525.Az

Tanıyaq və tanıdaq: İsmayıl Mədədi Osalı (Ülkər)


 

Tanıyaq və tanıdaq: <b style="color:red">İsmayıl Mədədi Osalı (Ülkər)</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

İsmayıl MƏDƏDİ OSALI (ÜLKƏR)

1969-cu ildə Urmiya şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini Urmiyanın "Vəziri", "Azadi" və "13 Aban" okullarında alıb. 1988-ci ildə Binab Universitetinin Fars dili və ədəbiyyatı bölümünə daxil olub. 1992-ci ildə isə Universiteti bitirərək öyrətmən/müəllim ixtisasına yiyələnib.

1999-cu ildə Ankarada Gazi Universitetində Türkçə və Yabancı Dillər Öğrənim, Araşdırma və Uygulama Mərkəzinin (TÖMER) diplomunu alıb. 2000-ci ildə isə İzmirin EGE Universitetində Türk dili və ədəbiyyatı bölümünün "Türk ləhcələri və ədəbiyyatları ana bilim dalı"nda yüksək lisans (magistratura) təhsili alıb.

2003-cü ildə Prof.Dr.Yavuz Akpınarın rəhbərliyi ilə milli şairimiz "Bulud Qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tədqiqat işini elmi heyət qarşısında uğurla savunub//müdafiə edib.

2006-cı ildə Bakı Xəzər Universitetində professor Hamlet İsaxanlının rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı bölümünün PH.D dərslərini keçib. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı ("Məşrutiyyətdən günümüzə qədər Güney Azərbaycanda sərbəst şeirin gəlişimi") uyğun zamanda savunmağı//müdafiə etməyi planlaşdırır.

"Günəş tonqalı, yalqız bitki (1991)", "Buyur, addım at (1998)", "Bir salxım dan yeli (2007)" və "Sevda yoldaymış" şeir kitabları ilə oxucularına gerçəkdən böyük sevinc duyğuları bəxş edib.  Yeni dövrün tələblərilə modern üslubda yazdığı elmi-tədqiqat işləri nəşr olunub...   

Anam Urmu...

Eşidirsinizmi siz də?
Urmuya qulaq asıram Urmu!
O qumruları səs-səsə verənməmiş
çınarı dinləyirəm!
Siz də dalırsınızmı?
Urmuya dalıram mən, Urmu!
Fərələrini qorumağa qanad gərən
o vüqarlı "qu"ya...
Zərdüşt ocağı başındayam  - İsti və sıcaq -
Odlar Yurdunun çörək qapısındayam.
Təndir, bərəkət qoxuyur tənim.
Un kimi üzüm ağ!
Üskük-üskük su daşıyır,
Dəyirman dolandırıram...
Urmunu işləyirəm Urmunu!
Ülkərəm!
Ağzında yüyən çatlayan
Urmudan gələn bir at üstündəyəm.
Hələ də görürəm!
Siz də görürsünüz
Gördünüz, deyilmi?
... Qırmancladı "Saman Meydanı"nda
Buğda tığımı "qızıldiş qəşə"
Gözü göy gavur qaldırdı bir baş
Məscidimin düz qapısında qan piyaləsini!
Hələ də cingildəyir bazarımın bacasında
- Eşidirsiniz deyilmi?
- "Mal-i əcəm həlalə!" səsini...
"Qabağı donuz, Dalısı dəniz" şəhərim!
Tanığımsan, Məhşər günüdür, Şahidim ol!
Minlərcə dağıldıq, yüzlərcə boğulduq
Onlar yol, onlar yol...
Yenə səndən umduq çaramızı!
Sadəcə sənin qapına gəldik.
Olub bitəni övladına sormadın,
Sən sarmadın!
Duzunla diri saxladın yaramızı
Ayınla ulduzunla ayazınla
Döllədin qəbirlərimizi
"Kazım xan", "Qurd Osalı"
boğazıyla böylə uladın:
Bu ölkədən bir çınqıl yad nalına dərilməz!
Can-başdan pay verilsə,
torpaqdan pay verilməz!
Və qalxdıq qəbirlərimizdən
At döşündən
İt dişindən aldıq səni,
Səni yenidən doğduq əziz şəhərim,
Sən yenidən doğuldun kişi bətnimizdən.
Və sonra iliklərimizə işlətdin
bu yasanı hayqıraraq:
- Nə qədər varsa gəlsin,
Yurdumuza göz tikən
Çağırılmamış qonaq!
Türkük qonaqsevərik!
Torpağımızın üstündə də olmasa
Hamısına altında yer verə bilərik.

Yaşıl

Yağ, yaşılım yağ!
Sinəmə sərpil sərin-sərin
Yağ, yaşılım yağ!
Beyni ol başımın, dol mənə yaşıl
Dol!
- Əli kəsilsin su düşmanının
Beli bükülsün beton sevənin.
Gözü görməz olsun geydiyi qarasını
Görmək istəyənin
Yaşılın yarasını!
- Gəl mənə yaşıl, gəl
Ən uca ağacdan mənə ayaq ver,
Ən bala butalardan mənə bir cüt əl!
- Gül mənə, yaşıl, gül!

Bir sevgilim, bir də mən

Yağmur yağırdı,
İşıq ikən bulud kölgəli,
İlıq ikən sərin,
Sakin ikən
Təri gövdədən götürəcək qədər
Xəfif neysan əsintisində
Bir axşam gəzintisi...
Ətir qoxusu gül-gül,
Bol-bol nəğmələr...
Ayaq qabımız çayır,
Yatağımız çəmən!
Bir dünyaydı,
Bir sevgilim,
Bir də mən...
Sallana-sallana salxım söyüdlər
Süzərək bizi
Sərxoş və key...
Qolboyun-qolboyun sarmaşırdıq...
Sanki o biri dünya
ətəyini altımıza uzatmışdı...
İçinə çökmüştü məkan,
Zaman yatmışdı...
Dünyanın çaxmır öküzü öyləsinə raaaam...
Hər nəfəs bütün ömrə bədəl bir il,
Qədəhsizcəsinə çaxırlaşırdıq:
Qırmızı-qırmızı qidamız dodaq,
Məzəmiz Dil...
Göy dərin bir həzz ilə
Yumub gözlərini
Yaşam həyəcanı ilə çatmışdı

Muştuluğumu ver...

Gəldi, Yol ol dum,
Güldü, Gül oldum
Aldı əllərinə...
Qolundakı əl oldum...
Çox şükür dünya!
Dola bildi içimə ən son
Ən qutsal dəliliklər...
Gəldi, anıldıq
İki danılmış ikən.
Bir karvan olduq,
İki karvandan salınmış ikən.
Doldum,
Calandı.
Doldu,
Calandım!
Muştuluğumu ver Tanrım,
muştuluğumu!
Sevdalandım mən,
Sevdalandım!
 
Öygü

Sən
Vətən boyda bir məhtab ruhusan!
Sırğan
Ay parçası
Boyunbağın
Ülkər.
Dəniz boyda bir işıq dalğası
Çarpıldığın;
Səhər...
Səsin bir iksir kimi
Hər dilə damınca dəyişir.
Sən Azərbaycan Türkcəsisən!
Dillənincə hər söz türküləşir.
Sən, sərbəstlik kimi bir şeysən,
Dərilməmiş, dadılmamış!
Zaman boyunca çalınmamış bir havasan...
- Adı qoyulmamış -
Nə "Cəngi Koroğlu"su,
Nə "Yanıq Kərəmi"si,
Nə "Dilqəmi"si!
Sən eyyy... Sən
Sən!..Mənim ruhumun
Nuh gəmisi...

Mələklər qonaq gələcək

Deyiləm,
Artıq yalnız deyiləm!
Naz könlündə saray-saray
Mənə yer açmış bir könüldaşım var.
Və mən
Dünya dururkən orada yatacağam.
Bir məhşər olacaq bir gün!
Onun göylərdə tutduğum əlini
Torpaq üzərində tutacağam...
Olacaq,
Qiyamət olacaq bir gün...
Yer,
Göy,
Susacaqdır sayğımıza!
Bir məhşər olacaq bir gün!
Və mələklər
qonaq gələcək qonaqlığımıza...

 





20.09.2019    çap et  çap et