525.Az

"Qodonun intizarında": fərqli səhnələrdə


 

"Qodonun intizarında": fərqli səhnələrdə <b style="color:red"></b>

"Zirzəmi teatrı" üslubundakı ŞAH MAT Teatrının səhnəsində Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin  "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri 19 sentyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"da nümayiş olunacaq.

Gənc aktyorlar Mir Qabil Əkbərov (Vladimir), Ümüd Abbas (Estraqon), Səid Abbas (Poçço), Pərvin Dadaşovanın (Lakki) rol aldıqları səhnə əsəri tanınmış rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim olunacaq.

Tamaşaçılara təqdim olunan nümunə "Absurt" üslubunda hazırlanıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da eyniadlı pyesə müraciət edib.

Bu teatrın repertuarındakı səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

Sentyabrın 28-də təqdim olunacaq tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Qeyd edək ki, dünyada ilk dəfə "Qodonun intizarında" üçün simfonik musiqini Xalq artisti, professor Fərəc Qarayev yazıb.

Hadisələrin bir məkanda və zamanda baş verdiyi "Qodonun intizarında" pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Fərəc Qarayevin "Qodonun intizarı" simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqda məlumat verilmir.

ŞAHANƏ

 





18.09.2019    çap et  çap et