525.Az

Azərbaycan Milli Radiosunda hansı yeniliklər gözlənilir?


 

Azərbaycan Milli Radiosunda hansı yeniliklər gözlənilir?<b style="color:red"></b>

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də fəaliyyət göstərən akademiyada  illərin sınağından keçən və dəsti-xətti ilə seçilən, ecazkar səsi, düzgün tələffüzü ilə diktorlar məktəbinin örnək sayılan simalarının, eləcə də bu məkanda teleradio jurnalistikasının inkişafında müstəsna xidmətləri olan yaradıcı insanların ustad dərsləri təşkil edilir.

Xüsusi fitri istedada malik gənclərin axtarışı, qeyri-adi səslərin tapılması, televiziyaya, radioya məftun olan, ona mənəvi dünya kimi baxanların sorağına çıxmaqla  kadr potensialını həll etməyə,  bu sahədə olan boşluğu doldurmağa çalışır. Xüsusən ilin əvvəlində akademiyanın canlanması, müsabiqə elanı, yüzlərlə gəncin müraciəti, seçimlər və yaradıcı gəncliyə bu böyük sənət dünyasının qapılarının sərbəst açılması buradakı abu havanın tamamilə dəyişməsinə işarədir. Bu dəyişikliyə isə milyonlarla izləyici, dinləyici  şahiddir.

Bu ali quruma, yaradıcı mühitə yazmağı, söz deməyi bacaran insanın, sahə üzrə alim və mütəxəssisin,  jurnalistin, ölkə başçısının etimadı qazanan bir şəxsin  təyin olunması nəinki kollektivin, eləcə də elin ziyalı təbəqəsinin ürəyincə oldu.

Yeni sədrin gəlişi ilə təkcə verilişlərin məzmun və keyfiyyəti dəyişmədi, həm də uzun müddət rəhbərliyin bağlı qalmış qapıları kollektivin üzünə taybatay açıldı. Sədr səlahiyyətlərinin  icrasına başlandığı  ilk gündən özü bir-bir redaksiyaları gəzdi. Kimin nə işlə məşğul olduğuna diqqət yetirildi.  Əməkdaşların hər biri ilə ayrılıqda tanış olmağa çalışdı. İşçini yaxından tanımaq, kimin nəyə qadir olduğunu bilmək üçün fərdi ünsiyyət qurmağa cəhd etdi. Nəticə isə ürəkaçan oldu və çox keçmədi ki, buradakı dəyişikliər müsbət sonluqla tamamlandı. Kollektiv toplantılar, iclaslar,  şəxsi qəbullar məmur və işçinin bir-birini daha dərindən tanıması və anlaması öz müsbət təzahürünü tapdı.  

Televiziyada gedən yenilklərlə yanaşı,  ana radioda da köklü dəyişiliklərin olacağı yaxın vaxtlarda seziləcək. Çünki akademiyada təhsil almış, seçilmiş bir qrup gənc kadr üçün meydan açılıb. Onların efirə, ekrana  səviyyəli təqdimatı ilə bağlı hazırlıq gedir. Hələlik xırda süjetlərlə dinləyici, tamaşaçı auditoriyasına çıxsalar da, yaxın gələcəkdə orijinal layihələrini gerçəkləşdirmək və göstərilən etimadı doğrultmaq məqamı gözlənilir.

Bir neçə gün öncə daha bir toplantı keçirildi. Yeni sədrin ana radionun kollektivi ilə ayrıca təşkil edilən görüşü maraqlı məqamlarla yadda qaldı. Radionun müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi üçün kollektivin daha əzmkar çalışması tövsiyə edildi. Əvvəlki ənənəni qorumaq, elit səviyyə nümayiş etdirmək şərti ilə yeni fikir və ideyalarla, maraqlı mövzularla gündəmə gəlməyin, xüsusi ilə gəncliyi özünə cəlb etməyin, düşündürən və diqqət çəkən verilişlərin araya-ərsəyə gəlməsinin vacibliyindən söhbət açıldı. 

Yeri gəlmişkən Azərbaycan Radiosunda ilk dəyişiklik olunan veriliş, yeni formatda səslənən iki saatlıq "Gəl, səhərim" proqramında dinləyici və aparıcı arasında daha səmimi ünsiyyət qurulub. İstənilən dinləyicinin efirə qoşulmaq, telefonla, votsapla  əlaqə yaratmaq, aparıcılarla polemika imkanı yaranıb. Günün aktual mövzuları ilə bağlı hər səhər radioya dəvət olunan qonaqlar canlı efirdə auditoriyanın suallarını cavablandırır. Sitarə İsmayılın, Günay Tehranqızının, Zaur Qüdrətoğlunun, İlkin Babayevin, Fərid Məmmədovun apacılığı ilə birbaşa yayımlanan, təcrübəli rejissorların Kamran Nadiroğlunun və Ramin Həzərxanoğlunun ustalıqla təqdim etdiyi verilişə həftə içi hər səhər televiziyamız da bağlanır. Telesəhər və 105 FM-in ortaq yayımında ana radiomuzun  studiyası dinləyicilərin və tamaşçıların nəzər nöqtəsinə çevrilir.

Sədr məhz belə yeniliklərin daha çox olmasını, dinləyicilərin diqqətini  çəkmək və rəqabət şəraitində üstünlüyü əldə etmək üçün format dəyişikliyinin  zəruriliyini, xüsusən verilişlərin canlı aparılmasının önəmini, lakin bununla bərabər birbaşa efirdə nizam-intizamın, həmişə yüksək danışıq mədəniyyəti nümayiş etdirməyin vacibliyini qeyd etdi. Bu məsələ yaşlı diktorları da narahat edən məqam olduğu üçün radionun veteren diktoru, xalq artisti Əli Məhəmmədoğlu  efirdə yersiz gülüşlərin, şit zarafatların olmasını Azərbaycan radiosu üçün qəbahət sayaraq, gənclərə daha da diqqətli olmağı, ağayana danışmağı, ədəb-ərkan qaydalarına ciddi riayət etməyi tövsiyə etdi.

Yeni proqram direktoru, professor İlham Rəhimli qısa müddət ərzində müşahidə etdiyi radionun mövcud problemlərini, burada illərlə çalışan texniki heyətin əmək dərəcələrinə laqeyd yanaşıldığını, internet sarıdan vəziyyətin ürəkaçan olmadığını, texniki avadanlıqlarla bağlı çətinlikləri və s. həlli vacib olan məqamları sadaladı. 

Toplantıda xalq artisti, rejissor Mehriban Bəşirzadə bəzi verilişlərin efir sıralanması ilə bağlı təkliflərini səsləndirdi. Xüsusən tərbiyəvi xarakterli verilişlərin eşidilən saatda təqdim olunmasını arzuladı.

Bu haqda sədr müavini Rəşad Nəsirov ətraflı məlumat verdi. Proqram setkasında  yeni mövsümlə bağlı ciddi yerdəyişmə olduğunu,  canlı verilişlərin hazırlanacağını, dinləyicilərin qoşula biləcəyi proqramların, birbaşa efirlərin "praym-taym"larda səslənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Müxtəlif adlar altında gedən eyni məzmunlu verilişlərin bağlandığını, yeni düşüncə və müasir təfəkkürün  təlqin etdiyi layihələrə meydan verildiyini bildirdi.

Azərbaycan radiosunda bayağı musiqilərin qarşısını almaq üçün ciddi tapşırıq da verildi. Sədr Bədii Şuranın burda da yaradılması üçün müəyyən işlər görülməsini lazım bildi. Radiotamaşaların bərpası xahişi də müsbət nəticəsini verdi. Yeni sədr dinləyicilərin və kollektivin istəyinə laqeyd qalmadı. Uzun illərin fasiləsindən sonra nəhayət ki, bu məqsədlə bir saat vaxt ayrıldı.

Radiodakı bənzərsiz səsi olan diktorların dublyajda da istifadə edilməsi xahiş olundu, bunun həm dublyajın fonem səslərinin yenilənməsi və həm də maddi təminat baxımından sərfəli olduğu deyildi.

"Xalq yaradıcılığı" redaksiyanın baş redaktoru Tahir Talıblı, "Ədəbi dram verilişləri" redaksiyasının baş redaktoru Şəfəq Əlixanlı təqdim etdikləri efir məhsullarının özəlliklərinə toxunaraq onların böyük məna kəsb etdiyinə, xüsusən maarifçilik nöqteyi-nəzərindən əhəmiyyətinə toxundular. Uzunömürlü və ən reytinqli verilişlərdən olan “Bulağ”ın adı xüsusi çəkildi.

Sədr Azərbaycan mili radiosunun beynəlxalq əlaqələrinin qurulması istiqamətində mühüm işlərin görülməsinin vacibliyini söylədi. Televiziyada,  TV Akademiyasında qonaq olan beynəlxalq ekspertlərin radionu da ayrıca  ziyarət etməsi, sənədlər imzalanması radiomuzun tanınması, təbliği baxımdan mühüm əhəmiyyət kəsb edir. Vaxtilə Avropa dillərində verilişlər səslənirdi və Azərbaycanın haqq səsinin yayılmasında müstəsna əhəmiyyətə malik idi. Uzun müddətdir ki, naməlum səbəblərdən bağlanan həmin verilişlərin bərpasına çox böyük  ehtiyac duyulur.

Çıxışlarda radionun istedadlı qələm sahiblərinin bir neçəsinin adı da xüsusi olaraq qeyd edildi. Qeyri-adi səs tembrinə malik Rəbiyyə Səyadinin müəllifi olduğu "Söz dünyamız", Musiqi proqramlarından Dilşad Tahirqızının hazırladı müxtəlif verilişlərin, Xəbərlər redaksiyasından Rövşən Ramazanlının  imzası ilə təqdim edilən "Qum saatı", yeni layihəsi olan "Kadrarxası"  verilişlərinin  maraqla dinlənildiyi qeyd olundu. Həmkarlarının rəğbətini qazanmış hər iki müəllifin, Dilşad və Rövşənin adı çəkiləndə zalda gurultulu alqış sədaları da səsləndi.

"Gəl, səhərim" proqramında aparıcı və rejissor, eyni zamanda, canlı yayımlanan "Ekstra taym" idman verilişinin və s. müxtəlif məzmunlu layihələrin müəllifi olan İlkin Babayevin öz işini məharətlə görməsi, operativ çalışması, canlı dialoqlarda müsahibi ilə düzgün ünsiyyət yarada bilməsi, mövzunu asan və başadüşülən şəkildə təqdim etmək bacarığı rəhbərlik tərəfindən  yüksək qiymətləndirildi.

Ən böyük istək və tələb isə işə məsuliyyətlə yanaşmaq, davamiyyətin gücləndiriməsi, aylıq, illik hesabatların aparılmasında, fəaliyyətin təhlil  olunmasında  yeni quraşdırılacaq turniketlərin önəm daşıdığı bildirildi.

Efir materiallarının sənətkarlıq baxımından yüksək səviyyədə hazırlanması və milli radioda səs effektlərdən düzgün istifadə edilməsi ilə bağlı da xüsusi göstərişlər verildi. Efirə həssas münasibət, söz, səs  və musiqinin düzgün vəhdəti, səs rejissorlarının məsələyə daha ciddi yanaşması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı tələblər qoyuldu. Bu məqamda onun da xatırladım ki, yeni rəhbər, "Lider jurnalist" kitabının müəllifidir. Bu sahədə tədqiqatçı alim kimi teleradio jurnalistikasının nəzəriyyəsinə yaxından bələd olduğundan efirdəki nöqsanları daha tez görür. Onun radio efirində gedən verilişlərdən misal çəkdiyi bəzi iradlar  təbii ki, yaradıcı heyəti ciddi düşündürəcək.

Nəhayət, görüşdən belə nəticə hasil oldu ki, Azərbaycan radiosunda qələmi iti, mənalı sözü, düzgün  tələffüzü, geniş nəfəsi, ən əsası sərbəst efir təcrübəsi olan və səmimi ünsiyyət qura bilən yaradıcı heyət üçün böyük meydan açılır. Kimin isə geniş auditoriyaya deməyə sözü yoxdursa,  bu aləmdən gedəcəyi şəksizdir. 

Teleradiomuzun inkişafı dövlətimizin də diqqət mərkəzindədir. Hər il verilişlərin səviyyəsinin yüksəldilməsi və işçilərin maddi rifahının yaxşılaşdırılması üçün büdcədən xeyli vəsait ayrılır. Kollektivin üzərinə düşən vəzifə isə öz işinə məsuliyyətlə yanaşmaqdır. Qocaman radiomuzun illərlə yığılıb qalan problemləri həll olunmaq üzrədirsə, bu gün rəhbərliyin diqqət və qayğısını görürsə, yazıb-yaratmaq üçün lazımi şərait yaradılırsa demək qarşıda dinləyicilərimizi bir-birindən maraqlı verilişlər, Azərbaycan Milli Radiosunun yeni dövrü gözləyir.

 





18.09.2019    çap et  çap et