlıq tik-tok proqramını yüklə. A kişi, ölkə böyüməmiş ölülərlə doludur! Və əgər ölülər cəmiyyətinin Məsihi olmadınsa, tənqidini də götür, sürüş buradan!  - Yəni məqalədən. Pis başa düşmə, ilin üzü soyuqlara getdikcə bizim də üzümüz soyuyur, görəsən, biz nə vaxt qəbirləşdik?!

Əziz yazıçı!

Bilirsənmi niyə nidalardan istifadə edirəm? Ona görə ki, həqiqətən gərginləşmişəm. Bilirəm, hamımız istəyirik, hekayə, məqalə, yaxud romanımız sözlərlə zəngin olsun (lap elə, rəhmətlik Markezinki kimi), oxucunu heyran qoysun özünə, milyonlar sosial media hesabında paylaşsın ki, "Naməlum Məlumzadə bir əsər yazıb, gəl, görəsən! Bir dəfə oxuyan, dönüb, istəyir bir də başdan oxusun!

Ay sənə qurban, sən axı 8 yaşlı Sedrik deyilsən ki, çarpayına uzanıb gündəlik dərdlərini göylərə danışasan. Bitirdinmi o mətni? Əla! Bəs sonrası? Bəs redaktə? Bəs tənqid? Bəs müqayisə? Bəs səbir? Bəs araşdırma? Heyif deyilmi biz yazıqların baş-gözü? Hamı sənin qədər xəyalpərəstcəsinə düşünmür, başa düş...

"Mən istəyirəm, oxucunu çaşdırım".

Ay evini Allah tikmiş, sən ədəbiyyatı çaşmaqla səhv salanda çaşmısan, indi öz əvəzinə, oxucunu çaşdırmaq istəyirsən? Sənə kim verdi o gözəlim haqqı? Bəli, bu, tənqiddir! Ola bilər, naşıca, cahilcə görünsün, ancaq... keyfiyyətsiz tənqidi qınamaq üçün gərək sən özün keyfiyyətli yazasan, üzərində işlədiyin mövzu keyfiyyətli olsun, keyfiyyət etalonun oxucuya misir heroqlifləri qədər müşkül görünməsin! Yazırsan, gözəl, əla, əntiqə, pakizə! Di gəl, bax, göydəki Allaha and olsun deyirəm, "pakizə" sözünün belə mənasını bu camaatın içində bilməyənlər var! Çıxaq indi şəhərə, soruşaq, heç deyilsə, bircə dənə də olsa, bilməyən tapılacaq. Faciələşdirmirəm, düzdür, elə ciddi problem deyil pakizəni bilməmək. Faciə odur ki...

Açıram ədəbi saytlarımızı, görürəm (başımızın üstündə yaradan var), əvvəlkindən bu yana xeyli dəyişikliklər olub. Məsələn, qələmlərimiz yoxa çıxıb, planşetlərimizin ekranı böyüyüb, subyektimizin həcmi kiçilib, məqalələrimiz "google translate"ə çevrilib, yazanlarımızın cismi zəkasından kiçik qalmağa başlayıb. Və ağlıma belə bir fikir gəlir (əgər həmin fikirdə əndazəmi aşdımsa, gərək bağışlayasınız, çünki bu əndazənin ölçülərini mən təyin eləməmişəm) :

Yaşı 15-20 aralığında olan çinlilər, yaponlar, gözünə döndüyüm almanlar, canım sənə desin, amerikalılar, sözün neytral mənasında, min hoqqaya girib-çıxırlar. Və elə ki həmin hoqqalar genəlir, koralır, bozarır, gətirib dürtürlər bizim müasirlik adlı fikir köşəmizə! Ya Allah! Sonra bizim 15-20-lər dəstəmiz girişir  bu hoqqaya, ancaq dərd orasıdır ki, çıxa bilmirlər! Bizimkilər həmin hoqqadan doğulur və boğulur, ölür, çürüyür, üfunət iyi verir, ideyalarını qurd basır və geriyə qalan - didilmiş "jeans" markalarından cəsədi görünən insanlıq olur...

Haşiyə: Kimsə mənə gənc yazar deyəndə cərəyan vurmuş kimi yerimdən dik qalxıram. Ədəbiyyatımızın elə biədəbiyyatçıları var, vallah, nəinki gənc, heç yeniyetmə, qoca və s. şəkillərdə də özümü yazıçı saymağa dilim gəlmir.

Burada qalana geri qayıdıram - bayaq, qara hərflərlə yazılmış qismə.

Qərara gəlmişəm ki, bizim qələmdarların bir çoxu yontulmağa meylli, yararsız, lakin yontmağı da yortmaq kimi anlayanlardan ibarət bir kütlədir. Məni bu qərara gətirən səbəb bəzi belə tanışlarımdır. Ad çəkməyəcəm ki, qoy, hamısı elə bilsin, onlardan bəhs edirəm. Ümumi hədəf kütləsi xüsusidən daha az incidir (Üzəri mismarlarla dolu stulda əyləşmək kimi).

Məsələn, onlardan biri eşqi elə təsvir edir, oxuyanda fikirləşirsən ki, bu şəxs Füzuli ilə bir məclisdə oturub, eyni dərdə ağlayıb, Məcnunun sərgərdanlığını yazanda ona deyib ki, qəhrəmanı elə yox, belə yaz, filan cür təsvir elə... Amma və lakin bir də görürsən, real həyatda Nataşa eşqi kiçik ağlına elə vurur və həmin kiçik ağlı böyüyəndə böyük ağlı elə kiçilir ki, yazdığı bütün eşq hekayələri bir anın içində Nataşa xanımın mesaj qutusunda oxunma növbəsinə durur... Şopenhauerin canı sağ olsun!

Yaxud qarşına feysbukun mavi dişlərinə ilişib qalmış bir status qırıntısı çıxır:

"İnsanlar yalan deməyi niyə bu qədər sevirlər? Ah, mən çox bədbəxtəm, bəşəriyyət gördüyüm həqiqəti dərk etmir..." (şişirtmə var, siz bu dırnaqarasını sürətləndirimiş səs qeydi kimi başa düşün).

Adam fikirləşir, yəqin bu bəhmənkəs həqiqətin astanasına çatmaq şərəfinə nail olub. Ancaq elə ki statusu bir az yuxarı sürüşdürürsən, mütləq orada bu dahiyanə fikir müəllifinin bədəninin hansısa qismi (əzələsi, qılçası, sinəsi, gözləri və s.) gözə çırpılır.

"Bunun yazıçılığa nə aidiyyatı?" - deyə ittiham edə bilərsiniz məni. Ancaq inanın, elə mən özüm də həmin sualı verməkdəyəm. Bunun yazıçılığa nə aidiyyatı var, axı?!

Hazırda 23 il 4 aylığam. Dünyanın beşiyində yatmaq istəmirəm. Hərçənd, heç onu da arzu etmirəm ki, "Passengers" filmindəymiş kimi oyanıb tənha qalım. Mənim arzum ədəbiyyat dünyamızın dirilməsidir, ikilikdə, üçlükdə yatmaq yox, birlikdə oyanmaqdır. Tənqid obyektinin önəmi onun subyektindən daha dəyərli deyil. Nə tənqidçimiz, nə də tənqid hədəfimiz özündə səhv görmürsə, deməli, Azərbaycan ədəbiyyatı kor olub. Mən istəyirəm ki, biz milli yazıçı deyəndə tarix kitablarına və müntəxabanlara deyil, barmaqla göstərə biləcəyimiz canlı dahilərə işarə edək. Ta durub Mirzə Cəlilə rəhmət oxumayaq. Elə bir rəhmətə qovuşaq ki... Yox, a kişi, tost demirik burada. İstəməklə düzəlmir belə işlər. Səhv edirik. Həqiqətən səhv edirik... Oxucu dilək ağacı deyil... Ona arzularımızı bağlaya bilmərik... Ondan arzularımızı asa bilmərik... Asılanlar ölür axı!

Fövqəlqeyd: Bu məqalənin müəllif hüquqları sizin vicdanınız tərəfindən qorunur.

 





18.09.2019    çap et  çap et