525.Az

"... külümün içində neçə canlar qovrulub" - Xanım İsmayılqızının şeirləri


 

"... külümün içində neçə canlar qovrulub" - <b style="color:red">Xanım İsmayılqızının şeirləri </b>

Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Bağrımda uyuduram nadinc hissləri,
Qucağımda yırğalayıram nənnisini,
Ovuclarımda gəzdirirəm dünyasını,
Başına dolanıram havasının,
Dodaqlarımla isidirəm buz kəsən savaşını,
Nəfəsimə bələyirəm titrəyişləri.
Sevəndə, elə sevirəm ki...
Unudulmaz sakinim olur,
Toxunulmaz edirəm kimliyini,
Bütün rəngləri çəkirəm gözünün üstünə,
Çiyinlərim yuva olur yaşaya biləcəyi.
Sevəndə, elə sevirəm ki...
Yol, dəniz, səma var gizlinimdə,
Qatarında get də,
dənizində üz də, göyündə uç da,
Azadlığa aşiq olmaq var, aşiqə hüzur kimi.
Vətənsizlik unudulur vətən olmağımda,
Gözlərimdən su içir özündən köçən də.
Sevgim elə bir gücdədir ki,
Ölümə də, ölənə də həyat verir içimdə.
Sevəndə, elə sevirəm ki...
Küçələrin uşaqlarını, yalqız qocalarını,
Ağacların damarlarını, quşların dodaqlarını,
Şəhərlərin, kəndlərin,
yaxınların, uzaqların qanadlarını,
Bu aləmin bağlı və açıq həyatlarını,
Kimsəsizlərin yollarını, məscidlərin azanlarını,
Kilsələrin şüalarını, gözlərin dualarını,
Qürbətin doğmalarını, doğmaların yadlarını,
Bütün gözəlliklərin adlarını, dadlarını,
Nakamların həyatlarını
Sevəndə, elə sevirəm ki...
Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Sevgi canından keçir...

***

İstəyirsən bütöv qal, istəyirsən xırdalan,
İstəyirsən dövrə vur, istəyirsən çalxalan.
İstəyirsən yaxana həsrətini iynələ,
Arzunun ilməsini ürəyinə düymələ.
İstəyirsən başına ayı tax papaq kimi,
Altına və üstünə yorğan at torpaq kimi.
İstəyirsən çal-oyna, canın riqqətə gəlsin,
Hər döngədən sola dön, sağın diqqətə gəlsin.
İstəyirsən hirsini kəs tulla arşın-arşın,
Yoxluğun gicgahına salam ver qurşun-qurşun.
İstəyirsən adını içindəki ada qaz,
Fitilinin sonunu daşa deyil, oda qaz.
İstəyirsən yığışdır hisslərini xurcuna,
Qazancını səpələ bir ömürlük borcuna.
İstəyirsən Tanrınla bir də ucal saflığa,
Hər tərəfdən nəfəs at çoxluğa və azlığa.
İstəyirsən bətninə ruhun əliylə su ver,
Dünyanın qucağına İlahi yavrusu ver.

***

... Yolundan çıxmısan və harasa getmisən...
Bilmədiyindən qaçıb bildiyinə çatmısan...
Adını nə qoyursansa qoy...
Görüntüsü görünməzlikdi...
Çox adı var bu gedişlərin...
Haqq dünyası da deyilir...
Allahın qucağı da...
Bizim üçün yoxluqdu...
Adam yox olur birdən-birə...
Var imiş və yox imiş...
Səsin artıq gülmür, canın ağrıya bölünmür...
Gözündə heç kim daha sürünmür...
Nəfəsin alınmır, ürəyin döyünmür...
Ruhun onsuz da heç kimə görünmürdü...
Yenə də görünmür...
...Telefonun da zəng çalır uzun-uzadı...
Cavabsız zənglər ağı deyir...
Qapın da, pəncərən də,
divarların da susur...
Əşyaların da səninçün ağlayır
kiminsə əllərində...
Mənzilində kimlərsə baş-başa verib danışır...
Evin havası tamam pozulub...
Tünlükdü otağın...
Beləcə hamıdan və hər şeydən
çəkilib-gedirlər...
İndi heç kim səndən küsmür...
Heç kim səni üzmür...
Kim nə deyirsə desin...
Vecinə deyil artıq...
Özündən çıxmısan və harasa getmisən...
Adını nə qoyuruqsa qoyaq...
Görüntüsü sənsizlikdi...
Bu dünyanda nə hesabın qalıb,
nə də hesabatın...
Çox adı var bu gedişlərin...
Biri də Azadlıqdı...
Həmişə Azadlıqda....

***

Xəyalımın qapısında
Gözüm gözünə tuş gəldi.
Elə baxdın, elə baxdın,
Ömrüm, ruhuma xoş gəldi.
Ürəyim göynəyib qaldı,
İçimi çeynəyib qaldı,
Qanım da qaynayıb qaldı,
Əlin əlimə boş gəldi.
Gözəl gülüşündən tutdum,
Təzə qəhərimdən uddum,
Nə var, nə yoxdu unutdum,
Yaşın üstünə yaş gəldi.
Dəli kimi rəqs elədim,
Həsrətimi güllələdim,
Xatirəni şillələdim,
Göydən başıma daş gəldi.
Olub-qalanıma dəydim,
Bir də nəfəsimi geydim,
Yenə gözlərimi döydüm,
Yayda üstümə qış gəldi.
Dua ağacına döndüm,
Yandım, közə düşdüm, söndüm,
Kül-kül oldum, yerə qondum,
Dənləməyə bir quş gəldi.
...Xatirəmin qapısında
Gözüm gözünə tuş gəldi.
Elə baxdın, elə baxdın,
Öldüm... Yanıma xoş gəldin...

***

Mənim adım Siqaretdi, hər dərdə qatılıram,
Bəzi adamlar kimiyəm, hamıya satılıram...
...Mən də torpaqdan yarpaqtək yetişib bütün oldum,
Ovuclarda sığallandım, quruyub tütün oldum.
Məni də ağa bələyib beşiklərə yığdılar,
Gözəl-gözəl adlar verib, üzü üstə yıxdılar.
Bağladılar əllərimi, ağzımı və dilimi,
Zərli bir kəmər ilə də sarıdılar belimi.
Gəmilərdə, qatarlarda, təyyarədə süzdüm mən,
Gizli-gizli, xəlvət-xəlvət sıxıntıya dözdüm mən.
Həm duruldum, həm bulandım yasaqların içində,
Azadlığı axtarırdım dustaqların içində.
Əldən əllərə də düşdüm, ciblərdə yerim oldu,
Bəzənib-düzənsəm belə, qəmdən xəbərim oldu.
Kimlərsə məni oynadıb, adımla lovğalandı,
Mənimlə şəkil çəkdirdi, şəkilə damğalandım.
İki barmaq arasında dodaqlarla öpüşdüm,
Bütün nəfəslərə qonub, ehtirasla görüşdüm.
Kimin içində nəyi var, nəyi yoxdu - bilirəm,
Mən ki, bütün adamların ciyərini görürəm.
Sinəmə dağlar çəkdilər, həvəsimə çatdılar,
Ömrümü heçə göndərib, kötüyümü atdılar.
Oduma odlar qarışıb, tüstüm göyə sovrulub,
Mənim külümün içində neçə canlar qovrulub...
...Mənim adım Siqaretdi, hər dada qatılıram,
Bəzi adamlar kimiyəm, hamıya satılıram...

***

Balıq qardaşım, balıq bacım...
Bir az söhbət edim sizinlə...
Söhbət əlacsızlığın əlacı...
Olsun şirin, olsun acı...
Sizin diliniz olsaydı,
Hansı dildə danışardınız?
Sudan diri çıxardınızmı?
Göydən yuxarı qalxıb,
Yerdən aşağı axardınızmı?..
Ayaqlarınız olsaydı,
Hara gedərdi niz daha çox?
Özünüzü hara çatdırardınız?
Əl atardınızmı ürəklilərin əlinə?
Qoşulardınızmı adamların selinə?..
Qanadlarınız olsaydı,
Uçmağa həvəs olardımı?
Yoxsa bir ağac budağında yuva salardınız?
Orda ölərdiniz Tanrı xəbər tutanacan?
Bəlkə yatardınız oyananacan?..
Səsiniz olsaydı əgər,
Susqunluqdan partlayan ilk söz nə olardı?
Axı Söz Tanrının əzəlidi...
Sözü səsə vurarkən və bölərkən,
Səsi sözə toplayıb,
Sözdən səsi çıxarkən,
Sonra sözsüz qalarkən,
Anlayardızmı ki, dənizin dibi,
Dünyanın dibinin ən gözəlidi?..
Sizin əlinizdə olsaydıq,
Yeyərdinizmi adamları?
Döyərdinizmi adamları?
Əyninizə geyərdinizmi adamları?
Söyərdinizmi adamları?..
Qızıl balıq dünyaya tor atardımı?
Qızıl Adam tapardımı?
Sonra onu satardımı?
Arzusuna çatardımı?..
Balıq qardaşım, balıq bacım...
Sudan quru çıxmaq çətin...
Canlıların arasından
Canı sulu çıxmaq çətin...
... Ömrü duru çıxmaq... Çətin...

***

Onsuz da gözün içinə
Hər gedən şəkil taxır.
Mənim üçün də yer saxla,
Şəkiləm əvvəl-axır.
Yığışdırma yaddaşını,
Necə var, elə qalsın.
Ürəyini yükə salma,
Asılmaq dilə qalsın.
Çoxluğa yol almasam da,
Tək aşıb-daşa bilim.
Mən yaşaya bilməsəm də,
Tə ki sən yaşa, bilim.

***

Bu ev də öz evin deyil,
Nə də ruhun sənindi...
Yuyub asaq ürəkləri,
Havalar da sərindi...

Tozunu, pasını silək
İçimizə çökənin...
Beynimizdən yaxalayaq
Yuxumuzu çəkənin...

Dilimizi fırçalayaq,
Söz təmizliyə çıxsın...
Əlləri salavatlayaq,
Müqəddəsliyə çıxsın...
Qobustan qoruğunda

 





21.09.2019    çap et  çap et