525.Az

Milli Musiqi Günündə konsertlər təşkil olunub


 

Milli Musiqi Günündə konsertlər təşkil olunub<b style="color:red"></b>

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" mövzusunda tədbir keçirilib.

Mərkəzin foyesində sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan "Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr" kitabı nümayiş edilib, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının ifasında musiqi nömrələri səsləndirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşr olunan kitabla tanış olub və ansamblın ifasını dinləyib.

Sonra böyük bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib. Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova və Anar Şuşalı, xanəndələrdən Rəvanə Qurbanova və Səbinə Ərəbli Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan" operalarından müxtəlif musiqi əsərlərini ifa ediblər. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi "Buta" instrumental ansamblı müşayiət edib.

Həmin gün Milli Musiqi Günü və dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə konsert proqramları da keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Fəvvarələr meydanında konsert proqramı ilə çıxış edib.

Azərbaycan Mədəniyyət Nazirliyinın dəstəyi və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim edilib.

Bayram əhval-ruhiyyəsində təşkil olunan tədbirdə dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də dünya klassiklərinin, müasir bəstəkarların musiqiləri səsləndirilib, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş olunub.

Qız Qalasının önündə təşkil olunan konsert isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Mədəniyyət" kanalının birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Üzeyir Hacıbəylinin və digər tanınmış bəstəkarların əsərləri Azərbaycan Televiziyası və Radiosunun solistləri, eyni zamanda, başqa sevilən müğənni və musiqiçilər tərəfindən ifa olunub.

Milli Musiqi Günü Ağcabədidə də təntənəli şəkildə qeyd olunub. Mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Sonra Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Milli Musiqi Günü münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində də tədbir keçirilib. İştirakçılar Ü.Hacıbəylinin İncəsənət məktəbinin qarşısında yerləşən abidəsi önünə tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad ediblər.

Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, mədəniyyət tariximizdə xüsusi yeri olan dahi bəstəkar, həm də musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim idi.

Bayram tədbirində dahi bəstəkarın "Arşın mal alan" operettasından və "O olmasın, bu olsun" musiqili komediyasından səhnələr göstərilib, mahnı və romanslar ifa olunub. Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində "Üzeyir Hacıbəyli günləri" sentyabrın sonunadək davam edəcək.

Şahanə MÜŞFİQ

 





22.09.2019    çap et  çap et