525.Az

Prezident Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrini qəbul etdi


 

Prezident Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrini qəbul etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV deyib:

-Hörmətli cənab sədr, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaqdan şadam. Bizim ölkəyə xoş gəlmisiniz. Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.

Bildiyiniz kimi, mən sizin ölkənizə dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər etmişəm. Sonuncu səfərim bu ilin aprelində “Bir kəmər, bir yol” konfransı çərçivəsində olub. Tədbir çərçivəsində mənim Sədr, hörmətli cənab Si Cipinlə görüşüm keçirilib. Bu görüşdə biz münasibətlərimizi müfəssəl müzakirə etdik və gələcək əməkdaşlıq üçün perspektivləri müəyyənləşdirdik. Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır.

Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şadıq. Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim.

 





19.09.2019    çap et  çap et