525.Az

Azərbaycanda Milli Musiqi Günü təntənəsi


 

Azərbaycanda Milli Musiqi Günü təntənəsi<b style="color:red"></b>

Sentyabrın 18-də Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ili və Milli Musiqi Günü müxtəlif yerlərdə böyük təntənə ilə qeyd olunub.

Günün əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər. Həmçinin, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev kimi görkəmli musiqi korifeylərinin məzarları ziyarət olunub.

Mədəniyyət naziri Ə.Qarayev Ü.Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: "1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy nəinki Azərbaycan professional musiqisinin banisidir, o, həm də yazıçı, mütəfəkkir və ictimai xadim kimi böyük şöhrət qazanıb".

Bu il görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini qeyd edən nazir vurğulayıb ki, bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq.

Ə.Qarayev onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur: "Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün başlanan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək. Festivalda 10 ölkədən tanınmış musiqiçilər iştirak edəcəklər. Hazırda bu festival haqqında Fransanın məşhur "Mezzo" kanalında məlumat verilir".

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Ü.Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırıb: "Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır. Üzeyir bəyin ölməz musiqiləri dünyanın müxtəlif yerlərində səsləndirilir".

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir bəyin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" kompozisiyası səsləndirilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam edib.

Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və Mədəniyyət naziri Ə.Qarayevin günün əhəmiyyətindən bəhs edən çıxışlarından sonra təhsil ocağının Xalq çalğı alətləri orkestrinin ifasında "Qarabağ şikəstəsi" zərbi muğamı səsləndirildi.

Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan "Güllələnmiş heykəllər"i ziyarət ediblər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzülüb, sənətkarların xatirəsi hörmətlə anılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb ki, gün gələcək "Güllələnmiş heykəllər" öz doğma məkanlarında, yenidən musiqi, mədəniyyət beşiyimiz olan Şuşada ucaldılacaq. Bu festivallar da Şuşada təşkil olunacaq və o gün uzaqda deyil.

Bakı Musiqi Akademiyasının qarşısında keçirilən tədbirdə günün əhəmiyyətindən, dahi bəstəkarın adıyla bağlı ənənəvi beynəlxalq festivaldan danışan Mədəniyyət naziri Əbülfəs Qarayev sonda bir daha Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə təhsil ocağının 100 illiyinin qeyd ediləcəyini deyib: "Azərbaycan musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən gənclərə müraciət edirəm. Mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar".

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək əlamətdar gün barədə danışaraq Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələri qeyd ediblər. Vurğulanıb ki, dahi bəstəkar Azərbaycanda yeni bəstəkarlar nəslinin yetişməsində böyük xidmətlər göstərib.

Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

Tədbirlər silsiləsi Ü.Hacıbəylinin ev-muzeyində davam etdirilib.

Tədbirdə ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın ömür yolundan və bənzərsiz yaradıcılığından geniş söhbət açıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xatırladıb ki, milli mədəniyyətə daim böyük diqqət ayıran Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü - sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Heydər Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının yubileyləri dövlət səviyyəsində qeyd edilir: "Bu gün dahi Üzeyir Hacıbəylinin musiqisi Çindən Amerikayadək səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır".

Bu günlərdə mədəniyyət xadimlərinin bir qrupunun orden və medallarla təltif edildiyini xatırladan S.Məmmədəliyeva bildirib ki, onların arasında Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov da var. Mədəniyyət nazirinin müavini Sərdar Fərəcovu Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib, ona uğurlar, yeni layihələr və yeni əsərlər yaratmağı arzulayıb.

Sərdar Fərəcov çıxış edərək, ölkəmizdə mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıb, fəxri ada layiq görülməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Musiqi gününün Üzeyir Hacıbəylinin ev-muzeyində qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev sənətə, musiqiyə daim böyük önəm verib. Bu siyasət Prezident İlham Əliyev, həmçinin, birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bölgələrimizdə musiqi məktəbləri açılır, festivallar keçirilir, muzeylər təmir olunur. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən tədbirlərdir.

Sonda Qara Qarayev adına musiqi məktəbi şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Şahanə MÜŞFİQ

 





20.09.2019    çap et  çap et