525.Az

Qobustan qoruğunda "Avropa irs günləri"


 

Qobustan qoruğunda "Avropa irs günləri" <b style="color:red"></b>

Sentyabrın 19-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda "Avropa irs günləri" layihəsinə həsr olunmuş ilk tədbir Qobustan Milli Tarix-Bədii Qoruğunda reallaşıb.

AZƏRTAC xəbər verir ki, qoruğun direktoru Vüqar İsayev çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa irs günləri" hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, "açıq qapı" günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Hər il Qobustana marağın daha da artdığını deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır.

Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən üz tuturlar: "Ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim tədbirlər təşkil olunur. Qoruq daima özünün təbliğatını aparır. Həmin tanıtım yönümlü işlərdən də biri, bu ilin oktyabrın 9-da UNESCO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə gerçəkləşəcək. Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq".

Tədbirdə çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycan mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması vacib olan xeyli sayda abidələr var.

Tədbirdə Avropa Birliyinin himni mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Buta" instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada təqdim olunub.

Sonra Xalq rəssamı Arif Hüseynovun təqdimatında uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. İştirakçılara sertifikatlar təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi - satış təşkil olunub.

Sonda "Kadr arxasında Qobustan" adlı mini-tur keçirilib. "Kadr arxasında Qobustan" turları ilə ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda- "kadr arxasında" qalan, "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Qanlı zəmi" və digər onlarla məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Yeni turların məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

 





22.09.2019    çap et  çap et