525.Az

"Uşaqların zərərli informasiyalardan qorunması üçün mexanizm olmalıdır"


 

RAFAEL HÜSEYNOV: "CİDDİ NƏZARƏT MEXANİZMLƏRİ OLMALIDIR Kİ, UŞAQLARI QORUMAQ MÜMKÜN OLSUN"

"Uşaqların zərərli informasiyalardan qorunması üçün mexanizm olmalıdır"<b style="color:red"></b>

"Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır".

Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin 2019-cu il payız sessiyası ilə bağlı dünən keçirilən ilk iclasında çıxış edən komitə sədri, akademik Rafael Hüseynov deyib.

Komitə sədrinin sözlərinə görə, televiziyalarda uşaqların zərərli informasiyalardan qorunması tənzimlənir: "Amma qanunla qoruya bilmədiyimiz ayrı şəbəkə - internet də var. İnternetdəki mənfi informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İnternet vasitəsilə cəmiyyətə böyük faydalar vermək də olur, amma digər tərəfdən onun təhlükələri də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun".

Qeyd edək ki, Azərbaycanda internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunacaq. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilir. Sənədə yeni 13-2.6-cı bənd əlavə olunur. Yeni bəndə görə, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

Komitə sədrinin bildirdiyinə görə, "Kinematoqrafiya haqqında" qanun layihəsi də müzakirələrə hazırdır: "Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq".

Komitə sədri əlavə edib ki, "Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi də müzakirələr üçün tam hazırdır. MM-in payız sessiyasında bu qanun layihəsinin plenar müzakirəyə çıxarılması baş tuta bilər. R.Hüseynovun sözlərinə görə, "Yazılı abidələr haqqında" qanun layihəsinin də ilkin variantı hazırdır: "Digər tərəfdən, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi hazır olsa da, orada iki müddəa ilə bağlı fikir ayrılığı var. Həmin məsələlər həllini tapandan sonra onun da müzakirəyə təqdim edilməsi mümkündür".

Komitənin sədr müavini, professor Jalə Əliyeva öncə deyib ki, son illər bizdə uşaqlar üçün ssenarilər yazılmır, filmlər yoxdur: "Ona görə hesab edirəm ki, bu məsələyə diqqət artırılmalı, önəm verilməlidir. Uşaqlarla bağlı gözəl, dəyərli ssenarilərin yazılması, filmlərin çəkilməsi lazımdır".

"Mədəni inkişafı artıq yerlərə də yönəltməliyik. Mədəni inkişaf dedikdə də əsasən kitabxanlar, muzeylər, mədəniyyət evləri nəzərdə tutulur. Ölkədə mədəniyyət sahəsində görülən işlər, uğurlar göz qabağındadır. Bu yaxınlarda elə bir mədəniyyət obyektinə, muzeyə rast gəldim ki, gözlərimə inanmadım. Çox gözəl idi. Heç Bakıda beləsi yoxdur. Amma bununla belə, yerlərdə kitabxanların, muzeylərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusilə də, kitabxanaların vəziyyəti narahatedicidir". Bunu da öz növbəsində millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib. Millət vəkilinin dediyinə görə, bu baxımdan, yerlərdə mədəniyyət obyektlərinin sayının artırılmasına, mədəni inkişafın sürətləndirilməsinə ciddi diqqət yetirilməlidir: "Bu gün kəndlərdə kişilərin, gənclərin, cavanların çoxu vaxtlarını çayxanlarda keçirir. Buna hamımız şahidik, heç kimə sirr deyil. Amma yerlərdə mədəniyyət obyektlərinin sayı artırılarsa, onlar müasirləşdirilərsə, həmin insanların çoxu vaxtlarını çayxanalarda keçirməz".

Müzakirələrdən sonra iclasın gündəliyindəki məsələlər MM-in payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





18.09.2019    çap et  çap et